Ana Sayfa > Qərbi Azərbaycan > “Bu il 1.6 milyon insan vərəmdən ölüb” – Statistika Bakıdakı tədbirdə açıqlanıb

“Bu il 1.6 milyon insan vərəmdən ölüb” – Statistika Bakıdakı tədbirdə açıqlanıb


26-11-2018, 17:10. Yazar: sevinc1
“Bu il 1.6 milyon insan vərəmdən ölüb” – Statistika Bakıdakı tədbirdə açıqlanıb



Bu gün Ədliyyə Nazirliyinin Həbsxanalarında vərəmin profilaktikası və nəzarəti üzrə Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq mərkəzində "Vərəm sahəsində ictimai vəkillik" adlı tədbir keçirilib.

Azadinform xəbər verir ki, tədbir Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının təşəbbüskarlığı ilə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin vərəm proqramı (TB REP) çərçivəsində hazırlanıb.

İlk olaraq koalisiya sədrinin müavini Pərvanə Vəliyeva tədbirin məqsədi barədə məlumat verib: "Koalisiya ölkədə vərəm xəstəliyinin qarşısının alınmasında vətəndaş cəmiyyəti təşkilatlarının rolunu gücləndirir. Koalisiyaya Azərbaycan Qızıl Aypara cəmiyyəti, "Həyat" Humanitar dəstək İB, "Sağlamlığa Xidmət" İB, "Ftiziatrlar və Pulmonoqlar" İB, "Vərəmsiz gələcəyə doğru" İB-in vərəmin təsirinə məruz qalmış icma nümayəndələri daxildir. Tədbirin məqsədi media əməkdaşlarının vərəmlə bağlı maarifləndirilməsi, onların advokasiya sahəsində bilik və bacarıqlarının artırılması, vərəmin sınağından keçmiş icma nümayəndələrinin mətbuat ilə əlaqəsini təmin etməkdir".

Daha sonra koalisiya sədri, "Sağlamlığa Xidmət" İB-nin təsisçisi Elçin Muxtarlı vərəm xəstəliyi və dünyada bu xəstəliklə bağlı Ümumdünya Səhiyyə Təşkilatının yaydığı faktlar barədə məlumat verib: "2018-ci ilin hesabatına görə, vərəm ötən ildə 1.6 milyon insanın ölümünə səbəb olub. 10 milyon insan isə bu xəstəliyə düçar olub. Vərəmlə xəstələnmə səviyyəsinə görə Hindistan, İndoneziya və Nigeriya ölkələri ön sıradadır. Ölkəmizdə və Avropa regionunda dərmanlara davamlı vərəmlə mübarizədə 3 il ərzində ciddi irəliləyiş qeydə alınmır. Vərəm sərhəd tanımır, səhhət də sərhəd tanımır. Vərəmə yoluxmaq hələ xəstələnmək demək deyil. Vərəm sosial mənşəli səhiyyə problemidir. Vərəmlə mübarizəyə ən çox maliyyə yardımı ayıran qurum QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal fond artıq ölkəni tərk edir və vərəmlə mübarizə tədbirinin tamamilə dövlətin öhdəliyinə verilməsi üçün dayanıqlı inkişafın təmin edilməsi məqsədilə regionun hər ölkəsinə müvafiq keçid planı işlənib hazırlanır".

Tədbir koalisiyanın digər üzvlərinin vərəm xəstəliyi, onun yaratdığı sosial problemlər və başqa məsələlər barədə məlumat xarakterli çıxışları ilə davam edib.

Sonda sözü gedən xəstəliklə mübarizəyə həsr olunmuş video çarx təqdim olunub.

aia.az
Geri dön