Ana Sayfa > Manşet / Təhsil > Qubanın təhsil sistemi yenilikçi layihələrin tətbiqinə hazırdır

Qubanın təhsil sistemi yenilikçi layihələrin tətbiqinə hazırdır


7-11-2018, 16:53. Yazar: sevinc1
Qubanın təhsil sistemi yenilikçi layihələrin tətbiqinə hazırdır




Təhsil Şöbəsinin rəhbərliyində olan dəyişiklik bu sahənin inkişafına yeni dinamika gətirib

Bu gün Azərbaycan iqtisadiyyatının dinamik inkişafı ölkənin təhsil sisteminin də inkişaf etdirilərək ən yüksək dünya standartları səviyyəsinə çıxarılması üçün geniş imkanlar yaratmışdır. Məlumdur ki, məhz təhsil sahəsinin inkişafı dövlətimizin prioritet olaraq müəyyənləşdirdiyi əsas istiqamətlərdən biridir. Sevindirici haldır ki, ölkə təhsilinin ümumi inkişafını təmin etmək üçün bu sahədə müəyyən edilmiş dövlət strategiyası hazırda rayon və bölgələrimizdə də uğurla həyata keçirilməkdədir. Bu gün təhsil sahəsində kifayət qədər yüksək göstəricilərin əldə olunduğu, dinamik inkişafın müşahidə edildiyi rayonlarımızdan biri də Quba rayonudur.

Dövlətin qayğısı inkişafı təmin edən əsas amildir



Hal-hazırda Quba rayonunda ümumilikdə 155 təhsil müəssisəsi fəaliyyət göstərir. O cümlədən rayonda Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialı, Quba Dövlət Sosial-İqtisad kolleci, Tibb kolleci, Peşə liseyi, Xüsusi peşə məktəbi fəaliyyət göstərirlər. Bilavasitə Quba Rayon Təhsil Şöbəsinin tabeliyində isə, 66 tam orta, 43 ümumi orta və 27 ibtidai olmaqla 136 məktəb və 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Bu məktəblərdə təhsil alan şagirdlərin ümumi sayı 25000 nəfərə yaxındır. Qeyd etmək lazımdır ki, son illər ərzində digər bölgələrdə olduğu kimi, Quba rayonunda da birbaşa dövlət başçısının göstərişi ilə çox sayda məktəb binaları əsaslı təmir olunub, yeniləri tikilərək istifadəyə verilib. Belə ki, rayonda 9662 şagird yerlik 56, o cümlədən Heydər Əliyev Fondunun dəstəyi ilə 2510 şagird yerlik 17 məktəb binası tikilmişdir. 2380 şagird yerlik 8 məktəb binası əsaslı təmir edilmişdir. Quba valideyn himayəsindən məhrum uşaqlar üçün internat tipli tam orta məktəbinin binası əlavə yataqxana korpusu tikilməklə əsaslı təmir olunmuşdur.



Ötən tədris ilinin yekunları ürəkaçandır

Əlbəttə ki, dövlət tərəfindən göstərilən bu diqqət və qayğını qarşılıqsız qoymaq qətiyyən olmaz. Təhsilə göstərilən qayğının yeganə qarşılığı isə, şagird və tələbələrin biliklərə mükəmməl şəkildə yiyələnmələri ola bilər. Demək lazımdır ki, bu baxımdan Quba rayonunun həm pedaqoji, həm də şagird kollektivləri yüksək göstəricilərə nail olmaq üçün bütün potensiallarını səfərbər etmişlər. Bir tərəfdən reallaşdırılan dövlət proqramlarının uğurlu icrası, digər tərəfdən də yerli peşəkar pedaqoji kadrların ciddi səyləri nəticəsində ötən tədris ilində Quba təhsili nəzərə carpacaq inkişafa nail olmuşdur. Belə ki, 2017-2018-ci tədris ilində Quba rayon ümumtəhsil məktəblərindən məzun olan 392 nəfər tələbə adını qazanıb. Bu məzunlardan Şuduq kənd tam orta məktəbinin məzunu Günel Paşayeva “Ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında” Azərbaycan Respublikası Təhsil nazirinin əmrinə əsasən gümüş medalla təltif edilib. Məzunlardan 195 nəfəri 200-300, 253nəfər 300-500, 80 nəfər isə 500-700 intervalda bal toplayıblar. Orta ixtisas təhsili müəssisələrinə qəbul olanların sayı isə 160 nəfərdir.

Təhsil şöbəsi yeniliklərin tətbiqinə başlayıb




Heç şübhəsiz bu gün Quba təhsilinin inkişafından və əldə olunan uğurlardan danışarkən bu rayonun təhsil şöbəsinin effektiv fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Rayon ictimaiyyətinin ümumi rəyinə görə, təhsil şöbəsinin müdiri Rüfət Hacıyev dövlətimizin Təhsil strategiyasının uğurla həyata keçirilməsi baxımından rəhbərlik etdiyi qurumun fəaliyyətini tamamilə düzgün istiqamətə yönəldə bilib. Qeyd edək ki, Rüfət Hacıyev Quba rayon İcra Hakimiyyəti başçısının 28 dekabr 2017-ci il tarixli, 113 nömrəli əmri ilə Quba rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Lakin aradan az bir müddətin keçməsinə rəğmən, yeni şöbə müdiri bu qurumun işində önəmli irəliləyişə nail ola bilib. Bu barədə əldə etdiyimiz məlumatlarda da vurğulanır ki, Rüfət Hacıyevin bu vəzifəyə təyinatından sonra Quba rayon Təhsil Şöbəsinin işində bir canlanma, əvvəllər bir o qədər də hiss olunmayan dinamiklik və işgüzarlıq aşkar müşahidə olunmaqdadır. Mütəmadi olaraq keçirilən toplantı və müşavirələrdə isə, rayonun təhsil müəssisələrinin ümumi fəaliyyət konsepsiyası və konkret dövrü proqramlar işlənib hazırlanır. Belə toplantılardan biri də bu günlərdə baş tutub. Belə ki, noyabrın 6-da Quba Rayon Təhsil Şöbəsində iclas keçirilib. Rayon Təhsil Şöbəsinin müdirinin və digər əməkdaşlarının, eləcə də rayon ümumtəhsil məktəb direktorlarının iştirakı ilə keçən iclasda yeni imtahan modelləri ilə buraxış sinif şagirdlərinin tanışlığının təmin edilməsi, həmçinin bu istiqamətdə müəllimlərin və məktəb rəhbərlərinin qarşısında duran vəzifələr, yeni tədris ilində məktəblərdə təşkil olunacaq tədbirlər və sairə müzakirə olunub.

Heç şübhəsiz, cari tədris ilində də Rüfət Hacıyevin rəhbərliyi altında Quba RTŞ-nin fəaliyyətində tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə yenilikçi ideyaların tətbiqinə geniş yer veriləcək.

aia.az

Orxan Məmmədov

Geri dön