Ana Sayfa > Manşet / İdman > “Qarabağ”ın uduzması Qurbanovun iki yerdə çalışmasına bağlıdır? - İKİ CAVAB
“Qarabağ”ın uduzması Qurbanovun iki yerdə çalışmasına bağlıdır? - İKİ CAVAB30-11-2018, 15:45. Yazar: sevinc1 |
Ötən gün UEFA Avropa Liqasında 5-ci turun oyunları keçirilib. Turnirdə yeganə təmsilçimiz “Qarabağ” qrupda son ev oyununu keçirərək, Portuqaliyanın “Sportinq” komandasını qəbul etdi. Təəssüf ki, “Qarabağ”ın ilk turda uduzduğu “Sportinq”lə bacarmadı və 1:6 hesablı məğlubiyyətə uğradı. Qurban Qurbanovun komandası qalib gələ bilmədiyinə görə, AvroLiqada şansını tamamilə itirdi. Son illərdə uğurları ilə seçilən “Qarabağ”ın bu cür iri hesabla uduzması azarkeşlərdə böyük məyusluq yaratdı. Futbol mütəxəssisləri və komandamıza pərəstiş edənlər isə “Qarabağ”ın uğursuzluğunu baş məşqçi Qurban Qurbanovun həm də Azərbaycan yığmasının başına gətirilməsi ilə əlaqələndirirlər. Əksəriyyət hesab edir ki, Q.Qurbanov iki vəzifəni üstləndiyindən bəri “Qarabağ”ın məğlubiyyətləri ard-arda gəlir. “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli isə Ağdam klubunun uğursuzluğunu tək bu təyinatla əlaqələndirmir. O, Modern.az-a açıqlamasında qeyd edib ki, bütün komandalarda eniş dövrü olur və “Qarabağ” da hazırda bu dönəmi yaşayır: “Qurban Qurbanovun eyni zamanda həm Azərbaycan millisini, həm də “Qarabağ”ı çalışdırması komandamızın uğursuzluğunda müəyyən rol oynaya bilər. Lakin bu yeganə səbəb deyil. Bir komanda 5 il zirvədə qalandan sonra müəyyən qədər uğursuzluqlar yaşaya bilər. Bu, təbiidir. Komanda üzvləri yorulub. Xüsusilə nəzərə almalıyıq ki, mövsüm ərzində eyni oyunçular müxtəlif cəbhələrdə oynadı. Komanda heyətində həm fiziki, həm də mənəvi-psixoloji yorğunluq hiss olunur”. M. Rüstəmli hesab edir ki, ölkə çempionatında da rəqabətin səviyyəsi aşağı düşüb. Əvvəlki həyəcan, maraq olmadığına görə, çempionluq uğrunda faktiki mübarizə yalnız “Neftçi” və “Qarabağ” arasında gedir: “Bəziləri düşünür ki, Ağdam komandasının uğurlara imza atdığı dönəmdə baş məşqçini Azərbaycan millisinə təyin edib, əlavə yükləmək lazım deyildi. Halbuki, futbol ictimaiyyəti, azarkeşlər, az qala bütün ölkə inadla Qurban Qurbanovun milliyə gətirilməsini tələb edirdi. Bildiyim qədərilə, onun yığma komandaya gəlişini hətta ölkə başçısı da istəyib. Baş məşqçi Azərbaycan millisini qaldırmaq üçün onun baş məşqçisi təyin edildi. Həmin vaxt bu vəzifəyə yeganə namizəd Qurban Qurbanov idi. Bu, onun karyerası üçün də ciddi məsuliyyət tələb edən əhəmiyyətli dönüş nöqtəsi idi”. Əməkdar məşqçi Ağasəlim Mircavadov isə deyib ki, komanda üzvlərinin oyun ərzində yol verdiyi ciddi səhvlər “Qarabağ”ın məğlubliyyəti ilə nəticələnib: “Mən özüm də oyunu izləyirdim. Dünənki oyunda komanda üzvlərinin hazırlığı, motivasiyası qaydasında idi. Onlar qalib gəlmək istəyirdilər. Ümumi dəyərləndirsək, klubun potensialı zəifləyib. Əgər hər hansı futbol komandası bir neçə il zirvədə qalırsa, oyunçularının sayını artırmalı, heyəti yeniləməlidir. Komandanın heyətində olan peşəkar oyunçunu itirmək, onun yerinə yeni oyunçular axtarmaq indiki halda çox çətin olur. “Qarabağ” maddi cəhətdən imkanlı klublardan biridir. Onlar heyəti artırmalı idilər. Düzdür, yeni oyunçular komanda heyətinə dəvət edildi. Amma bəzi oyunçular Azərbaycana gəlmək istəmir. Cəmi 8 futbol komandamız var, stadionların çoxu süni örtüklə qapanıb – bu kimi səbəblər oyunçuları Azərbaycandan uzaqlaşdırır. Heyətin lazımi səviyyədə təşkil edilməməsi də məğlubiyyətə bir səbəb oldu. “Qarabağ”- “Sportinq” oyununda komandamızın daxilində ciddi səhvlər oldu. Oyunçuların adını bir-bir çəkmək istəmirəm, biz oyuna biz fərdi deyil, komanda işi şəklində baxırıq. Oyunun qurulması zamanı müdafiə xəttini, orta xətti, hücum xəttini, hazırlığı dəyərləndiririk. Məsələn, müdafiəçi səhv addım atanda qapıçı bunu kompensasiya edir və ya əksinə. Amma ötən günkü oyunda həm müdafiədə, həm də hücumda səhvlər çox idi və bu Ağdam klubunun məğlubiyyətinə gətirib çıxardı”. aia.az Geri dön |