Ana Sayfa > Təhsil > SDU-da Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş “Xocalı yol gözləyir” adlı tədbir keçirildi

SDU-da Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş “Xocalı yol gözləyir” adlı tədbir keçirildi


26-02-2019, 16:46. Yazar: sevinc1
SDU-da Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş “Xocalı yol gözləyir” adlı tədbir keçirildi


Fevralın 26-da Sumqayıt Dövlət Universitetində Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş “Xocalı yol gözləyir” adlı tədbir keçirildi.

Əvvəlcə faciə qurbanlarının və bütövlükdə Vətən uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri universitetin rektoru professor Elxan Hüseynov açaraq Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar və işğalçı siyasətindən söz açdı. Bildirdi ki, erməni millətçi-şovinistləri tarixi tоrpaqlarımız hesabına “Böyük Ermənistan” yaratmaq məqsədilə zaman-zaman azərbaycanlılara qarşı qanlı cinayətlər törədib, sоydaşlarımızı qətlə yetirib, etnik təmizləmə aparıb, ərazilərimizin bir hissəsini işğal ediblər. Nəticədə dəfələrlə xalqımız ağır faciə və məşəqqətlərə məruz qalıb. Xalqın yaddaşında dərin iz buraxan, heç vaxt silinməsi mümkün olmayan, insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri də Xocalı soyqırımıdır. Misli görünməmiş vəhşiliklə həyata keçirilən, qəddarlığına və amansızlığına görə XX əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən 27 il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçmiş, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeritmiş, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar.Xocalı soyqırımını törətməklə Ermənistan Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirmiş, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal etmişdir. Torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır.

Rektor bu faciəyə obyektiv qiymət verilməsi istiqamətində ulu öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondunun fəaliyyətindən danışdı. Bildirdi ki, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində bu qanlı faciə ilə bağlı həqiqətlər dünya ictimaiyyətinə çatdırılır. Bu kampaniya yalnız beynəlxalq ictimaiyyəti Xocalı faciəsi barədə məlumatlandırmaq deyil, həm də dünyada oxşar hadisələrin başverməməsinə çağırış məqsədi daşıyır.

Tədbirdə Xocalı soyqırımının şahidi İradə Cəfərova çıxış edərək fevralın 25-dən 26-na keçən gecədə Ermənistan silahlı qüvvələrinin öz havadarları ilə birlikdə zirehli texnikalar vasitəsilə Xocalının dinc əhalisinə dəhşətli divan tutmasından danışdı. Bildirdi ki, Xocalıda elə günlər keçirmişik ki, sözlə ifadə etmək çox çətindir. Ermənilər kəndlərimizi atəşə tuturdu. Xocalıya raket atanda gah o tərəfə, gah da bu tərəfə qaçırdıq. Hər tərəf qar idi. Xocalı dörd bir tərəfdən erməni kəndləri ilə əhatə olunduğundan insanların yeganə çıxış yolu dağlara qalxmaq idi. Bunun üçün isə çaydan keçmək lazım idi. Həmin gecə neçə-neçə insan soyuqdan donub öldü. Beləcə atəş səsləri altında qarlı hava şəraitində dağa dırmaşaraq hərəkət etdik. 200 nəfərə yaxın dəstəmiz zülmdən xilas olunduq. Mən bugün acılarımı sizinlə paylaşmaq deyil, bu dəhşətli hadisəni gənclərimizə çatdırmaq üçün buraya gəlmişəm. İnanıram ki, biz tezliklə Xocalımıza qayıdacağıq. Qüdrətli dövlətimizin, müzəffər ordumuzun sayəsində o gün uzaqda deyil.

Sonra Muğam müsabiqəsinin laueratı Şəbnəm Faiq qızının ifasında “Qalmaz belə, qalmaz dünya” mahnısı səsləndirildi.

Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş “Xocalı yol gözləyir” adlı ədəbi-bədii kompozisiya nümayiş olundu.

aia.az






Geri dön