Ana Sayfa > Manşet / Ölkə > Məhəmmədi kəndi günü-gündən abadlaşır

Məhəmmədi kəndi günü-gündən abadlaşır


25-12-2018, 15:24. Yazar: sevinc1
Məhəmmədi kəndi günü-gündən abadlaşır




Xəyaləddin Məmmədov bələdiyyə sədri seçildiyi gündən kəndin problemlərinin həlli istiqamətində göstərdiyi səmərəli fəaliyyətilə sakinlərin hörmətini qazanıb

Bu gün Abşeron rayonunun Məhəmmədi kəndində mindən çox əhali yaşayır. Hələ bir müddət bundan əvvələ qədər qışın gəlişi bu kənddə bir çox problemlər yaradardı. Xüsusilə kəndin yolları bərbad vəziyyətdə idi. Lakin son iki ildə vəziyyət kəskin şəkildə dəyişib.

Abadlıq-quruculuq işləri sürətlənir

Dövlət Proqramı çərçivəsində Mehdiabad-Digah yolundan kəndə gələn 9 kilometr uzunluğunda mərkəzi yol beynəlxalq standartlara uyğun çəkilib, yeni məktəb binası və 6 qrupluq uşaq bağçası tikilib istifadəyə verilib. Kənddə 1 həkim məntəqəsi, 1 poçt, 1 ATS qovşağı, 1 klub və Abşeron kəndlərinə xas olan məscid fəaliyyət göstərir. Kənddə çəkilən yollar və tikilən fərdi yaşayış evləri buranın infrastruktutunu tamamilə dəyişdirib. Sakinlərin dediyi kimi, həm dövlət, həm də kənd bələdiyyəsi tərəfindən kənddə böyük abadlıq, tikinti və quruculuq işləri aparılır. Həmçinin Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova vaxtaşırı kəndə gəlir. Sakinlərlə səyyar görüşlər keçirir, kəndin problemləri ilə maraqlanır. Bu gün artıq Kəndin işıq, su və “mavi yanacaq” problemləri köklü şəkildə həll olunub. Qeyd etmək lazımdır ki, Məhəmmədi kənd bələdiyyəsinə artıq iki ildən bir qədər çox müddətdir ki, Xəyaləddin Məmmədov sədr seçilib. Elə həmin gündən Xəyaləddin müəllim yerli əhalinin sosial-məişət problemlərinin həlli istiqamətində ciddi səylər göstərməyə başlayıb. Təbii ki, bu səylər də nəticəsiz qalmayıb. Kənddə bələdiyyə tərəfindən bir sıra abadlıq, tikinti, bərpa işləri aparılıb və indinin özündə də bu işlər ardıcıl olaraq davam etdirilir. Nəticə etibarı ilə bu gün Məhəmmədi kəndi Abşeronda ən abad qəsəbələrdən biridir. Bələdiyyənin öz vəsaitləri hesabına bələdiyyə binası da əsaslı təmir olunub. Binanın həyətində isə, “Bayraq Meydanı” və gözəl bir park salınıb.

Şəhid ailələrinə xüsusi qayğı göstərilir

Son iki ildə kəndin 25 kilometrdən çox məhlədaxili yollarında təmir işləri aparılıb. Bələdiyyənin binasının qarşısında və eyni zamanda, Şəhidlər parkında abadlıq işləri aparılıb, meydançalara asfalt örtüyü çəkilib. Bələdiyyənin vəsaiti hesabına Məhəmmədi Kənd İcra Nümayəndəliyinin binası inşa edilib. Poçt filialı binası da standartlara uyğun təmir edilib və orada lazımi şərait yaradılıb. Poçt, nümayəndəlik və Bələdiyyə binası yerləşən ərazidə abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb. Şəhid ailəsi Könül Mustafayevanın evi də bələdiyyə tərəfindən əsaslı təmir edilib. Eləcə də Qarabağ qazisi Mahir Rzayevə torpaq sahəsi alınaraq, üç otaqlı fərdi yaşayış evi inşa edilib.

1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış lakin çoxdandır baxımsız qalan abidənin təmiri də xüsusilə diqqəti cəlb edən bir məsələdir. Artıq qəzalı vəziyyətdə olan bu abidə üzərində bələdiyyə tərəfindən keçən il əsaslı təmir və bərpa işləri aparılıb, ətrafında yaşıllıq salınıb. Kənd ağsaqqallarının rəyini nəzərə alaraq həmin abidə yerləşən parkda Qarabağ Müharibəsi şəhidlərinin xatirəsinə abidə ucaldılıb.

Cari ildə Məhəmmədidə 1800-dən artıq ağac əkilib

Hazırda qəsəbəyə gələn mərkəzi yolun hər iki tərəfində yaşıllıqlar salınıb. Çoxlu sayda ağac və kollar əkilib. Qəsəbədə Ağacəkmə kampaniyası bələdiyyə tərəfindən uğurla həyata keçirilib. Belə ki, cari ilin əvvəlindən qəsəbə ərazisində yol kənarı sahələrdə 1000 ədəd zeytun ağacı, 800 ədəd “Eldar şamı” əkilib. Məhəmmədi bələdiyyəsinin müvafiq strukturunun əməkdaşlarının iştirakıyla əkilən ağaclar mütəmadi olaraq sulanır və onlara arqotexniki qulluq göstərilir. Bu müddət ərzində bələdiyyənin həyata keçirdiyi layihələrdən biri də qəsəbənin yol kənarındakı hasarların çay daşı ilə üzlənməsi olub. 14 min kv.m-lik ərazidə abadlıq işləri aparılıb. Bələdiyyədən daxil olan məlumata görə, ötən il ərzində bələdiyyənin təşəbbüsü və dəstəyi ilə 25.5km lik qəsəbədaxili yollar təmir edilərək sakinlərin istifadəsinə verilib. Bununla yanaşı yol boyu 2 km-lik ərazidə qrunt sularının axıdılması üçün boru xətti də çəkilib. Hazırda bir əsrdən çox yaşı olan kənd məscidində təmir və bərpa işlərinə başlanılıb. Təmir və bərpa işləri kənd sahibkarları və imkanlı adamların maliyyə dəstəyi və bələdiyyə sədrinin rəhbərliyi altında aparılır.

Bütün bunlara rəğmən, Məhəmmədi kənd bələdiyyəsinin sədri Xəyaləddin Məmmədov mətbuata verdiyi açıqlamalarda deyir ki, qəsəbədə hələ də görüləsi işlər çoxdur: “Biz layihələr əsasında işlərimizi planlı şəkildə aparırıq. Onu da qeyd edim ki, kəndimizdə heyvandarlıq və tərəvəzçilik inkişaf etdirilir, istixanalar fəaliyyət göstərir. Hazırda 2 hektar badam bağı və 4 hektar üzüm bağı salınıb. Qəsəbədə kənd təsərrüfatının inkişafı sürətlənib və biz bu işləri Abşeron Rayon İcra Hakimiyyətinin köməyi ilə bir qədər də sürətləndirmək niyyətindəyik”.

aia.az

Abbas Abbasov
Elbrus Bağırov
Geri dön