Ana Sayfa > Manşet / Siyasət > İlham Əliyev Nikol Paşinyana vacib mesajları çatdırıb - Danışıqların gələcək konturları cızılır / RƏY

İlham Əliyev Nikol Paşinyana vacib mesajları çatdırıb - Danışıqların gələcək konturları cızılır / RƏY


23-01-2019, 12:43. Yazar: sevinc1
İlham Əliyev Nikol Paşinyana vacib mesajları çatdırıb - Danışıqların gələcək konturları cızılır / RƏY


"Prezident İlham Əliyevin mütəmadi olaraq Davos İqtisadi Forumunda iştirakı Azərbaycan üçün faydalıdır".

Bunu BakuPost-a açıqlamasında Prezident İlham Əliyevin Davosda İqtisadi Forumu çərçivəsində keçirilən tədbirlərdə iştirakı və keçirdiyi görüşləri dəyərləndirən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

E. Şahinoğlu deyib ki, dövlət başçısı Davos İqtisadi Forumunda panellərdə və konfranslarda çıxış edir, Azərbaycan haqqında məlumat verir. Çünki Forumda dünyanın böyük şirkətlərinin rəhbərləri də iştirak edir: "İkincisi, həmin şirkətlərin rəhbərləri ayrıca görüşür, Azərbaycanın investisiya imkanları barədə müzakirələr aparır. Dəfələrlə olub ki, Davos İqtisadi Forumunda prezident hansısa şirkətin rəhbəri ilə görüşüb, sonra həmin şirkətlərin rəhbərləri Bakıya gəlib, fikir mübadiləsini davam etdiriblər. Hətta sonra Azərbaycana investisiya qoymaq barədə qərarlar qəbul ediblər. Digər tərəfdən, bu, iqtisadi forum olsa da, siyasi məsələlər də müzakirə olunur. Bu müstəvidən istifadə edən Azərbaycan Prezidenti ölkənin əsas problemi olan Dağlıq Qarabağ məsələsini də ortaya qoyur, Ermənistanın Azərbaycana təcavüzü barədə məlumat verir, fikir mübadiləsi aparır”.



"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri dünən axşam saatlarında Azərbaycan prezidenti ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüş barədə də fikirlərini bildirib: "Bu, Azərbaycan Prezidentinin Ermənistan baş naziri ilə ikinci görüşüdür. İlk görüş keçən il MDB dövlət başçılarının toplantısı çərçivəsində keçirilmişdi. O zaman əslində, Azərbaycan Prezidenti Nikol Paşinyana bir şans vermişdi. Nikol Paşinyan o zaman Qarabağ danışıqlarına hazır deyildi, onu əsas düşündürən seçkilərdə qələbə qazanmaq idi. Düşənbə görüşündən sonra atəşkəsə riayət olunurdu, indi də digər illərlə müqayisədə cəbhədə atəşkəsin ciddi pozulması halları yoxdur. Belə bir şəraitdə Nikol Paşinyan parlament seçkilərini keçirdi, seçkilərdə qələbə qazanaraq zəif baş nazirdən güclü baş nazirə çevrildi. Çünki seçkidən əvvəl parlamentdə Qarabağ klanı güclü idi. İndi Nikol Paşinyan problemlərdən qurtulub, demək, Davos görüşü keyfiyyətcə Düşənbə görüşündən fərqlənməli idi. Nikol Paşinyana verdiyimiz limit də bitib. Yəni bu il ərzində Nikil Paşinyan müəyyən addımlar atmalıdır. Düşünürəm ki, Prezident İlham Əliyev Nikol Paşinyana bu mesajları çatdırıb".

Politoloq Qabil Hüseynli bildirib ki, Davos İqtisadi Forumu dünya iqtisadiyyatının yöbləndirlməsində kifayət qədər böyük rol oynayır: "Davos İqtisadi Forumu iqtisadi layihələri özündə ehtiva edən böyük bir ideya platformasıdır, inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında iqtisadiyyatın inkişaf etdirilməsi ilə bağlı ciddi tezislər, konseptual planlar hazırlayır. Beləliklə də, dünyanın iqtisadi böhrana doğru getməsinin qarşısının alınmasına böyük fayda verir. Azərbaycan uzun illərdir ki, bu Forumda iştirak edir, həm özünün inkişaf təcrübəsini yayır, həm də inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanmağa çalışır. Artıq Azərbaycanın Davosda sayılan bir tərəfdaş kimi böyük hörməti var. Dünyada belə bir fikir var ki, dünya iqtisadiyyatı çox da uzaq olmayan bir dövrdə daha gərgin, daha dəhşətli ümumi bir böhranla qarşılaşa bilər, bu böhranda dünya iqtisadiyyatının inkişafına ciddi əngəllər yarada bilər. Ona görə də hər il Davos İqtisadi Forumunda alimlər, iqtisadçılar, siyasətçilər toplaşaraq dünya iqtisadiyyatının konseptual inkişaf xəttini cızır və əldə olunan nəticələri iştirakçı dövlətlər arasında paylaşmağa səy göstərir”.


Q. Hüseynli də qeyd edib ki, Azərbaycan Prezidentinin Davosa səfəri çox əhəmiyyətlidir: "Çünki Azərbaycan öncəki dövrlərlə müqayisədə hazırda daha inkişaf etmiş iqtisadiyyata malik bir ölkə kimi Davos İqtisadi Forumunda bir çox sahələrdə, xüsusən də böyük layihələrin, həm yol-nəqliyyat, həm də neft-qaz kəmərlərinin çəkilişi üzrə böyük layihələr sahəsində topladığı təcrübəni dünya ilə bölüşə bilər və bölüşməkdədir. Özü də bu Forumda Azərbaycan özü üçün faydalı ideyaları əxz edir, rəhbərlik bu təcrübələri ölkənin inkişafında tətbiq edir”.

Politoloq nəzərə çatdırıb ki, Davosda iqtisadi problemlərlə yanaşı siyasi məsələlərin müzakirə edilməsi də vacib stiqamətdir: "Çünki dövlət başçıları görüşür, qarşılıqlı iqtisadi layihələrin və bir sıra iqtisadi xarakterli sövdələşmələrin imzalanmasına nail olurlar. Forum çərçivəsində Prezident İlham Əliyev bir sıra iri şirkətlərin nümayəndələri ilə görüşüb. Məsələn, İlham Əliyev Rusiyanın neft-qaz sahəsində ikinci böyük şirkəti olan "Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla da görüşdü. Yəqin ki, bu görüş neft sahəsində əməkdaşlığın mühüm problemlərinə həsr edildi”.

Q. Hüseynli Davosda Prezident İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla görüşünə də diqqət çəkib: "Doğrudur, bu, rəsmi, qabaqcadan planlaşdırılmış bir görüş deyil. Sadəcə, Davos İqtisadi Forumu çərçivəsində belə görüşlər tez-tez olur. Bu səbəbdən də inanıram ki, məhz Nikol Paşinyanın təşəbbüsü ilə belə görüşün baş tutması mümkün olub. Hazırda Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların yenidən başlanması ilə əlaqədar məsələlərdə ciddi təzyiqlə üz-üzədir. Bu təzyiqlərin bir qolunu beynəlxalq ictimaiyyətin, iri dövlətlərin basqısı şəklində özünü göstərir. Həmçinin Ermənistanda həm də daxili amil, seçkilərdə Nokol Paşinyana səs vermiş, yaxud ona hələ də ümidlə baxan elektorat bazanın da basqısı var. Bu təzyiq çox zaman Paşinyanın təşəbbüskar bir formada çıxış etməsinə mane olur, proseslərin rəvan getməsi yönündə ciddi əngəllər yaradır. Qarabağ münaqişəsi ilə bağlı qısa müddətli görüş keçirilsə də, hər halda tərəflər Sankt-Peterburq və Düşənbədəki əvvəlki ayaqüstü görüşlərdən fərqli olaraq, elə Davosdaca razılaşdırılmış bir mühitdə görüş keçirdilər. Mənim fikrimcə, bu görüşdə tərəflərin mövqeləri haqqında daha yığcam fikir əldə etmək mümkün olub, tərəflər bir-birlərinə öz fikirlərinə çatdırıblar. Bu, hər iki tərəfə çox lazımdır. Bizim üçün önəmli olan odur ki, Ermənistan danışıqlardakı qeyri-konstruktiv mövqeyindən əl çəksin, danışıqlarda konstruktiv və faydalı bir mövqeyə gəlsin. Nikol Paşinyana isə bu görüş ona görə lazımdır ki, nəbz yoxlaması həyata keçirir. Bu nəbz yoxlaması çərçivəsində Azərbaycanın mövqeyi ilə bağlı məsələni bir daha dəqiqləşdirməyə nail olur. Bir var ki, hər hansı üçüncü qüvvənin təqdimatı, yaxud hər hansı bir formada informasiya alasan, bir də var ki, təkbətək görüşdə informasiyanı tərəfin özündən alasan. Bu mənada görüş zəruri idi. Çünki iki ölkənin xarici işlər nazirlərinin görüşündə optimist notlar səslənsə də, danışıqlar prosesini irəlilədəcək məsələlərin müzakirəsi hələ ki, baş tutmamaqdadır. Hələ ki, danışıqlar prosesinin ümumi əsasını müəyyən edəcək fikirlər, konsepsiyalar ortada yoxdur. Amma belə görüşlər ən azından nəbz yoxlamaq, tərəflər, xüsusən Azərbaycan prezidenti və Ermənistan baş naziri arasında buzların əriməsində müəyyən rol oynaya bilər. Ən vacibi odur ki, Paşinyan kimi siyasətdə o qədər də təcrübəsi olmayan adam üçün belə görüşün əhəmiyyəti böyükdür. Gələcəkdə bu, həm də tərəflər arasında qarşılıqlı etimad mühitinin formalaşması baxımından da mühüm rol oynaya bilər. Belə görüşdə tərəflər bir-birini daha çox tanımağa nail olur, tərəflərin nöqteyi-nəzərlərindəki müəyyən nüanslar ortaya çıxır. Beləliklə də, bu nüanslar hesabına danışıqların gələcək konturları bir növ cızılmış olur”.


aia.az
Geri dön