Ana Sayfa > Ölkə > “JEK”lər mənzil pulu yığa bilməyəcəklər
“JEK”lər mənzil pulu yığa bilməyəcəklər20-12-2018, 14:54. Yazar: sevinc1 |
Ölkə prezidentinin 30 noyabr tarixində “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanuna etdiyi dəyişikliyə əsasən, bu günə qədər mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib. Bu barədə Modern.az-a danışan iqtisadçı Samir Əliyev bildirib ki, Qanunun 13-cü maddəsinə edilmiş dəyişikliyə görə, çoxmənzilli binanın idarə edilməsi Mənzil Məcəlləsinin 141-1-ci maddəsinə uyğun olaraq həyata keçiriləcək: “Halbuki bu vaxta qədər Qanun özəlləşdirilmiş mənzillərə xidmət və onların təmiri mülkiyyətçilərin vəsaiti hesabına dövlət mənzil fondunun evləri üçün müəyyən edilmiş şərtlərlə həyata keçirilməsini nəzərdə tuturdu. Elə buna görə sovet dövründə və ondan əvvəl tikilmiş binalarda mənzil xidmətlərinin tarifləri Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” 10 mart 2000-ci il tarixli, 40 saylı Qərarı əsasında müəyyənləşirdi. Həmin Qaydaya görə, özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin saxlanılması üçün xidmət haqqı 1 kvadratmetr yaşayış sahəsi üçün ayda 1,5 qəpik edir”. Ekspert qeyd edib ki, yeni dəyişiklik nəticəsində özəl mənzillər üçün bu tarif ləğv olunur: “Xidmət haqqının müəyyənləşdirilməsi əhalinin öz üzərinə buraxılır. Digər dəyişiklik Mənzil İstismar Sahələrinin (MİS) fəaliyyəti ilə bağlıdır. Qanuna dəyişiklik MİS-lərin mənzil idarəçiliyində uzaqlaşdırılması istiqamətində daha bir addım oldu. Bundan sonra MİS-lər əhalidən mənzil pulu yığa bilməyəcəklər. Çünki “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 14-cü maddəsində birbaşa göstərilir ki, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə ancaq müqavilə əsasında xidmət göstərə bilərlər. Belə bir müqavilə isə bu vaxta qədər yoxdur”. aia.az Geri dön |