Ana Sayfa > Manşet / Ölkə / Seçilənlər-2 > Avtomobil yolları işçiləri peşə bayramlarını yüksək nailiyyətlərlə qeyd edirlər

Avtomobil yolları işçiləri peşə bayramlarını yüksək nailiyyətlərlə qeyd edirlər


19-02-2019, 12:20. Yazar: admin
Avtomobil yolları işçiləri peşə bayramlarını yüksək nailiyyətlərlə qeyd edirlər




“Giriş sözümdə qeyd etdiyim kimi, 15 ildə 15 min kilometr avtomobil yolu çəkilmişdir və bu proses davam etdirilir. Builki Dövlət İnvestisiya Proqramına əsasən yüzlərlə kəndin yolları abadlaşdırılacaq, o cümlədən magistral yolların tikintisi təmin ediləcək. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı yekun nitqindən



“Prezident İlham Əliyevin birbaşa dəstəyi və qayğısı nəticəsində son bir il ərzində yol infrastrukturunun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görülüb, respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələr həyata keçirilməklə bir sıra nailiyyətlər əldə edilib...” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun dövlət agentliyinin 2018-ci ilin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrin icrasına həsr olunan kollegiya iclasındakı çıxışından



Artıq 12 ildir ki, ölkəmizdə avtomobil yolları işçiləri Prezident İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncama uyğun olaraq, 22 fevral tarixini özlərinin peşə bayramı günü kimi qeyd edirlər. Bütün bu illər ərzində ölkəmizdə gedən sosial-iqtisadi inkişafa böyük töhfələr verməklə, avtomobil yolları işçiləri bu gün də Azərbaycanda yol infrastrukturunun formalaşmasında mühüm rol oynayırlar. İndi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri də məhz yol infrastrukturunun yenidən qurulmasıdır. Son illərdə Azərbaycanda aparılan uğurlu islahatlar yol-nəqliyyat sistemində, xüsusilə də avtomobil yolları ilə bağlı bir sıra irimiqyaslı layihələrin reallaşmasına səbəb olmuşdur. Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması, inkişafı, müasir tələblərə cavab verən magistral yolların inşası paytaxtda və bölgələrdə yeni avtomobil yollarının salınması, körpü və keçidlərin tikintisi ilə müşayiət olunur. Məhz Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin avtomobil yolları şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, bu proses rayon və kənd yollarını da əhatə edir.



Ölkə başçısının sədrliyi ilə 2018-ci il 10 yanvar tarixində keçirilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, Prezident İlham Əliyev 2018-ci ildə Avtomobil Yolları Dövlət Agentliyinin qarşısında ən azı 600 kəndi birləşdirəcək 2000 km-dən çox avtomobil yolu çəkilməsi kimi çox məsuliyyətli tapşırıq qoymuşdu. Demək lazımdır ki, bu mühüm tapşırıq bu gün artıq Dövlət Agentliyi tərəfindən uğurla yerinə yetirilib. Belə ki, 2018-ci il üçün tərtib edilmiş Tədbirlər Planına uyğun olaraq, respublikanın 54 rayonunda, Bakı və Sumqayıt şəhərində 90 layihə başa çatıb. Bura 10 respublika əhəmiyyətli, 64 kəndlərarası, 11 Bakı şəhərinin qəsəbələrarası və 2 ümumşəhər əhəmiyyətli avtomobil yolu layihələri, 2 körpü və bir avtomobil yolu tunelinin tikintisi işləri daxildir. Bu layihələr 2,2 milyon nəfər əhalinin yaşadığı 920 yaşayış məntəqəsini əhatə edən 2042,3 km uzunluğunda avtomobil yollarıdır. Yolların yenidən qurulması sərnişin və yük daşımasının yaxşılaşmasına, ən əsası isə həmin ərazilərdə kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxarır...



Xüsusi olaraq vurğulanmalıdır ki, Prezident bİlham Əliyev yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlərə xüsusi əhəmiyyət verərək bu sahədə həyata keçirilən tədbirlərin gedişi ilə şəxsən maraqlanır və təkcə ötən il ərzində tikintisi başa çatan layihələr də daxil olmaqla 40 dəfə avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma və tanışlıq mərasimlərində iştirak edərək, öz dəyərli tövsiyə və tapşırıqlarını verib. O cümlədən, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edən Ələt-Astara-İran İslam Respublikası ilə Dövlət sərhədi yeni avtomobil yolunun açılışı ötən il ən yadda qalan hadisələrdən biri oldu. 2018-ci ilin sentyabr ayının 18-də möhtərəm cənab Prezidentin iştirakı ilə tikintisi başa çatan və uzunluğu 202 km olan Ələt-Astara-İran İslam Respublikası ilə Dövlət sərhədi avtomobil yolunun açılış mərasimi keçirilib. Magistral yol Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edir və yolun tikintisi bu bölgədə turizmin, kənd təsərrüfatının inkişafına və beynəlxalq yükdaşımaların həcminin artmasına müsbət təsir göstərəcək. Hazırda yeni magistral avtomobil yolunun 170 km-lik hissəsinin ödənişli olması ilə bağlı müvafiq işlər həyata keçirilir.



Əhalinin və nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ötən il 33 körpü, 29 yol ötürücüsü, 4 tunel tikilərək istifadəyə verilib, maddi-texniki bazanı gücləndirmək məqsədilə 221 adda maşın və mexanizmlər alınıb. Aparılmış kompleks tədirlər çərçivəsində birinci texniki dərəcəli avtomobil yollarının uzunluğu 2015-ci ildə 461 km təşkil edirdisə, bu gün 448.5 km artaraq 909,5 km olub. Bu il isə, ilkin mərhələdə ümumi uzunluğu min km-dən artıq olan 43 rayon üzrə rayon və qəsəbədaxili, kənd və qəsəbələrarası avtomobil yollarını əhatə edən 50 yol infrastrukturu layihəsi icra olunacaq. Bundan başqa respublika əhəmiyyətli və magistral yolların da tikintisi aparılacaq. Maddi-texniki bazanın gücləndirilməsi məqsədi ilə əlavə 270 adda yeni maşın və mexanızmin alınması da nəzərdə tutulub...



Tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında mühüm əhəmiyyətə malik olan daha bir yol Mingəçevir-Bəhramtəpə avtomobil yolu hesab olunur ki, Oktyabr ayının 22-də Möhtərəm cənab Prezidentin iştirakı ilə sözügedən yolun 112 km-lik Qarağacı-Bəhramtəpə hissəsinin də açılışı ötən ilin yol infrastrukturu sahəsində ən mühüm hadisələrindən biri oldu. Mingəçevir-Bəhramtəpə avtomobil yolu respublikamızın regionları, o cümlədən Yevlax, Bərdə, Beyləqan rayonları arasında iqtisadi əlaqələrin, həmçinin turizmin və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bu xüsusiyyətlərlə yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini əlaqələndirən bir magistral olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.

Beləliklə Azərbaycanda yol infratsrukturunun təkmilləşdirilməsi, yeni körpülərin və yolayrıcılarının tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından da mühüm əhəmiyyət kəsb edir.
Məhz bunun məntiqi nəticəsidir ki, Azərbaycan bu gün yol infrastrukturunun keyfiyyətinə görə bir çox inkişaf etmiş ölkələri qabaqlayır.




Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollegiya iclasındakı çıxışında İdarə Heyətinin sədri Saleh Məmmədov prezident İlham Əliyevin regionlarda nəzərdə tutulan bütün infrastruktur layihələrin icra edilməsinin, insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən turizmin və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq kənd və qəsəbələrarası, qəsəbədaxili avtomobil yollarının tikintisinin vacibliyi barədə səsləndirdiyi tövsiyyə və tapşırıqlarına əsasən 2019-ci ildə də bu istiqamətdə genişmiqyaslı işlərin aparılacağını qeyd edib.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Geri dön