Ana Sayfa > Manşet / Ölkə / İqtisadiyyat > Kürdəmirlilər ötən ili yüksək nəticələrlə başa vurublar
Kürdəmirlilər ötən ili yüksək nəticələrlə başa vurublar8-01-2019, 16:15. Yazar: sevinc1 |
Rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının meyvəçilik, taxılçılıq və pambıqçılıq kimi sahələrində yüksək nəticələr əldə olunub Bu gün Azərbaycanda dövlət tərəfindən həyata keçirilən və birbaşa Ölkə Prezidenti cənab İlham Əliyevin daima öz diqqətində saxladığı iqtisadi islahatlar digər rayon və bölgələrimiz kimi, Kürdəmirin də sürətli inkişaf yoluna çıxmasını təmin etmişdir. Həmçinin qeyd etmək lazımdır ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı cənab Ceyhun Cəfərovun səmərəli idarəetmə təcrübəsi, onun ölkə rəhbərliyi tərəfindən müəyyən edimiş iqtisadi islahatlar kursunu uğurla həyata keçirmək bacarığı rayonun bütün sahələrində dinamik inkişafın getdikcə sürətlənməsini təmin edən əsas amillərdən biri kimi çıxış edir. Qısa arayış: Cəfərov Ceyhun Fərrux oğlu 1 dekabr 1965-ci ildə Yevlax şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. 1983-1984-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik vəzifəsində işləmiş, 1984-1986-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1986-1991-cı illərdə Nəsimi rayon İstilik-İstismar sahəsində çilingər, 1991-1993-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik, 1993-cü ildə “Pərviz” firmasında iqtisadçı-əmtəəşünas, 1993-1994-cü illərdə Maddi-texniki Təchizat idarəsində baş mühəndis, 1994-1995-ci illərdə “Azərbərpa” İstehsalat Birliyində rəis müavini, 1995-1996-cı illərdə Nərimanov Rayon İcra Hakimiyyətinin Kommunal Təsərrüfat şöbəsində müdir müavini, 1996-cı ildə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində Texniki Nəzarət şöbəsində müdir, 1996-1999-cu illərdə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində rəis, 2000-2006-cı illərdə Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis, 2006-cı il iyunun 19-dan 2011-ci il martın 3-dək Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2011-ci il martın 3-dən 2014-cü il aprelin 16-dək Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 aprel 2014-cü il tarixli Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. 2000-ci ilin avqustundan Yeni Azərbaycan Partiyasının üzvüdür. Artıq yola saldığımız 2018-ci ilin sonlarında Kürdəmirdə daha çox kənd təsərrüfatı işləri üçün əlverişsiz hava şəraiti üstünlük təşkil etsə də rayon rəhbərliyi tərəfindən vaxtında görülmüş qabaqlayıcı tədbirlər və bu sahədə çalışan inanların səyləri nəticəsində itkilərə yol verilməmişdir. Pambıq yığımında əsl əzmkarlıq nümayiş etdirilib Rayonda payızın əvvəllərindən başlanmış pambıq yığımı ötən ilin son günlərində də sürətlə davam etdirilib. Belə ki, artıq dekabr ayının ortalarına 6303 ton məhsul toplanmışdı. Əlverişsiz hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, fermerlər və fiziki şəxslər yetişdirdikləri məhsulu son qozasınadək yığmaq əzmində olduqlarını nümayiş etdiriblər. Tədarük olunan “ağ qızıl”ın yarısından çoxu kombaynlarla yığılsa da, sonradan məhz havaların yağmurlu keçməsi səbəbindən məhsul yığımı əl ilə davam etdirilib. Qeyd edək ki, rayonun əksər ərazilərində, o cümlədən Cəyli, Şilyan, Ərəbqubalı, Carlı, Mehdili və bir çox digər ərazi vahidlərində cari mövsümdə bol məhsul yetişdirilib. Təsadüfi deyil ki, həmin ərazilər məhsul yığımında da öndədir. Payızlıq taxıl səpini uğurla başa çatdırılıb Kürdəmir rayonunda artıq bu ilin məhsulu üçün payızlıq taxıl əkini kampaniyası da 2018-ci ilin son ayında uğurla başa çatdırılıb və 45765 hektarda səpin aparılıb. Rayon icra hakimiyyətindən mətbuata təqdim olunan məlumatlara görə, yeni aqroparkların yaradılması, əkin üçün əlavə torpaq sahələrinin ayrılması nəticəsində taxıl əkini sahələri ötən ildəkindən 725 hektar çox olub. Əkin sahələrinin 16500 hektarı buğda, 29265 hektarı isə arpadır. Səpin kampaniyasına 150-dən çox texnika cəlb edilib. Rayonun daha çox taxıl əkilən Qarasu, Qarasaqqal, Muradxan, Ərəbqubalı, Mollakənd və bir sıra digər ərazi vahidlərində bu mühüm kampaniya daha mütəşəkkil aparılıb. Qeyd edək ki, ilkin əkin aparılan ərazilərdə normal çıxış alınıb. Bağçılığın inkişafına xüsusi diqqət yetirilir Məlum olduğu kimi, Kürdəmirdə kənd təsərrüfatının digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da hər zaman xüsusi diqqət yetirilib. Bunun nəticəsidir ki, rayonda hər il yeni-yeni bağçılıq təsərrüfatları yaradılır, meyvə istehsalı artır. Təsərrüfatın bu sahəsi ilə məşğul olan fermerlər hər il meyvə bağlarından yüz tonlarla məhsul istehsal edərək bazarlara çıxarır və emal müəssisələrinə göndərirlər. Hazırda rayonda həyətyanı sahələrlə birlikdə 3975 hektar meyvə bağı var. Ötən il bu bağlardan 33 min 774 ton məhsul tədarük olunub ki, bu da 2017-ci ildəkindən 6948 ton çoxdur. Tədarük olunan meyvənin 124 tonunu alma, 277 tonunu armud, 525 tonunu alça, 1678 tonunu heyva, 173 tonunu ərik, 168 tonunu şaftalı, 383 tonunu gavalı, 334 tonunu xurma, qalanını isə digər meyvələr təşkil edib. Bağbanlar ən yüksək nəticəni nar bağlarından əldə ediblər. Rayonda mövcud olan 3422 hektar nar bağından 29 min 777 ton məhsul tədarük olunub. Tədarük olunan narın demək olar ki, yarıdan çoxu Karrar, Sığırlı, Ərəbqubalı, Axtaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisindəki bağlardan yığılıb. Bağbanlar yetişdirdikləri narı yerli bazarlarla yanaşı, xarici bazarlara da göndəriblər. İcra başçısının səyyar qəbul-görüşlərində qaldırılan məsələlər operativ şəkildə həll olunur Həmçinin ötən ilin sonları Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun keçirdiyi səyyar qəbul-görüşlərin intensivliyi və effektivliyi ilə də yadda qalmışdır. Təkcə dekabr ayında üç belə görüş keçirilmişdir. Belə ki, dekabrın 6-da Yenikənd kəndində, dekabrın 13-də rayonun Cəyli kəndində və dekabrın 20-də Böyük Kəngərli kəndində icra başçısının səyyar qəbul-görüşü keçirilib. Qəbullarda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, eləcə də müvafiq olaraq, Yenikənd kənd inzibati ərazi dairəsinə daxil olan Mürtülü, Dəyirmanlı, Təklə və Yenikənd kəndlərinin sakinləri, Cəyli kənd inzibati ərazi dairəsinə daxil olan Şahbəyli, Bala Kəngərli, Cəyli, Ucarlı kəndlərinin sakinləri və Böyük Kəngərli kənd inzibati ərazi dairəsinə daxil olan Bağman, Böyük Kəngərli və İsmayıllı kəndlərinin sakinləri iştirak ediblər. Həmin görüşləri giriş nitqi ilə açan Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov respublikamızda və rayonumuzda aparılan hərtərəfli inkişafdan danışıb. Öz nitqində başçı qeyd edib ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, sosial layihələr həyata keçirilir. Rayonda kənd təsərrüfatı, xüsusilə pambıqçılıq yüksək sürətlə inkişaf edir. Görülən bütün bu işlər, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması, insanlarımızın fəaliyyəti üçün iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır. Səyyar qəbullarda iştirak edən kənd sakinləri müəyyən mövcud problemlər barədə müraciət ediblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verib. Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Əminliklə demək olar ki, bu il də Kürdəmir rayonunun həm əhalisi, həm də rəhbərliyi Ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri əldə rəhbər tutaraq, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsini təmin etmək məqsədilə bütün imkanlarını hər zaman olduğu kimi tam səfərbər edəcəklər. aia.az Abbas Abbasov Elbrus Ağayev Geri dön |