Ana Sayfa > Təhsil > ADNSU – müasir təhsil standartlarının zirvəsində

ADNSU – müasir təhsil standartlarının zirvəsində


26-11-2018, 11:17. Yazar: sevinc1
ADNSU – müasir təhsil standartlarının zirvəsində



Bu gün tamamilə haqlı olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ölkənin ən qabaqcıl ali təhsil müəssisələrindən biri, bəlkə də birincisi sayılır. Hələ sovetlər birliyi zamanından bu universitetə ali təhsil almaq üçün dünyanın dörd bir yanından gənclər gəlirdilər. Həm də bu tələbələr təkcə az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin vətəndaşları olmurdular. Azərbaycanlı mütəxəssislər neftin çıxarılması, emalı sahəsində böyük təcrübəyə malik olduqları kimi, alim və tədqiqatçılarımızın da elm və təhsil sahəsində hər dünya ilə bölüşə biləcəkləri bir çox nailiyyətləri olub. Məhz bu səbəbdən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri arasında hətta inkişaf etmiş ölkələrdən gəlmiş gənclərə də kifayət qədər çox rast gəlmək olurdu. Bu gün də bu ənənə davam etməkdədir. Belə ki, hal-hazırda ADNSU-da Türkiyə, Rusiya, Çin, Türkmənistan, Qazaxıstan, Yunanıstan, Yəmən, Vyetnam, İran, Suriya, ABŞ, Böyük Britaniya və digər ölkələrdən 300-dən çox əcnəbi tələbə təhsil alır.



Ümumiyyətlə respublikanın ən qocaman ali təhsil müəssisələrindən biri olan ADNSU-nun istər yaranması və tarixi, istər fəaliyyəti ilə bağlı bir çox maraqlı faktlar mövcuddur. Bu faktlardan biri də universitetin adı ilə, daha dəqiq desək, mövcud olduğu 130 ildən artıq müddət ərzində adının 11 dəfə dəyişməsilə bağlıdır. Belə ki, universitetin ən uzun müddət daşıdığı adlar 25 il (1934 -1959) ərzində Azərbaycan Sənaye İnstitutu və 32 il (1959-1991) ərzində M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu olmuşdur. Maraqlıdır ki, xalq arasında bütün bu illər boyunca, hətta bu günün özündə belə bir çoxları bu universiteti Azİ adlandırırlar. Əlbəttə ki, bu da səbəbsiz deyi. Belə ki, Azərbaycan Sənaye İnstitutu adının rus dilində tərcüməsi “Azerbaydjanskiy İndustrialnıy İnstitut” (qısaldılmış forması “Azİİ”) kimi səslənir. Ola bilsin ki, dilə yatımlılığı səbəbindən də məhz bu abrevaitura Azİ formasında daha “uzun ömürlü” olmuşdur. Bununla belə, universitetin yarandığı vaxtdan bu günə qədər keçdiyi yola qısa da olsa bir nəzər salmaq maraqlı olardı.

Texniki məktəbdən Universitetə qədər

Beləliklə, 10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılıb. 1896-cı ildə texniki məktəb “Bakı aşağı səviyyəli texniki məktəb”ə çevrilib. 1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfəri azərbaycanlı idi. 1918-ci ildə məktəb politexnikum adlandırılıb. Həmin dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olub. 16 noyabr 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin “Bakıda politexnik institutunun yaradılması haqqında” dekreti elan edilib. 12 dekabr 1920-ci ildə Xalq Maarif Komissarlığı tərəfindən institutun açılması barədə dekret verilir. Dekretdə Bakı Politexnik İnstitutunun yaradılması ilə bağlı Bakı Politexnikumun bağlanması və müəllimlərin öz vəzifələrindən azad edilməsi qeyd olunur, hazırlıq işlərinin başa çatması və institutda tədris ilinin 1 yanvar 1921-ci ildə başlanması göstərilirdi. 1923-cü ildən institut M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutu adlandırılıb. 1930-cu ildə “Azərbaycan Politexnik İnstitutu”nun adı dəyişdirilib və “Azərbaycan Neft İnstitutu” (ANİ) adlandırılıb. 1931-ci ildə institutun şöbəsi “Azərbaycan Qiyabi Sənaye İnstitutu” yaradılıb. Azərbaycan Neft İnstitutu bazasında Gəncə, Qroznı, Ufa və İşimbayda şöbələri olan “Azərbaycan Qiyabi Neft İnstitutu” yaradılıb.



Haşiyə: İki ali mükafat

Politexnik İnstitutun 10 illiyinə təsadüf edən otuzuncu illərdə 3267 tələbəsi, qiyabi təhsil üzrə fəhlə fakültəsində 3000-dən çox dinləyicisi olan Azərbaycan Neft İnstitutu keçmiş ittifaqda, görkəmli ali təhsil müəssisələrindən birinə çevrilərək miqyas və əhəmiyyətinə görə Zaqafqaziyada birinci ali texniki məktəb kimi qalıb. Neft sənayesi üçün mütəxəssis hazırlığında əldə etdiyi nailiyyətlərə görə institut 1931-ci ildə Azərbaycan Respublikası hökümətinin “Qırmızı Əmək Bayrağı Ordeni” ilə mükafatlandırılıb. Fəaliyyətinin 20 illiyi ərzində əldə etdiyi nailiyyətlərə görə 25 dekabr 1940-cı ildə institut ittifaq hökumətinin ali mükafatlarından olan Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunur. Beləliklə də, bu ali məktəb həm Azərbaycan Respublikasının, həm də SSRİ-nin ali mükafatlarının sahibinə çevrilib.

1934-cü il oktyabrın 10-da Neft institutu maşınqayırma, energetika və s. sahələr üçün də mühəndis kadrları hazırlığına görə Azərbaycan Sənaye İnstitutuna (AzSİ) çevrildi.



1952-ci ildə İnstitutun “Memarlıq-inşaat”, “Nəqliyyat” fakültələri, “Mexanika” fakültəsinin bir hissəsi və Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Hidromeliorasiya” fakültəsi əsasında mülki tikinti, nəqliyyat və maşınqayırma sahələri üçün mütəxəssis hazırlamaq məqsədilə Azərbaycan Politexnik İnstiutu yaradılıb. Azərbaycan Sənaye İnstitutundan Politexnik İnstitutuna 57 nəfər professor-müəllim heyəti olan 11 kafedra keçib və institut yenə də yalnız neft sahəsinə mütəxəssis hazırlamağa başlayıb.

Axşam və qiyabi şöbələr üzrə təhsilin genişləndilirməsi işi aparılıb. İttifaq hökumətinin 14 mart 1959-cü ildə qəbul etdiyi qərarına əsasən institutun adı yenidən dəyişdirilərək M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna (AzNKİ) çevrilib. Bu, ölkədə kimya sənayesinin prioritet sahə elan olunması ilə bağlı idi. AzNKİ-nin qarşısına əsas etibarilə inkişafda olan İttifaqın neft və neft-kimya sənaye sahələri üçün yüksəkixtisaslı mühəndis və elmi kadrların hazırlanması vəzifəsi qoyulub.



Azərbaycan Respublika Nazirlər Kabinetinin 18.02.91-ci il tarixli qərarına əsasən İnstitutun adı dəyişdirilərək M.Əzizbəyov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Sənaye Universiteti (AzSU) adlandırılıb.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkədə mövcud olan sosial-iqtisadi çətinliklərə baxmayaraq ali məktəbdə təlim, tərbiyə və elmi fəaliyyət uğurla davam etdirilib. Nazirlər Kabinetinin 129 nömrəli, 16.03.1992-ci il tarixli qərarı ilə AzSU-nun nəzdində “Neftin, qazın geotexnoloji problemləri və kimya” elmi-tədqiqat institutu yaradılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 137 nömrəli, 21 mart 1992-ci il tarixli qərarı ilə universitet Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) adlandırılıb. ADNA-da 1991-2000-ci illərdə “Geoloji-kəşfiyyat”, “Qaz-neft-mədən”, “Kimya-texnologiya”, “Neft- mexanika”, “Energetika”, “İstehsalat proseslərinin avtomatlaşdırılması”, “Mühəndis-iqtisad” və “Əcnəbi vətəndaşlar üçün hazırlıq” fakültələri fəaliyyət göstərib.

2015-ci ilin sentyabr ayında dövlət başçısı İlham Əliyevin sərəncamı ilə ali məktəb Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırıldı, onun qarşısında yalnız neft sahəsi üçün deyil, bütövlükdə yerli sənaye sahələri üçün ixtisaslı kadrlar hazırlamaq vəzifəsi qoyuldu.

İnstitut yeni ali məktəblərə həyat verir

1952-ci ildə İnstitutun “Memarlıq-inşaat”, “Nəqliyyat” fakültələri, “Mexanika” fakültəsinin bir hissəsi və Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Hidromeliorasiya” fakültəsi əsasında mülki tikinti, nəqliyyat və maşınqayırma sahələri üçün mütəxəssis hazırlamaq məqsədilə Azərbaycan Politexnik İnstiutu yaradılıb. Azərbaycan Sənaye İnstitutundan Politexnik İnstitutuna 57 nəfər professor-müəllim heyəti olan 11 kafedra keçib və institut yenə də yalnız neft sahəsinə mütəxəssis hazırlamağa başlayıb.



Azərbaycan hökümətinin 30 mart 1960-cı il qərarına əsasən Sumqayıt şəhərində AzNKİ-nin axşam və qiyabi şöbələri üzrə təhsil almaq üçün tədris-məsləhət məntəqəsi yaradılıb. Qeyd olunan qərarda tədris-məsləhət məntəqəsində üzvü sintez və sintetik kauçuk, kimya istehsalı üçün maşın və aparatlar ixtisasları üzrə mütəxəssis hazırlanması nəzərdə tutulub. 1962−1963-cü tədris ilində Sumqayıt şəhərindəki tədris-məsləhət məntəqəsi axşam və qiyabi şöbəsi kimi AzNKİ-nin filialına çevrilib. Filiala ilk tələbə qəbulu 1962-ci ildə aparılıb və axşam şöbəsinə 225, qiyabi şöbəyə isə 125 nəfər qəbul olunub. Kimya sənayesinin tələbatının ödənilməsi ilə bağlı İttifaq hökümətinin 3 iyun 1965-ci il tarixli qərarına əsasən filial Sumqayıtdakı sintetik kauçuk zavodunda AZNKİ-nin zavod – ali texniki məktəbinə çevrilib. O vaxtlar tədrisin təşkili üçün müvafiq şərait olmadığına görə dərslərin əksəriyyəti Sumqayıtın 11 saylı məktəbinin və “Kimyaçılar şəhəri”ndəki 8-illik məktəbin binasında keçirilib. 1970-ci ilə kimi müəllimlərin əksəriyyəti AzNKİ-dən dəvət olunmuş pedaqoqlar olublar. Filialın tədris binalarının bünövrəsi. 1992-ci ildən Sumqayıt şəhərindəki filial sərbəst Azərbaycan Sənaye İnstiutu kimi fəaliyyət göstərərək, 13 iyun 2000-ci il tarixdən Sumqayıt Dövlət Universitetinə çevrilib.

Respublika Nazirlər Kabinetinin 11/8-12 nömrəli, 20 may 1991-ci il tarixli qərarına və Respublika Xalq Təhsili Nazirliyinin 442 nömrəli, 17.06.91-ci il tarixli əmrinə əsasən Əli Bayramlı (indiki Şirvan) şəhərində qiyabi təhsil alan tələbələr üçün tədris-məsləhət məntəqəsi yaradılıb. Məntəqə Universitetin qiyabi şöbəsində təhsil alan tələbələrinin tədris proqramlarını mənimsəməsinə yardım göstərib.



24 avqust 1991-ci ildə hökumətin qərarı ilə AzSU-nun Mingəçevir şəhərində filialı açılıb, oraya yüngül toxuculuq sənayesinin iqtisadiyyatı və idarə olunması, inşaatın iqtisadiyyatı və idarə olunması, nəqliyyatın iqtisadiyyatı və idarə olunması, elektrik sistem və şəbəkələri, elektrik nəqliyyatı ixtisasları üzrə 87 tələbə qəbul olunub. Sonradan bu filial sərbəst olaraq Mingəçevir Politexnik İnstitutu kimi fəaliyyət göstərməyə başlayıb.

Beynəlxalq əlaqələr

Əlbəttə ki, müasir sənaye sahələri, özəlliklə də neft sənayesi üçün yüksək ixtisaslı kadrlar hazırlayan ali təhsil müəssisəsinin fəaliyyətində beynəlxalq əlaqələr xüsusi yer tutur.

1998-ci ildə ABŞ-ın İnformasiya Agentliyinin dəstəyi ilə Corciya Dövlət Universiteti (ABŞ) və ADNA arasında əməkdaşlıq əsasında mütəxəssis hazırlığı ingilis dilində aparılan biznesin idarə edilməsi üzrə magistratura (MBA) açılıb. Bu layihənin özəlliyi ondan ibarətdir ki, tədris planları və fənlərin məzmunu qərb standartlarına uyğunlaşdırılmış, dərslər ABŞ-dan dəvət olunan və ADNA-dan ABŞ-a təcrübə keçməyə göndərilmiş mütəxəssislər tərəfindən ən müasir tədris texnologiyalarından istifadə etməklə aparılır.



1999-cu ildən etibarən Avropa İttifaqının TEMPUS proqramı çərçivəsində Fransanın Sofiya-Antipolis və İtaliyanın Genuya universitetləri ilə əməkdaşlıq əsasında, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Parisin Neft və Motorlar İnstitutunun dəstəyi ilə Avropa standartlarına uyğunlaşdırılmış tədris planı əsasında “Ətraf mühit və neft sənayesi” ixtisası üzrə magistrlər hazırlığına başlanılıb.

1999-cu ildən həyata keçirilən MBA proqramının davamı olaraq 2001-ci ildə ABŞ-ın Corciya Dövlət Universiteti (CDU) ilə ADNA-nın əməkdaşlığı çərçivəsində qərb standartlarına uyğunlaşdırılmış tədris planları əsasında tədris ingilis dilində olmaqla biznesin idarə edilməsi üzrə bakalavr (BBA) hazırlığına başlanıb. Həmin ildə Almaniyanın Zigen Universiteti (ZU) ilə əməkdaşlıq çərçivəsində qərb standartlarına uyğunlaşdırılmış tədris planları əsasında tədris ingilis dilində aparılmaqla “Yeni texnologiyalar” proqramı üzrə bakalavr hazırlığına başlanıb.

2015-ci ildən etibarən ADNSU-nun nəzdində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılan Azərbaycan-Fransız Universiteti (UFAZ) fəaliyyət göstərməyə başlayıb. Tədrisin ingilis dilində aparıldığı UFAZ məzunlarına ADNSU diplomu ilə yanaşı Fransanın və dünyanın ən nüfuzlu universitetlərindən biri olan Strasburq Universitetinin diplomunu qazanmaq imkanı da təqdim edir.



ADNSU-da təhsilin və elmin sənaye ilə sintezi məqsədilə görülən mühüm işlərdən biri ali məktəbdə “eazi START” Startap məktəbinin yaradılmasıdır. İstedadlı tələbələr və magistrlarla yanaşı doktorantların, universitet müəllimləri və professorların iştirak etdiyi Startap məktəbinin məqsədi elmdə olan yeniliklərin əsasında minimal investiya qoyuluşu tələb edən biznes layihənin hazırlanması və istehsalın qurulmasıdır.

Onu da qeyd edək ki, hazırda Azərbaycan Neft və Sənaye Universiteti Corciya Dövlət Universiteti (ABŞ), Zigen Universiteti (Almaniya), Ploeşti Neft və Qaz Universiteti (Rumıniya), Tronheym Şəhər Elm və Texnologiya Universiteti (Norveç), Rusiya Dövlət Neft və Qaz Universiteti, Tümen Rusiya Dövlət Neft və Qaz Universiteti (Rusiya), Genuya Universiteti (İtaliya), Nitsa Sofiya-Antipolis Universiteti (Fransa), Afina Milli Texniki Universiteti (Yunanıstan), Xəzər Dövlət Texnologiya və Mühəndislik Universiteti (Qazaxıstan) kimi xarici ali məktəblərlə sıx əməkdaşlıq edir. Eyni zamanda Almaniyanın Zigen Universiteti ilə Biznesin təşkili üzrə birgə bakalavr (BBA), ABŞ-ın Corciya Dövlət Universiteti ilə Biznesin təşkili üzrə birgə magistr proqramları da (MBA) xüsusi qeyd oluna bilər.

Yüksək standartlar, müasir təhsil

Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ali təhsilin hər üç səviyyəsində – bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı həyata keçirilir. Universitetdə 7 fakültə və 28 kafedra fəaliyyət göstərir. Müxtəlif elmi istiqamətlərdə bakalavriat səviyyəsində 8415 tələbə, o cümlədən 333 tələbə SABAH qruplarında, 142 tələbə UFAZ-da ali təhsil alır. Bakalavriat səviyyəsində təhsil alan tələbələrdən 7787 nəfər əyani, 583 nəfər qiyabi şöbədədir. Magistratura səviyyəsində 1036 tələbə təhsilini davam etdirir, doktorantura səviyyəsində təhsilini isə 1 dekabr 2016-cı il tarixindən 129 nəfər elmi fəaliyyətlə məşğul olur.




Bu gün ADNSU-da 606 professor və müəllim heyəti təhsilə cəlb edilib. Onlardan 63 nəfər professor, 355 nəfər dosent, 134 nəfər müəllim, 54 nəfər baş müəllim vəzifələrində çalışır. 2014/2015-ci tədris ilindən başlayaraq, ADNSU-da təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə SABAH qrupları yaradılıb. Hazırda SABAH qruplarında 333 nəfər tələbə təhsil alır, 135 müəllim müxtəlif ixtisaslar üzrə müvafiq fənləri müasir metodlarla tədris edir.

ADNSU-da 6 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Universitetdə tələbələrin auditoriya və laboratoriyalarda əldə etdikləri praktiki bilik və bacarıqları möhkəmləndirmək üçün tədris və istehsalat təcrübəsi keçmək imkanları da genişləndirilir. ADNSU-da təhsil alan tələbələr hər il tədris planına və tədris qrafikinə uyğun olaraq müxtəlif müəssisələrdə tədris və istehsalat təcrübələrində iştirak edirlər. Universitetdə 42 müəssisə ilə istehsalat təcrübəsi üzrə əməkdaşlıq aparılır. Onlardan əsas baza müəssisələr – SOCAR, “Azərikimya“ İstehsalat Birliyinin “Etilen-polietilen“ zavodu, Heydər Əliyev adına neft emalı zavodu, SOCAR-ın Geofizika və Geologiya İdarəsi ilə sıx əməkdaşlıq olunur.

Tanınmış alim, təcrübəli idarəçi

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bir özəlliyi də bundan inarətdir ki, bu elm və ali təhsil ocağına onun bütün tarixi boyunca elm aləmində böyük nüfuza sahib olan insanlar rəhbərlik ediblər. Bu ənənə bu gün də davam edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsinə texnika elmləri doktoru, professor Mustafa Babanlı təyin edilib.

Mustafa Baba oğlu Babanlı 1968-ci ildə Saatlıda müəllimlər ailəsində anadan olub. 1983-cü ildə Bakı şəhəri 1 saylı Fizika-Riyaziyyat təmayüllü orta məktəbi bitirib, elə həmin il də Kiyev Politexnik İnstitutuna qəbul olaraq mühəndis fizikası fakültəsinin metallar fizikası ixtisası üzrə təhsil almağa başlayıb. 1989–cu ildə Ukrayna Milli Texniki Universitetinin mühəndis-fizikası fakültəsinin metallar fizikası ixtisasını fərqlənmə diplomu ilə bitirdikdən sonra gənc mütəxəssis kimi Azərbaycan Milli Elmlər Akademiyasının “Kristal” təcrübə zavodlu xüsusi konstruktor bürosunda mühəndis-texnoloq kimi əmək fəaliyyətinə başlayıb.




1990-1992-ci illərdə Ukrayna Milli Elmlər Akademiyasının Metallar Fizikası İnstitutunda aspiranturada təhsil alıb, 1993-cü ildə vaxtından əvvəl, “Bərk cisimlərin fizikası” ixtisası üzrə, “İfrat sürətlə soyudulmuş TiNiCu ərintilərində faza çevirmələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb. 1996-cı ildən Azərbaycan Texniki Universitetinin metallurgiya və metalşünaslıq kafedrasında işləyib. Əvvəlcə assistent, 2001-2010-cu illərdə dosent, 2010-2015-ci illərdə professor vəzifələrində işləyib. 2010-2015-ci illərdə Azərbaycan Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb.

27 fevral 2008-ci ildə Azərbaycan Texniki Universitetində texnika elmləri üzrə doktorluq dissertasiyasını müdafiə edərək “materialşünaslıq” ixtisası üzrə texnika elmləri doktoru alimlik dərəcəsi alıb. Mustafa Babanlı Azərbaycan Texniki Universitetinin nəzdində D-02.171 Dissertasiya Şurasının, həmçinin Təhsil Nazirliyi yanında Metodiki Əlaqələndirmə Şurasının üzvüdür. Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının üzvüdür. Çap olunmuş 138 elmi və elmi-metodik işi var. Müdafiədən sonra Mustafa Babanlının 56 elmi və elmi-metodik işi, o cümlədən 2 patent, 20 beynəlxalq və respublika elmi-texniki konfrans materialları, 1 dərslik, 2 dərs vəsaiti, 1 monoqrafiya və 3 fənn proqramı nəşr olunub. 1994-cü ildən etibarən Ukrayna Milli Elmlər Akademiyası Metallar Fizikası İnstitutu (Kiyev, Ukrayna), Fransa Ali Kimya Məktəbi (Paris, Fransa), Fransa Elmi Araşdırmalar Mərkəzi (Vitri, Fransa), Balear adaları Universiteti (Palma de Mayorka, İspaniya), Frayberq Texniki Universiteti (Frayberq, Almaniya) ilə sıx elmi əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində Mustafa Babanlı bir çox beynəlxalq elmi layihələrə rəhbərlik edib.



Bu gün professor Mustafa Babanlının rəhbərliyi altında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ölkənin ən aqbaqcıl ali təhsil ocaqlarından biri kimi elm və təhsil sahəsinin inkişafına öz əvəzsiz tövhələrini verməkdədir.

aia.az

Arzu Həsənova
Murad Babyev
Geri dön