Ana Sayfa > Manşet / İqtisadiyyat > Nağdlaşdırma vergisi ləğv olunmalıdır - TƏKLİF

Nağdlaşdırma vergisi ləğv olunmalıdır - TƏKLİF


6-12-2018, 13:10. Yazar: sevinc1
Nağdlaşdırma vergisi ləğv olunmalıdır - TƏKLİF


Növbəti ildən sadələşdirilmiş vergi ilə bağlı nəzərdə tutulan mühüm dəyişikliklərin kökündə duran ən böyük səbəb bu sahədə vergidən yayınma riskinin yüksək olmasıdır.



Bunu Modern.az-a açıqlamasında iqtisadçı Qalib Toğrul bildirib.

Q.Toğrul qeyd edib ki, bu verginin ödəyiciləri əsasən ticarət və ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlardır:



“Sonuncu dəfə 2 il əvvəl Vergilər Nazirliyi dövriyyəsi 200 min manatdan yuxarı olan iri ticarət və ictimai iaşə obyektləri üçün məbləği qaldırıb, vergini də müvafiq olaraq 6% və 8% təyin etməklə vəziyyətdən çıxmaq istədi, ancaq təəssüf ki, bu addım da uğurlu nəticə qazanmağa imkan vermədi.

Belə görünür ki, bu dəfə Vergilər Nazirliyi daha radikal addımlar atmaqda qərarlıdır. Topdansatış ticarətin sadələşdirilmiş vergi ödəyiciləri siyahısından çıxarılması birmənalı şəkildə müsbət qiymətləndirilməlidir. Bir neçə il əvvəl Vergi Məcəlləsində topdansatış ticarətlə pərakəndə ticarət anlayışlarının dəqiqləşdirilməsi, bu iki ticarət forması arasında sərhədlərin cızılması hazırkı islahatlar üçün müəyyən mənada özül rolunu oynayıb. Topdansatış ticarətdə dövriyyənin yüksək olması və vergidən yayınmanın yüksək olması faktdır, onlara sadələşdirilmiş vergi ödəyicisi olmaq lüksü tanınmamalıdır”.



İqtisadçının sözlərinə görə, bu siyasətə paralel olaraq sabit vergi ödəyicilərinin əhatə dairəsinin genişləndirilməsi məsələsinə də baxıla bilərdi:



“Məsələn, konkret meyarlar (obyektin sahəsi, işçi sayı və sair) tətbiq etməklə, kiçik pərakəndə ticarət və ictimai iaşə subyektlərini sabit vergi ödəyiciləri siyahısına daxil etmək mümkün idi. Bu həmin vergi ödəyicilərinin hesabatlılıqla bağlı yükünü də azaldardı.

Bugünədək sadələşdirilmiş vergi ödəyiciləri olan sahibkarlıq subyektlərinin yanvarın 1-dən mənfəət və ya gəlir vergisi ödəyicisi olmalarının onların xərclərinin və gəlirlərinin uçotu məsələrinin təşkilində çətinliklər yaradacağı şübhəsizdir. Sənədləşmə ilə bağlı tələblərin sərtləşdirilməsi, maliyyə sanksiyalarının məbləğlərinin artırılması (58.8, 58.8.1, 58.8.2 və 58.8.3) və yeni maliyyə sanksiyalarının tətbiqi (58.13, 58.14, 58.15) sahibkarlardan uçotla bağlı məsələrdə xüsusi həssaslıq və yüksək diqqət tələb edir.



Təəssüf ki, son bir ayda mikro və kiçik sahibkarlıq subyektlərinin nümayəndələrilə söhbətlərdən gəldiyim qənaət belədir ki, əksər vergi ödəyicilərinin yeni dəyişikliklərlə bağlı məlumatlılıq səviyyəsi 0-ın altındadır. Maarifləndirmə ilə bağlı əhatə dairəsi böyük olan daha işlək mexanizmlərin tətbiqi qaçılmazdır. Ən azından vergi orqanlarının nümayəndələrinin təhkim olunduqları sahibkarlıq subyektlərini yerində təlimatlandırmaları lazımdır.



Dəyişikliklərdə nəzərdə tutulur ki, pərakəndə ticarət və ictimai iaşədə gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılsın.



Bu təqdir olunmalı addımdır, ancaq bu tip müddəaların tətbiqi ilə bərabər, 1% nağdlaşdırma vergisinin ləğvi doğru olardı və vergi ödəyiciləri Vergilər Nazirliyindən bu addımı gözləyirdi. Çünki sadələşdirilmiş vergi adlandırılan bu tutulma Vergi Məcəlləsinin təkrar vergitutma ilə bağlı tələblərinə ziddir və sahibkarlara münasibətdə çox ağır inzibati metoddur. Nağdsız ödənişlərin xüsusi çəkisinin artırılmasını birtətərfli qaydada sahibkardan tələb etmək doğru deyil, bunun üçün ilk növbədə, sağlam bank-maliyyə mühiti, texniki infrastruktur imkanları təmin edilməlidir”.

aia.az
Geri dön