Ana Sayfa > Media > Yaşaya bilmədik bir yuvada biz

Yaşaya bilmədik bir yuvada biz


18-01-2019, 11:11. Yazar: sevinc1
Yaşaya bilmədik bir yuvada biz


Yaşaya bilmədik bir yuvada biz

Titrədir ruhumu, üşüdür hicran,
Yaşaya bilmədik bir yuvada biz.
Yoxdu can evimdə deyə mənə can,
Yaşaya bilmədik bir yuvada biz.

Görəsən biz niyə bu günə qaldıq?
Yarpaqtək saraldıq, gül kimi solduq.
Bəlkə də nəzərin qurbanı olduq,
Yaşaya bilmədik bir yuvada biz.

Fikirdən sap kimi nazilib ürək,
Boğazımdan getmir nə su, nə çörək.
Qaldım həyatımla tənha, təkbətək,
Yaşaya bilmədik bir yuvada biz.

Hicranın tikanlı teli qırılsın,
Bizə dərd verənin bağrı yarılsın.
Bizi kim ayırdı ona ar olsun,
Yaşaya bilmədik bir yuvada biz.

Səndən sonra mənə ömür-gün bitib,
Ağzımın ləzzəti, dad-tamı itib.
Sevdiyim bəxtimdən əbədi gedib,
Yaşaya bilmədik bir yuvada biz.

Birgə dolaşmadıq çölü- çəməni,
Biryolluq duymadın sevgilim məni.
Duysaydın çox yaxşı olardı yəni,
Yaşaya bilmədik bir yuvada biz.

Ayrılıq qəlbimdə ocaq, qor kimi,
Yanımda yar yoxsa həyat gor kimi.
Sevgisiz gəzirəm evdə kor kimi,
Yaşaya bilmədik bir yuvada biz.

Təpədən dırnağa batan dünyada,
Qardaşı qardaşı satan dünyada.
Barı biz olmadıq adam dünyada,
Yaşaya bilmədik bir yuvada biz.

Müəllif: Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı Fuad Biləsuvarlı

aia.az
Geri dön