Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > Özəl klinikalarda keysəriyyə və küvez alveri - Perinatal Mərkəzin direktorundan şok açıqlama

Özəl klinikalarda keysəriyyə və küvez alveri - Perinatal Mərkəzin direktorundan şok açıqlama


20-11-2018, 12:31. Yazar: sevinc1
Özəl klinikalarda keysəriyyə və küvez alveri - Perinatal Mərkəzin direktorundan şok açıqlama


"Qəsdən vaxtından əvvəl keysəriyyə edirlər ki, günü 350 manatdan küvezə qoysunlar”

Son zamanlar Azərbaycanda vaxtından əvvəl keysəriyyə əməliyyatlarının böyük qismi özəl klinikalarda aparılır. Belə ki, keysəriyyə əməliyyatları çox zaman 38-39 həftədə yox, müxtəlif risklər nəzərə alınaraq 33-35-ci həftədə həyata keçirilir. Özəl klinikalar ana və körpə ölümü statistikasından qorxduğu üçün daha asan xəstələri qəbul edir. Hamiləliyi ilk başdan aparıb, sonda qadına müxtəlif səbəblər gətirərək, keysəriyyə təklif edən ginekoloq cərrahlar uşağı bətndən 33-36 həftədə çıxararaq, küvezə yerləşdirirlər. Maraqlısı odur ki, bu barədə öncədən valideynlərə bir məlumat verilmir. Məhz bu səbəbdən son günlər sosial şəbəkələrdə uşağı özəl klinikanın neanotologiya şöbəsində günü 350 manata yatan valideynlər kömək istəyərək, müalicə üçün vəsaitlərinin çatmadığını bildirirlər.

Respublika Perinatal Mərkəzin direktoru, həkim ginekoloq Sevinc Məmmədova özəl klinikaların imtina etdiyi çətin doğuşları, əməliyyatları və pul olmadığına görə küvezdən ayrılan körpələri qəbul etdiklərini etiraf edib.

BakuPost xəbər verir ki, o, Medicina.az-a açıqlamasında bu məsələnin işıqlandırılmasının və insanların məlumatlandırılmasının vacibliyini bildirib:

"Bu, bizim yaralı yerimizdir. Özəl klinikalar hamiləni götürür, axıra kimi gətirir, xeyli pulunu alır, doğuş vaxtı gələndə ginekoloqların hamısı cərrahdır deyə, təbii doğum sərf etmədiyi və bəzən riskli olduğu üçün, müxtəlif səbəblər gətirərək, "uşaqda ürək zəifləyir, suyun azdır, nəsə xoşuma gəlmir, səni mütləq keysəriyyə etməliyik” deyərək ananı qorxudurlar. Qadın da övladını xilas etmək üçün o anda nə desələr razılaşır.

33-35 həftəlik uşaq artıq yarımçıq doğulmuş sayılır. Anaya, ailəyə öncədən demirlər ki, uşaq yarımçıq doğulmuş olacaq, onu neonatalda saxlamalıyıq. Uşaq doğulandan sonra deyirlər ki, yaşasın deyə küvezə qoymalıyıq. Valideyn də 9 ay gözləyib, bir küvezə görə övladını itirməyəcək ki! Və özəl klinika başlayır saatbasaat, günbəgün pulu hesablamağa. Uşaq da küvezdə 1 ay qalmalıdır. Günü 300 manatdan hesablayın... Hansı ailənin gücü çatar? Klinika, həkim heç vaxt etiraf etməz ki, qəsdən əməliyyatı 33 həftəlikdə təyin etmişik”.

ÐÐ¾Ñ Ð¾Ð¶ÐµÐµ изобÑажение

Beləcə, uşaq 1 həftə küvezdə qalır, müəyyən xərclər də çıxılır, artıq ailənin maddi gücü yetmir, pul tükənir, klinika depozit tələb edir. Depozit də qoya bilməyəndə, müalicə kəsilir, uşaq küvezdən ayrılır. Bundan sonra onun taleyinə klinika cavabdeh olmur:

"O qədər qışın soyuğunda gecəyarı qucağında nəfəsi kəsilmiş, göyərmiş körpəsini gətirən analar olub ki... Ya Pediatriya İnstitutu, ya da Perinatala gəlirlər. Özəl klinika daşınmaq üçün heç xüsusi təcili yardım da vermir. O da pulludur - 300 manat. Pul yoxdur, uşağı verir qucağına.

İş orasındadır ki, vətəndaşlar dövlət xəstəxanasında belə bir münasibət olsa, həkimi az qala öldürərlər. Amma özəldə şikayət də etmirlər. Çünki pulun yoxdursa, sənə xidmət yoxdur, bununla da barışırlar.

Amma belə olmaz. Körpəni aparatdan ayırıb, sterillik pozularaq, taksi ilə göndərmək olmaz.

Çapığa bitişmiş dölləri çıxara bilmirlər, ana qanaxma ilə ağır vəziyyətdə, son məqamda bizə gətirilib. Halbuki 5-6 ay özəldə qeydiyyatda olub. Elə ki, görürlər xəstə ağırdır, dərhal boyun qaçırırlar ki, aparın perinatala. Halbuki öncədən bizə gəlsəydi, biz onu əməliyyata hazırlayardıq, uşaq da dərhal küvezə yerləşdirilərdi.

Şükür ki, bizdə ana ölümü olmayıb. Amma ana travmatizmi deyilən bir şey var. Biz belə qadınlarla çox rastlaşırıq. Biz maksimum ananı da, uşağı da xilas etməyə çalışırıq.

Ordakı çox həkimlər Türkiyədə, Rusiyada, Ukraynada oxuyub, diplomu nazirlik tərəfindən təsdiq olunmayanlardır. Onların səhvlərini də biz düzəldirik” .

Həkim son aylar mətbuatda ana və uşaq ölümü ilə bağlı xəbərlərə cəmiyyətin aqressiv reaksiyası və həkimlərin tənqidinə də münasibət bildirib:

"Bu binada, bu divarlar arasında, küvezlərdə nə baş verir, hansı çətinliklərdən keçərək ovuc boyda körpələri yaşatmağa çalışırıq, qram-qram böyüdürük, bunun üçün nə əziyyətlər çəkirik biz bilirik. Əziyyətimizin bəhrəsini də görürük. Övladını yaşatdığımız anaların xeyir duası bəsimizdir. Gəlib görmədən, çəkmədən, danışdırmadan yazmaq, "Azərbaycan həkimi pisdir” deyə aləmə car çəkmək insanlığa sığmır. Gəlib mərkəzin şəraitinə, avadanlığına, cəmi bir gecə növbəsində nələr etdiyimizə baxıb, sonra yazardılar.

Bəli, Perinatal Mərkəz qapalı xəstəxanadır. Burda sterillik çox vacibdir. Amma bir içəri boylanan da yoxdur, elə kompüter arxasında oturub reytinq naminə tənqid yazmaq obyektiv münasibət deyil”.

Aygün Musayeva
Medicina.az


aia.az
Geri dön