Ana Sayfa > Ölkə > “Məmurlar hədsiz sayda xidməti maşınlar götürüb” - Deputat və ekspertdən maraqlı AÇIQLAMALAR

“Məmurlar hədsiz sayda xidməti maşınlar götürüb” - Deputat və ekspertdən maraqlı AÇIQLAMALAR


28-01-2019, 14:51. Yazar: sevinc1
“Məmurlar hədsiz sayda xidməti maşınlar götürüb” - Deputat və ekspertdən maraqlı AÇIQLAMALAR





Ölkə başçısının 17 yanvar 2018-ci ildə imzaladığı fərmanla Azərbaycanda bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Fərmanla xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısı Azərbaycan Prezidenti ilə razılaşdırılacaq.



Həmçinin, siyahıdan kənarda qalan vəzifələrdə işləyən şəxslərə xidmət edən xidməti nəqliyyat vasitələrinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balanslarından çıxarılaraq özəlləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməlidir.



Azərbaycanda bir çox dövlət qurumlarında xidmətə verilən avtomobillərin təyinatı üzrə istifadə olunmadığı isə heç kimə sirr deyil.


Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Modern.az-a bildirib ki, fərman dövlət idarəetmə sistemində həyata keçirilən genişmiqyaslı tədbirlərin tərkib hissəsidir:

“Bu, bürokratik əngəllərin aradan qaldırılması, əhalinin 100 min nəfərinə düşən məmur sayının rasionallaşdırılması, bir-birini təkrar edən strukturlardan yaxa qurtarılması, eyni zamanda vətəndaşa xidmət edən qurumların ümumi sayının azaldılması, məsuliyyətin dərinləşdirilməsi deməkdir. Belə olan təqdirdə 2019-cu ildə həmin sahələr üzrə büdcə vəsaitlərinin mühüm hissəsinin qorunub saxlanması baş verəcək. İslahatlar nəticəsində öz işilə vidalaşmış insanlar olacaq ki, onların bəzilərini qeyd edilən strukturlarda yerləşdirmək lazım gələcək. Dövlət elə mexanizmlər işə salmalıdır ki, yerdə qalanlar mütləq alternativlər tapa bilsinlər. Müxtəlif imtiyazlara layiq görülən strukturlarla bağlı Nazirlər Kabinetinin təlimatları mövcuddur. Dəqiqliyilə hansı ölkələrin təcrübəsinə üstünlük veriləcəyi təhlil olunmalıdır. Məmurların konkret siyahı üzrə xidməti nəqliyyat vasitəsilə təmin olunması və onun konkret növü, maliyyə kvotası müəyyənləşdirilməlidir”.




Nazir müavinlərinin ixtiyarında neçə-neçə maşınlar var...



Z.Orucun sözlərinə görə, bir müddət əvvəl xidməti avtomobillərlə bağlı nəzarət güclənsə də, sonradan səngiyib:


“Xatırlayırsınızsa, bir müddət əvvəl dövlət qurumlarına daha çox yerli istehsal avtomobillərinin alınması tələbi qoyulmuşdu. Sanki ictimai nəzarət və monitorinqlər zəiflədiyindən əvvəlki tendensiya davam edir və bir maşının o strukturda çalışan şəxslər üçün xidmət müddəti, onun amartizasiya xərcləri, digər tariflərin şəffalığına heç kəs əmin ola bilmir. Bilirsiniz, cansız texnika dil açıb deyə bilmir ki, hansı şöbə müdiri, hansı nazir müavini özünün arsenalında nə qədər maşın saxlayıb, onun məsrfələri nədən ibarət olub. Ona görə də bu məsələ ilə bağlı birdəfəlik çözüm tapılmalıdır. Hesab edirəm ki, parlament qarşıdakı dövrdə hökumətlə birgə nəqliyyat vasitələrilə bağlı məsələyə tam olaraq aydınlıq gətirməlidir.

Ölkə rəhbərinin qərarı verilib. Qeyd olunan avtomobillərin bir hissəsi dövlət əmlakının idarəedilməsi üzrə müvafiq komitə tərəfindən hərraclara çıxarılaraq satılacaq. Əldə edilən vəsait büdcəyə yönəldiləcək. Məsələ onun miqdarında, ölçüsündə, çəkisində deyil. Ümumilikdə bu prosesi şəffaflaşdırmaq lazımdır.

Mənə görə yalnız məhdud sayda insanlar üçün xidməti maşın saxlamaq lazımdır. Hətta xidməti maşın ayrılacaq şəxsin özünə də sərt yanaşmalar tətbiq edilməlidir. Nəqliyyat vasitələri, onun xərcləri, yanacaqla təminatı büdcə vəsaiti hesabına ödənilir. Yəni bir çox hallarda xidməti maşının şəxsi maşın kimi istifadəsinin qarşısını almaq üçün maddi ekvivalent yaradılmalıdır. Siyahıya daxil olan vəzifələrdə sıra sayını qat-qat azaltmaq lazımdır. Həmçinin, şəffalıq üçün hesabatlar açıq olmalıdır”.




Tanınmış iqtisadçı Rövşən Ağayev Modern.az-a deyib ki, dövlət qurumlarında xidməti avtomobillərin sayının optimallaşdırılması çox doğru addımdır:


“Hətta mən təklif etmişdim ki, xidməti avtomobillərlə yanaşı, şəxsi avtomobillər də nəzarətə götürülsün. Bu məsələ 2005-ci ildə qəbul olunmuş “Məmurların gəlir deklorasiyası haqqında” Qanunda da öz əksini tapıb.

Ümumiyyətlə bu addım çoxdan atılmalı idi. Ən azı son ildə bizim təşkilatın ekspertləri dəfələrlə xidməti avtomobillərin alınması ilə bağlı məhdudlaşdırıcı addımların atılmasının zəruri olduğunu açıqlayırdılar.

Əsas təkliflərdən biri məmurların avtomobilləri üçün yuxarı həddin müəyyənləşdirilməsilə bağlıdır. Məsələn, qonşu Gürcüstanda məmurlar hətta Saakaşvilinin vaxtında 15 min avro dəyərindən yuxarı maşın minə bilmirdilər. 2008-2009-cu illərdə satınalmaların şəffaflığı ilə bağlı layihə çərçivəsində məmur maşınlarının monitorinqini aparmışdıq. Təəssüf ki, informasiya qapalı olduğu üçün faktlar açıqlanmadı.

Ümumiyyətlə, hökumət qurumlarının malik olduğu aktivlər internet resurslarında açıq olmalıdır. Hansı nazirliyin neçə avtomobili var, o nazirlikdə hansı şəxslər xidməti avtomobil minmək hüququna malikdir, hansı marka maşınlardır və s. Bütün bunlar icitimaiyyət üçün açıq olmalıdır. Üstəlik hər dəfə bu maşınların alınması üçün keçirilən tenderlər açıq keçirilməlidir. İndiyədək bunların hamısı olmalı idi, amma olmayıb. Əmin olun ki, bunlar gerçəkləşmiş, şəffaflıq təmin edilmiş olsaydı, ölkə Prezidentinin bu fərmanı da ortaya çıxmayacaqdı. Çünki ictimai nəzarət, media və vətəndaş cəmiyyəti bu problemi həll edəcəkdi. Nəticədə nazirlikdlər, komitələr çəkinəcəkdi, 10-15 pozisiya üzrə məmurları xidməti avtomobillə təmin etməyə ehtiyac qalmayacaqdı”.



“Prezidentin fərmanından görünür ki...”


R.Ağayevin sözlərinə görə, ən vacib vəzifə sahibləri xidməti avtomobillərlə təmin edilməlidir:

“Ən vacib vəzifə sahibləri, nazirlər, nazir müavinləri, hansı ki, dünyada da xidməti avtomobillərlə təmin olunur, bizdə də bu vəzifə sahiblərinə xidməti avtomobil verilməlidir.

Prezidentin fərmanından aydın olur ki, bu sahədə ciddi problemlər var və məmurlar hədsiz sayda xidməti avtomobillərlə təmin olunub. Məhz bu səbəbdən ölkə başçısı məsələni şəxsi nəzarətinə götürüb. Fərmanda qeyd olunub ki, siyahı Prezidentlə razılaşdırılmalıdır.

Bizim əlimizdə faktlar olmasa da, Prezidentin bu məsələyə diqqəti, ayrı-ayrı dövlət qurumlarının istifadəsində böyük sayda xidməti avtomobillərin olmasından xəbər verir. Yəni bir nazirliyin, agentliyin, komitənin xidmətində həddən artıq avtomobillər var. Görünür, araşdırmalardan sonra bu fərmana ehtiyac yaranıb.

Bu gün biz konkret olaraq deyə bilmərik ki, ən çox və bahalı avtomobil filan nazirliyin əməkdaşlarının xidmətindədir.

Ümumiyyətlə, ictimai nəzarət funksiyasının yerinə yetirilməsi üçün imkanlar yaradılmadığına, dövlət qurumları şəffaflığa meylli olmadıqlarına görə bugünkü müşahidə olunanlar baş verir”.




“Hər ilin sonunda hesab verilməlidir”



R.Ağayevq eyd edib ki, ilkin olaraq siyahı ictimaiyyətə açıq olmalıdır:

“Prezident fərman verib və siyahını onun la razılaşdıracaqlar. Biz bu sahədə şəffaflıq istəyiriksə, siyahı açıq olmalıdır. Kimlərin, hansı vəzifə sahiblərinin avtomobil minmək hüququ varsa, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş siyahısı yaradılmalıdır. Ümumi qayda olacaq və hər bir nazirlik özü, kimlərin xidməti avtomobillə təmin olunmasını müəyyən edəcəksə, o siyahı da açıqlanmalıdır. Xidməti avtomobillərin təminatı ilə bağlı qaydalar, meyarlar müəyyənləşdirilməlidir. Yəni hamı bilməlidir ki, hansı kreslo sahibi, hansı vəzifə sahibinin xidməti avtomobillə təminatı mütləqdir.

İkinci vacib məsələ, hər bir nazirlik, komitə, agentlik hansılar ki, əməkdaşlarını xidməti avtomobillə təmin edir, hər ilin sonunda öz xidməti avtomobil parkını açıqlamalıdır. Hər kəs-sadə vətəndaş, jurnalist, vətəndaş cəmiyyətinin nümayəndələri asanlıqla bu qurumların xidməti avtomobil parkı barədə məlumat ətməlidir. Söhbət kiminsə adından yox, vəzifəsindən gedir”.


Prezident hamıya tək-tək nəzarət edə bilməz



Ekspert hər bir nazirliyin rəsmi saytında satınalamalar bölməsinin yaradılmasını təklif edib:

“Tenderlər açıq olmalıdır. Hər bir nazirliyin rəsmi saytında satınalmalar bölməsi yaradılmalıdır. O bölmədə nazirliyin xəttilə keçirilən bütün tenderlər açıqlanmalıdır. Hazırda Satınalmalar Agentliyinin saytında məlumatlar çox ümumi və mürəkkəb şəkildə verilir. Lazım olan məlumatlar ya yoxdur, varsa belə onları tapmaq olduqca çətindir. Məsələn bir çox ölkələrdə, o cümlədən də Qazaxıstanda bu təcrübə var. Hər bir nazirliyin saytında keçirilən tenderlər, udan şirkətlər, avtomobillər, onların markası və qiyməti öz əksini tapır. Bizdə də belə təcrübə yaranacaqsa, şəffaflıq təmin olunacaq. Yox, elə əvvəlki kimi qapalılıq hökm sürəcəksə, dəyişən nəsə olmayacaq, hətta Prezident onları şəxsi nəzarətinə götürsə belə. Çünki bir nəfərin bütün prosesləri nəzarətdə saxlaması mümkünsüzdür. Qaydaları kağız üzərində qəbul edib 6 aydan sonra yaddan çıxaracaqlarsa, ictimai nəzarət olmayacaqsa, bu sahədə hansısa dəyişikliyin olacağına ümid etmirəm”.




“Yol polisinin ixtiyarında 4-5 avtomobil markası var”



R.Ağayev birtipli avtomobil markalarına üstünlük verilməsinin də vacibliyini vurğulayıb:

“Yaxşı olar ki, qiymət həddi müəyyən olunsun, həm də unifikasiya olunmuş sistem yaradılsın. Həmçinin, dövlət qurumlarında bir neçə avtomobil markası, məsələn BMW, “Mercedec, “Khazar” avtomobili seçilsin və onlardan istifadə olunsun. Qeyd etdiyim siyahı təxminidir, yəni lap digər avtomobil markaları olsun. Bu vahidlilik baxımından olduqca vacibdir.

Məslən, indi bizdə yol polisinin xidmətində ən azı 4-5 avtomobil markası var. Amma bütün dünyada yol polisi birtipli avtomobil markasından istifadə edir. Yaxşı olar ki, birtipli avtomobil məsələsi də gündəmdə olsun”.


aia.az
Geri dön