Ana Sayfa > Manşet / Təhsil > Müəllimlərin orta aylıq əməkhaqqı 500 manata çatıb - NAZİR

Müəllimlərin orta aylıq əməkhaqqı 500 manata çatıb - NAZİR


28-11-2018, 10:49. Yazar: sevinc1
Müəllimlərin orta aylıq əməkhaqqı 500 manata çatıb - NAZİR



“Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan 140 ölkə arasında 69-cu yerdə qərarlaşıb. Ölkəmizin mövqeyi 12 indikatordan 9-cu yerə yaxınlaşıb”.



Modern.az xəbər verir ki, bu sözləri təhsil naziri Ceyhun Bayramov Azərbaycan müəllimlərinin XV qurultayında çıxışı zamanı deyib.



Nazir bildirib ki, təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan bacarıqlar indeksi üzrə ölkəmiz ümumilikdə 54-cü yerə, bu kateqoriyanın tərkib hissəsi olan rəqəmsal bacarıqlar üzrə 15-ci, tədrisdə tənqidi düşüncə üzrə 27-ci, bacarıqlı işçiləri tapmaq asanlığı üzrə 31-ci, məzunların bacarıqları üzrə 32-ci, ibtidai təhsildə müəllim- şagird nisbəti üzrə 48-ci yerə yüksəlib.



C.Bayramoun sözlərinə görə, özəl təhsil müəssisələrinin sayında artım qeydə alınıb.



“Son 5 ildə özəl təhsil müəssisələrinin sayı 41-dən 132-yə çatıb. Doqquzuncu sinif şagirdlərinin buraxılış imtahanlarında yüksək nəticə göstərənlər 50 faizdən, 67 faizə yüksəlib”.



Nazir bu il qəbul imtahanlarının yeni model əsasında keçirilməsinin əhəmiyyətinə toxunub.



“Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə fəaliyyəti nəticəsində yeni qəbul modeli hazırlanıb. Yeni imtahan modeli məktəb və müəllimin nüfuzunun artmasına təsir göstərəcək. Son beş ildə ali məktəblərin tələbə qəbulunda artım müşahidə edilir. Qəbul imtahanlarında 500 və daha artıq bal toplayan məzunlar arasında müəllim ixtisasını seçənlərin sayı 2090 nəfərə çatıb, bu 2014-cü illə müqayisədə 2.3 dəfə artım deməkdir. Son illərdə təhsilin keyfiyyətinin yüksəldilməsi üçün təmayüllü siniflər yaradılıb. Respublikada bu siniflərin sayı 2140-a çatıb . Bu da 10-11-ci sinif şagirdlərinin 28 faizini təşkil edir. Təmayüllü sinifləri bitirənlər ali məktəbə qəbulda daha yüksək nəticə göstəriblər”.



Nazir bildirib ki, ümumtəhsil məktəblərində müəllim şagird nisbəti 8.5-dən 10.5 -ə çatıb.



C.Bayramov həyata keçirilən islahatlar nəticəsində ölkədə müəllim peşəsinin nüfuzunun daha da artdığını deyib.



“Ötən illər ərzində müəllimlik peşəsinin nüfuzu artıb. Müəllimlik üzrə müraciət edənlərin sayında 3 dəfə artım qeydə alınıb. Son 5 ildə 18 136 müəllim işə qəbul olunub, kənd məktəblərində fəaliyyətə başlamış 11600 nəfərə həvəsləndirmə tədbirləri tətbiq edilib. 142 mindən artıq müəllim diaqnostik qiymətləndirmədən keçib, onların həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı 2 dəfə artıb. Onların orta aylıq əməkhaqqı 500 manata çatıb ki, bu da ölkə üzrə orta aylıq əmək haqqına yaxındır”.



Son 5 ildə ölkədə 500-dən çox, 2003-2018-ci illər ərzində isə 3500-dək məktəb binasının tikildiyini və ya əsaslı təmir edildiyini qeyd edən nazir bunun nəticəsində 1 milyondan çox şagirdin təlim şəraitinin əhəmiyyətli şəkildə yaxşılaşdırıldığını vurğulayıb.

aia.az
Geri dön