Ana Sayfa > İqtisadiyyat > Manatı yeni devalvasiya gözləyir? - Ekspert ŞƏRHİ

Manatı yeni devalvasiya gözləyir? - Ekspert ŞƏRHİ


6-12-2018, 15:23. Yazar: sevinc1
Manatı yeni devalvasiya gözləyir? - Ekspert ŞƏRHİ


Azərbaycan manatının ABŞ dolları qarşısında nominal dəyəri ilin əvvəlindən dəyişməyib - 1.7 manat=1 ABŞ dolları məzənnəsi il boyu bankların valyuta alqı-satqısı lövhələrində qalıb. Belə bir vəziyyətdə maliyyə naziri Samir Şərifovun milli valyutanın nominal olaraq deyil, real bahalaşması ilə bağlı narahatlığını dilə gətirməsi xeyli müzakirə yaratdı.

Bəs, manat real olaraq bahalaşıbmı?


Bu barədə Modern.az-a danışan iqtisadçı Rövşən Ağayev Mərkəzi Bankın məlumatına əsasən bildirib ki, qeyri-neft sektoru üzrə manat real olaraq 10%-ə yaxın bahalaşıb:


“2015-ci ilin devalvasiya şokundan sonra bu səviyyədə bahalaşma olmamışdı. Məsələn, 2016-cı ildə real effektiv məzənnə 1% ucuzlaşmışdı, 2017-ci ildə 4% bahalaşmışdı. İndi isə birdən-birə 10%-ə yaxın real bahalaşma qeydə alınıb”.


Sual oluna bilər - nominal məzənnə sabit qalırsa, manat necə real olaraq bahalaşır?


“Çox sadə bizim əsas ticarət partnyorumuz olan ölkələrdə milli valyutalar dəyərdən düşür, inflyasiyanın artım tempi isə onların valyutasının dəyərsizləşmə tempindən geridə qalır, nəticədə mal səbətini aparıcı valyutalarla (avro, dollar) almaq daha sərfəli olur. İqtisadi terminlərdən uzaq, asan anlaşılan bir izah: Türkiyədə 100 məhsuldan ibarət ixtiyari bir səbətin dəyəri 2018-ci ilin yanvarında 350 lirə, həmin dövrün nominal kursu ilə 100 dollar idi. Artıq 2018-ci ilin dekabrında həmin səbətin dəyəri inflyasiya nəticəsində 450 lirə olub - hazır məzənnə ilə 88 dollar. Göründüyü kimi, səbət 12% ucuzlaşıb.
Eyni vaxtda Azərbaycanda bu səbət 166.7 manat idi - o zamanın kursu ilə 98 dollar. İl ərzində 2.5% inflyasiya olub və səbət 4.3 manat bahalaşaraq, 171 manata və indiki məzənnə ilə 100.5 dollara yüksəlib.
Nəticə nədir - il ərzində lirə real olaraq 12% ucuzlaşıb, manat isə 0.5% bahalaşıb. Belə vəziyyətdə həmin səbəti Türkiyədən idxal etmək əcnəbi üçün daha sərfəli olur - yəni Türkiyənin ixracı stimullaşır, paralel olaraq Azərbaycandan idxala maraq azalır.
Bura qədər maliyyə nazirinin arqumenti çox cəlbedici görünür və nazirə haqq qazandırmaq çox məntiqli görünür.
Amma əgər Türkiyədən fərqli olaraq sənin həmin səbətə qoymaq üçün əmtəə istehsalı potensialın çox məhdudursa, əksinə həmin səbəti sən özün xaricdən idxal etməyə məhkumsansa, vəziyyət dəyişir. Olmayan (ya da çox az olan) ixracını həvəsləndirmək istəyərkən, bu ixracdan 6 dəfə çox olan idxalını da bahalaşdırmış olursan.
Yenidən başa qayıdırsan, əhalini panikaya salıb əmanətlərini dollara çevirməyə, banklardakı pullarını geri çəkməyə, bankları manatla kreditdən imtina etməyə, iqtisadiyyatı 2 rəqəmli inflyasiya ilə yaşamağa məhkum buraxırsan.
Çox uzatmaq istəmirəm, manatın real bahalaşmasının qarşısını almağın yeganə açarı üzən məzənnə rejiminə keçiddir. Bu rejim isə yalnız o zaman mümkün olacaq: tədiyə balansı çərçivəsində ölkəyə gələn valyuta axınlarında neft-sektorunun hazırkı 75%-lik payını heç olmasa 25-30%-ə endirmək mümkün olsun”.


R.Ağayev bildirib ki, rəsmi açıqlamalar hər nə olursa olsun, Azərbaycanda yaxın dövr üçün manatın dəyərdən salınacağı ilə bağlı gözləntisi yoxdu:

“Əhalinin maraqları üçün demirəm, bu hökumətin özünün mənafelərinə ağır zərbə olardı”.

aia.az
Geri dön