Ana Sayfa > Gündəm / Manşet / Karusel > İcra başçısı öz adına MMC açıb, qarət pullarını ora toplayır - İlginc iddialar

İcra başçısı öz adına MMC açıb, qarət pullarını ora toplayır - İlginc iddialar


7-01-2016, 12:47. Yazar: admin
İcra başçısı öz adına MMC açıb, qarət pullarını ora toplayır - İlginc iddialar
İcra başçısı öz adına MMC açıb, qarət pullarını ora toplayır
Bu dəfəki məlumatlar isə, Qobustan Rayon İcra Hakimiyyəti rəhbərliyinin yarıtmaz fəaliyyəti, eləcə də şəxsən RİH başçısı Adil Məmmədovun rəvac verdiyi konkret maxinasiyalar barədədir. Qeyd edək ki, Adil Məmmədov 1994-2002-ci illərdə Oğuz, 2002-2004-cü illərdə Qəbələ, 2004-2011-ci illərdə Biləsuvar rayonu İcra hakimiyyətinin başçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 aprel 2011-ci il tarixli, 1471 nömrəli sərəncamı ilə Qobustan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. Məlumatları redaksiyamıza təqdim edən mənbə bildirir ki, hal-hazırda rayonda qızğın müzakirələrə səbəb olmuş bu maxinasiyalar əsasən üç istiqamətdə reallaşmaqdadır. İlk növbədə, mənbə “Adil” MMC-nin fəaliyyətini diqqət mərkəzinə çəkir. Bu xüsusda açıqlamada bildirilir ki, Masallı rayonunda dövlət qeydiyyatından keçmiş bu şirkət birbaşa Qobustan RİH-nin başçısı Adil Məmmədova məxsusdur. Həmin şirkətin vasitəsilə, il ərzində Qobustan rayonunda yerləşən bütün dövlət qurum və müəssisələrinə, eləcə də bələdiyyə orqanlarına avadanlıq və ləvazimatların alınması üçün ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi həyata keçirilir. Bu məqsədlə, ayrılan vəsaitlər “Adil” MMC-nin bank hesabına köçürülür. Sonra isə həmin pullar nağdlaşdırılaraq, hesabdan çıxarılır. Bu zaman vəsaitlərin cəmi 70%-i tələb olunan inventarların alınmasına sərf olunur. Qalan 30% isə, bilavasitə Adil Məmmədov tərəfindən mənimsənilir.
Açıqlamalarda Qobustan RİH-nin rəhbərliyi tərəfindən törədildiyi iddia olunan maxinasiyalardan ikincisi Mehdi Hüseynzadə adına sovxozun ərazisi ilə bağlıdır. Mənbə bildirir ki, sovxozun balansında kənd təsərrüfatı ilə məşğul olmaq üçün yararlı olan 800 hektar ərazi vardır. Lakin, başçı Adil Məmmədov və sovxozun direktoru Zümrüd Şərifova öz aralarında razılığa gələrək, Dövlət Reyestr Xidmətində həmin ərazini qeydiyyata alarkən, onun sahəsini cəmi 500 hektar göstəriblər. Qalan 300 hektar isə, Kənd Təsərrüfatı Nazirliyindən “gizlədilərək”, bu iki məmurun şəxsi mənafeyləri üçün istifadə olunmaqdadır. Yeri gəlmişkən, mənbə Adil Məmmədov və Zümrüd Şərifova arasında ilişiklərin təkcə “işgüzar” xarakterli olmadığını da vurğulayır. Hətta yeni il ərəfəsində Ukraynaya birgə səfər də etdikləri rayonda çoxlarına məlumdur. Həmçinin mənbə məhz bu münasibətlərin aşkar təzahürü kimi, bir müddət əvvəl Zümrüd Şərifovanın qardaşı Mehmanla bağlı baş vermiş insidentdə icra başçısının rolunu da diqqət mərkəzinə çəkir. Bildirilir ki, hələ iki ay bundan öncə, Mehman Şərifov öz həyat yoldaşı Sevinc Kərimovanı qəddarcasına döyərək, ona ağır xəsarətlər yetirmişdir. Nəticədə digər xəsarətlərlə yanaşı, qabırğa sınması diaqnozu ilə də Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmiş Sevinc Kərimova polisə müraciət etmişdir. Lakin məhz bu məqamda işə Adil Məmmədov qarışaraq, Qobustan RPŞ-nin rəisinə təzyiq göstərmiş və cinayət işinin açılmamasını təmin etmişdir. Qeyd edək ki, bizdə olan məlumata görə, hazırda Sevinc Kərimova keçmiş həyat yoldaşından ayrılaraq Bakıda yaşayır.
Nəhayət, aldığımız məlumatlarda Adil Məmmədovun rəvac verdiyi maxinasiyalardan üçüncüsü kimi də “Polad-İnşaat” şirkətinin rayondakı fəaliyyəti ilə bağlı qanun pozuntuları diqqət mərkəzinə gətirilir. Mənbə bildirir ki, türkiyəli iş adamı Polad Cəmilin rəhbərlik etdiyi bu şirkət hazırda Qobustan ərazisində yol çəkilişi işlərilə məşğuldur. Bu məqsədlə də hazırda şirkət rayonun dörd müxtəlif ərazisindən: Cəngi, Ceyrankeçməz, Diri Baba türbəsinin arxası və Pirsaat çayının üzərindəki çınqıl karxanasından torpaq daşınması həyata keçirir. Məlumdur ki, bu torpaq daşınmaları yerli bələdiyyələrlə müqavilələr bağlanmaqla, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyləri əsasında həyata keçirilməlidir. Həmçinin Torpaq haqqında qanuna görə, torpağın daşınaraq satılması kateqoriyalara görə konkret müəyyən olunan qiymətlərlə tənzimlənməlidir. Baxılan halda, göstərilən ərazilərdən daşınan torpağın hər bir kub.metrinə görə yerli bələdiyyə orqanının hesabına 50 qəpik ödənilməlidir. Mənbə bildirir ki, göstərilən ərazilərdən torpaq iri tutumlu “Shacman” yük maşınları ilə, hər gün 250-300 reys olmaqla daşınır. Hər maşının tutumu isə 60-70 kub.metrdir. Beləliklə, gün ərzində daşınan torpağın ümumi qiyməti təxminən 8-10 min manat civarında olsa da, indiyədək yerli bələdiyyələrdən yalnız birinin hesabına, həm də cəmi 1 min manat pul ödənilib. İddia olunur ki, “Polad-İnşaat” şirkətinin həyata keçirdiyi torpaq daşımalarına görə ödənilən pullar da məhz başçı tərəfindən mənimsənilir.
Göründüyü kimi, Qobustan RİH-nin başçısı Adil Məmmədova qarşı irəli sürülmüş ittihamlar kifayət qədər əsaslı və ciddidir. Həm də dünyanı bürümüş qlobal iqtisadi böhranın öz təsirlərini artıq ölkəmizə də göstərməyə başladığı bir vaxtda, dövlət məmurunun bu kimi mənimsəmələrə rəvac verməsi tamamilə yolverilməz bir haldır.
Geri dön