Ana Sayfa > Manşet / Təhsil / Seçilənlər-1 > ADBTİA – məzunlarımız beynəlxalq səviyyədə rəqabət qabiliyyətli olacaqlar
ADBTİA – məzunlarımız beynəlxalq səviyyədə rəqabət qabiliyyətli olacaqlar25-12-2018, 13:37. Yazar: admin |
Rektor Fuad Hacıyev hər kəsi daha yüksək nəticələri hədəfə almağa çağırır “Biz Heydər Əliyev kimi dahi şəxsiyyətin davamçılarıyıq, niyə də gələcəyimizə ambisiyalarla yanaşmayaq?” Bu sözlər ölkəmizin aparıcı ali təhsil müəssisələrindən biri olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevə məxsusdur. Əslində, Akademiyada son vaxtlar həyata keçirilən islahatlar da kifayət qədər yüksək nəticələrin inamla hədəfə alındığından xəbər verir. Yüksək nəticələrə nail olmaq üçün isə, əzm və fədakarlıqla çalışmaq tələb olunur. Elə idmanın hər bir insanda formalaşdırdığı keyfiyyətlər də məhz bu əsaslar üzərində qurulur. Bütün potensiallar idman təhsili sahəsinin inkişafına yönəldilib Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev bu vəzifəyə təyin olunduğu gündən ölkəmizin sadəcə idman sahəsində deyil, eləcə də idman təhsili sahəsində dünyada aparıcı mövqeylərə çıxarılması üçün var qüvvəsi ilə çalışır. Artıq 2016-cı ildən başlayaraq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) idman təhsilini dünya standartlarına uyğunlaşdırmaq, təhsilin keyfiyyətini artırmaq və beynəlxalq əmək bazarında rəqabət qabiliyyətinə malik mütəxəssislər hazırlamaq kimi hədəflərə nail olmaq məqsədilə ardıcıl islahatlar aparılır, tam yeni infrastruktur yaradılır, təhsil imkanları genişləndirilir, beynəlxalq təcrübə öyrənilir və beynəlxalq əməkdaşlıqlar qurulur. Gənc nəslin idman sahəsində hərtərəfli biliklərə yiyələnməsi məqsədi ilə ADBTİA-da hər cür şərait yaradılır. Bütün bunlar isə, yaxın gələcəkdə Akademiyanın məzunlarının dünya idman bazarında rəqabətə dözümlü mütəxəssis olacaqlarına qəti inam yaradır. Akademiya bədən tərbiyəsi və çağırışaqədər hazırlıq müəllimləri, məşqçilər, idman menecerləri, idman jurnalistləri, idman tibbi və reabilitasiya üzrə mütəxəssislər hazırlayır. Akademiyanın professor-müəllim heyəti aparıcı yerli və beynəlxalq ekspertlər, dövlət, biznes və beynəlxalq idman təşkilatlarının nümayəndələridir. Akademiya tələbələrə keyfiyyətli, innovativ və ən müasir elmi biliklərin tədrisi ilə yanaşı, son illərdə qlobal idman yarışlarının mərkəzinə çevrilmiş Azərbaycanda baş tutan Birinci Avropa Oyunları, “Formula-1 Azərbaycan Qran Prisi”, Dördüncü İslam Həmrəyliyi Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası kimi böyük idman yarışlarının bir hissəsinə çevrilmək, təcrübə qazanmaq imkanları yaradıb. Rektorun fəaliyyəti yüksək səmərəliliyi ilə seçilir Qeyd etmək lazımdır ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevin gənclərlə iş sahəsində, eləcə də bədən tərbiyəsi və idmanın inkişafında müstəsna xidmətləri olmuşdur. O cümlədən Bakıda və respublikamızın digər bölgələrində müasir tipli idman mərkəzlərinin tikilməsində və istifadəyə verilməsində, beynəlxalq səviyyəli yarışların keçirilməsində və gənclərlə aparılan məqsədyönlü iş sahəsində Fuad Hacıyevin danılmaz xidmətləri vardır. Əbəs yerə deyildir ki, Fuad Hacıyevin bu xidmətləri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. Belə ki, dövlət başçısının 2015-ci il 2 mart tarixli, 1079 nömrəli Sərəncamı ilə gənclərlə iş sahəsində səmərəli fəaliyyətinə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətinə görə Fuad Hacıyev 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni ilə təltif olunmuşdur. Qısa arayış: Hacıyev Fuad Hacı oğlu 1962-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1979-cu ildə 1 nömrəli kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə M.V.Lomonosov adına Odessa Yeyinti Sənayesi Texnologiyası İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş və “Mühəndis-texnoloq” ixtisasına yiyələnmişdir. 1994-cü ildə ali siyasi təhsil almışdır – Bakı Sosial İdarəetmə və Politologiya İnstitutununu (hazırkı Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyası) fərqlənmə diplomu ilə bitirmiş və “Politoloq” ixtisasına yiyələnmişdir. Təhsil aldıqdan sonra istehsalatda mühəndis texnoloq işləmiş, Azərbaycan Komsomolunun (LKGİ) Mərkəzi Komitəsində məsul vəzifələrdə çalışmışdır. Müstəqillik dövründə Azərbaycan Respublikası Gömrük Xidmətində məsul vəzifələrdə çalışmışdır. 2006-2015-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışmışdır. 23 dekabr 2015-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru təyin edilmişdir. Müasir texnologiyalar uğurla tətbiq edilir Bu gün İdman Akademiyasında yaradılan müasir şərait və infrastrukturun bütün beynəlxalq standartlara uyğun olaraq yenilənməsi prosesi də diqqəti cəlb edir. Belə ki, məhz son iki ildə ümumi ərazisi 12,8 min kvadratmetr olan ərazinin 9 min kvadratmetrdən artıq sahəsində müasir standartlara uyğun təmir və yenidənqurma işləri aparılıb, kommunikasiya, təhlükəsizlik sistemləri yenidən qurulub. Müəllim və tələbə heyəti üçün elektron tələbə bileti tətbiq edilməklə müasir elektron buraxılış-nəzarət sistemi yaradılıb. Təmir edilən tədris auditoriyaları və kafedralar zəruri mebel və avadanlıqla tam təmin olunub. Auditoriyaların texniki vasitələrlə - kompüterlər, proyektorlar, monitorlar və digər qurğu və cihazlarla təchizatı işi başa çatdırılıb. Akademiyada müasir standartlara cavab verən Heydər Əliyev İnteraktiv Muzeyi və tam funksional konfrans zalı yaradılıb. Tələbə mərkəzi, tibb məntəqəsi, müasir tipli kafe və tələbə yeməkxanası istifadəyə verilib. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Bundan başqa akademiyanın ərazisi yüksəksürətli Wi-Fi ilə təmin edilib. Dünyanın 60 mindən çox kitabxanasında fəaliyyət göstərən və kitabxanadaxili bütün prosesləri avtomatlaşdıran “Follett Library Manager System” proqramını dəstəkləyən tam funksional elektron kitabxana, eyni zamanda, 200 min kitabdan ibarət fond yaradılıb. Tədrisin şəffaflığını təmin etmək məqsədilə ixtisaslaşmış və müvafiq texniki vasitələrlə təmin edilmiş imtahan mərkəzi yaradılıb. Bütün bu sadalanan faktlar tam əminliklə deməyə əsas verir ki, bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası həqiqətən də ölkəmizin aparıcı ali təhsil müəssisələrindən biri olmaqla yanaşı, eyni zamanda Azərbaycanı məhz idman təhsili sahəsində bütün dünyada yüksək səviyyədə təmsil etməyə layiq olan bir təhsil ocağına çevrilmişdir. aia.az Abbas Abbasov Elbrus Bağırov Geri dön |