Ana Sayfa > Siyasət > Robert Koçaryan: “Əliyev Paşinyanı asanlıqla məğlub etdi”

Robert Koçaryan: “Əliyev Paşinyanı asanlıqla məğlub etdi”


4-03-2019, 17:05. Yazar: sevinc1
Robert Koçaryan: “Əliyev Paşinyanı asanlıqla məğlub etdi”


Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlardan uzaq qaçması olduqca şübhəlidir.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın həbsdə olan ikinci prezidenti Robert Koçaryan “168 jam” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, Paşinyan hansı bəhanələrlə maskalanmasına baxmayaraq, sözsüz ki, danışıqlar gedir.

“Amma şübhə doğuran danışıqların getməsi faktı yox, baş nazirin onlardan uzaqlaşmaq üçün göstərdiyi səylərdir. Ermənistan cəmiyyəti hakimiyyətin Qarabağ nizamlanması ilə bağlı mövqeyindən xəbərsizdir, çünki bu mövqe indiyədək hələ də səslənməyib və narahatlıq doğuran da məhz budur. Mövqe formalaşdırmadan necə uğurlu danışıqlar aparmaq olar axı?”.

Bu mənada Koçaryan bildirib ki, Ermənistan və Azərbaycan liderləri arasında indiyədək baş tutan qeyri-rəsmi görüşlərdə Əliyev Paşinyanı asanlıqla məğlub edib: “Düşənbədəki lift danışıqları təmas xəttində etimad tədbirlərinin gücləndirilməsi ilə bağlı bizim üçün sərfəli olan Vyana və Sankt-Peterburq razılaşmalarını faktiki torpağa basdırdı. Axı bu razılaşmalar 100-dən çox əsgərimizi itirdiyimiz aprel döyüşlərindən sonrakı “zəmanətimiz” idi. Baş nazirin bu cür davranışlarının bacarıqsızlıq, yaxud bilərəkdən edilmiş seçim olmasının önəmi yoxdur. Hər iki halda bu, böyük səhvdir. Ermənistan tərəfi bu davranışı ilə güzəştlərə hazır olması planında həm Azərbaycanda, həm də vasitəçilərdə yüksək gözləntilər yaratdı. Və buna görə də düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Minsk qrupunun növbəti təklifləri Ermənistan üçün yaxşı olmayacaq”.

“Sizin həbsiniz Qarabağla üzrə hansısa razılaşmaya hazırlıqla əlaqəli ola bilərmi?” sualına cavabında isə Koçaryan vurğulayıb ki, “bu cür hakimiyyətlə heç nəyi istisna etmək olmaz”.

Qeyd edək ki, rusiyalı politoloq Stanislav Tarasov 2019-cu ilin iyununda Paşinyanın Azərbaycan prezidenti İlham Əliyevlə Qarabağ üzrə saziş imzalayacağını və həmin sənədə əsasən, Ermənistan tərəfinin “güzəşt” olaraq işğal altındakı bir neçə rayonu geri qaytaracağını deyib. Tarasovun sözlərinə görə, bunun ardından Türkiyə parlamenti Ermənistanla protokollara yenidən baxacaq və onları təsdiqləyəcək, hətta iki ölkə arasında diplomatik münasibətlər bərpa ediləcək. Bununla da, Paşinyan Ermənistanı blokadadan çıxarmaq istiqamətində ciddi addım atmış olacaq.

aia.az
Geri dön