Ana Sayfa > İqtisadiyyat / Aia TV / Karusel > Deflyasiyanı şərtləndirən başlıca cəhət AMB-nin sərt pul-kredit siyasətidir.
Deflyasiyanı şərtləndirən başlıca cəhət AMB-nin sərt pul-kredit siyasətidir.3-07-2015, 08:38. Yazar: admin |
Manatın dəyəri ABŞ dollarına nəzərən ucuzlaşdırıldıqdan sonra istehlak bazarında kəskin bahalaşma olacağı gözlənilsə də apreldə və maydakı tendensiya əksini göstərdi. Belə ki, 2015-ci ilin mart ayında ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,9% bahalaşmışdısa, apreldə əvvəlki ayla müqayisədə 0,2, mayda isə 0,6% ucuzlaşma ilə əvəz olundu. Nəticədə də ötən ilin müvafiq dövrləri ilə müqayisədə inflyasiyanın illik artımı zəiflədi. Məsələn, cari ilin yanvar-mart ayları ərzində istehlak mallarının qiymətləri ilə xidmət tarifləri 2014-cü ilin müvafiq dövrünə nisbətən 2,8% təşkil edirdisə, yanvar-aprel aylarında cəmi 0,3 bənd artaraq 3,1, yanvar-may aylarında isə 3,4%-ə çatıb. Halbuki bir az yüksək olmalı idi. Ümumiyyətlə, bu mövzuda əvvəlki şərhimizdə də yazmışdıq ki, istehlak qiymətləri indeksi il başlayandan artmaq əvəzinə azalır. Düzdür, Mərkəzi Bankın (AMB) 2015-ci il üçün pul-kredit və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri haqda Bəyanatında bildirilirdi ki, 2015-ci ildə inflyasiya 2-3 % proqnozlaşdırılıb. Ancaq bu zaman manatın ucuzlaşdırılacağı hələ, xəyalda da yox idi. Yeri gəlmişkən, AMB-in qeyd olunan Bəyanatında deyilirdi ki, Mərkəzi Bank pul siyasətində həm inflyasiya, həm də deflyasiya risklərinə çevik reaksiya verəcək və bunun xarakteri, miqyası inflyasiyaya təsir göstərən tələb ilə təklifdən asılı olacaq. Təkrar edirik: bu zaman manatın dəyərinə korrektə ediləcəyi və ucuzlaşdırılacağı söhbəti yox idi. Cari ilin fevralın 21-dəki qərardan sonra isə bu il Azərbaycanda 7,9% inflyasiya olacağıdeyildi. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) “World Economic Outlook” hesabatında da vurğulanmışdı. Belə ki, AMB manatın dəyərini avro və dollara nəzərən korrektə etdikdən sonra BVF 2016-cı ildə Azərbaycanda inflyasiyanı 6,2% proqnozlaşdırmağa başladı ki, əvvəlki hesabatda 2015, 2016-cı illər ərzində inflyasiyanın müvafiq olaraq 2 və 3% təşkil edəcəyi bildirilmişdi. AMB-nin fevralın 21-dəki qərarından sonra hökumət də proqnozunu dəyişdi. Bununla belə, cari il ərzində də inflyasiyanın birrəqəmli səviyyədə qalacağı və maksimum 9 % təşkil edəcəyi deyildi. Üstəlik, I rübdəki tendensiya isə manatın ucuzlaşdırılmasının inflyasiyanı sürətləndirmək baxımından heç bir təsirə malik olmadığını göstərdi. Odur ki, ölkənin istehlak bazarında deflyasiya əvvəlki kimi qaldı və hətta bir az da gücləndi. Bəs, buna səbəb nədir? Ölkədə manatın ucuzlaşmasına rəğmən də deflyasiyanın bu qədər güclənməsi nədən irəli gəlir? Deflyasiyanı şərtləndirən başlıca cəhət AMB-in sərt pul-kredit siyasətidir. Düzdür, manatın ucuzlaşdırılmasından sonra İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında sui-istifadə halları və süni qiymət artımına qarşı nəzarətin gücləndirilməsi və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməyə başlanmasının da rolu oldu. Çünki bizdə istehlak bazarında qiymətlərin təşəkkül tapmasında xarici təsirlərin rolu böyükdür. Ona görə də hökumət bahalaşmaya meylin qarşısını almaqdan ötrü həmişə səy göstərir və bu sahədə nəzarət mexanizmini işlək vəziyyətdə saxlayır. Sözümüz bunda deyil. Məsələ bundadır ki, manat ucuzlaşdırıldıqdan sonra AMB daha sərt tədbirlərə keçdi. Belə ki, ölkəyə neftin qiymətiylə əlaqədar xarici valyuta axınının zəifləməsi sözügedən qurumu dövriyyədən artıq manat kütləsini yığışdırmağa məcbur etdi. Çünki inflyasiyanı nəzarətdə saxlamaq və kəskin devalvasiyanın qarşını almaqdan ötrü başqa yol yox idi. Nəticədə də ölkədə pul bazası, yəni, dövriyyədə olan nəğd pul kütləsinin həcmi azalmağa başladı ki, fevralın 1-nə 10 milyard 551,0 manat təşkil edirdisə, martın 1-nə 9 milyard 109,9 milyona, aprelin 1-nə 8 milyard 339,4 milyona, may ayının 1-nə isə 7 milyard 418,6 milyon manata qədər endi. Düzdür, mayda tendensiya dayandı. Lakin ölkədə kəskin manat qıtlığı var. Və dollara tələb də səngiyib. İdxal olunan əsas növ malların qiymətləri isə demək olar, sabit qalıb. Yeri gəlmişkən, BVF-nin bu yaxında Azərbaycanda səfərdə olan missiyasının rəhbəri Raca Almarzoqi də deyib ki, inflyasiyanın iki rəqəmli olacağı gözlənilirdi. “Amma devalvasiya səbəbindən tələb azaldı, iqtisadiyyata kredit qoyuluşunda azalma müşahidə edildi. Manatın devalvasiyası elan edildikdən sonra dövlət tərəfindən müvafiq tədbirlərin görülməsi kəskin qiymət artımının qarşısını aldı”- deyə, BVF nümayəndəsi bildirib. Odur ki, real olaraq bir tələb yaranıb. Ötən şərhimizdə də qeyd etdiyimiz kimi ölkədə inflyasiya bir qədər “buraxılsa” yaxşıdır. Yəni, tələb olunan iqtisadi artıma nail olmaq, ölkəmizdən ixracı təşviq etmək baxımından deflyasiyanın güclənməsinin nəyinki qarşısı alınmalı, dayandırılmalıdır. Dövlət başçısı da hökumətin cari ilin I rübünün sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə dair aprelin 10-da keçirilən iclasında qeyd etdi ki, inflyasiyanın aşağı səviyyədə olması insanların yaşayış səviyyəsinə müsbət təsir göstərsə də inkişafı əngəlləyir. Ona görə düzgün balans seçilməlidir. Bu baxımdan, fikrimizcə, yuxarıda qeyd etdiyimiz kimi AMB-in 2015-ci il üçün pul-kredit və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri haqda Bəyanatında da deyilənə uyğun olaraq mövcud pul siyasətində deflyasiyaya tezliklə kəskin reaksiya nümayiş etdirilməli və balans dərhal, bərpa olunmalıdır. (aia.az) Geri dön |