Ana Sayfa > Təhsil > “Coğrafiya” dərsliyinin müəllifləri ittihamlara cavab verdilər

“Coğrafiya” dərsliyinin müəllifləri ittihamlara cavab verdilər


6-11-2018, 16:53. Yazar: sevinc1
“Coğrafiya” dərsliyinin müəllifləri ittihamlara cavab verdilər


Ümumtəhsil məktəbləri üçün 6-cı sinif “Coğrafiya” dərsliyinin müəllifləri Nərminə Seyfullayeva, İrken Aktoprak və Yelena Şabanova təhsil eksperti Kamran Əsədovun dərsliklə bağlı iradlarına cavab veriblər.



Modern.az xəbər verir ki, dərsliyin 43-cü səhifəsində “Adətən həmsərhəd ölkələr arasındakı sərhədlər razılaşma əsasında müəyyən edilir. Qonşu ölkələrdəki sərhədlər razılaşdırılmadıqda, onlar arasında mübahisə və münaqişələr də baş verə bilər. Məsələn, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan Respublikasına Ermənistanın ərazi iddiası nəticəsində yaranmışdır” cümlələrinə təhsil eksperti Kamran Əsədov münasibət bildirib. O deyib ki, Azərbaycan Respublikasının dövlət sərhədi dövlətlərarası razılaşma ilə müəyyən olunmur, bu, Azərbaycan Respublikası Milli Məclisin qərarları ilə müəyyən edilir. Bu isə o deməkdir ki, Azərbaycan Respublikası dövlət sərhədlərinin dəyişdirilməsi yalnız referendum yolu ilə həll oluna bilər: “Dərslikdə belə verilməli idi ki, Azərbaycan Respublikasının həmsərhəd dövlətlərlə rəsmiləşdirilməyən sərhədləri dövlətlərarası müqavilə ilə təsbit edilir. Amma bu, o demək deyil ki, sərhədlər müəyyənləşməyəndə müharibə olur. Bizim 27 ildir ki, hələ də Gürcüstanla, İranla sərhədlərimizin tam müəyyənləşmədiyi ərazilər var. Amma müharibə etmirik. Müzakirələr aparılır. Bu faktı oxuyan şagird elə biləcək ki, Azərbaycan – Ermənistan Dağlıq Qarabağ münaqişəsi iki dövlət arasında sərhədlər müəyyənləşmədiyinə görə baş verib”.



Məsələ ilə bağlı 6-cı sinif “Coğrafiya” dərsliyinin müəllifləri Nərminə Seyfullayeva, İrken Aktoprak və Yelena Şabanova münasibət bildiriblər. Həmin rəyi təqdim edirik:



“Müvafiq cümlə dərsliyin “Dünya ölkələri” hissəsində, dünya ölkələrinin coğrafi mövqeyinin müzakirəsi kontekstində yer alıb. Burada dünya ölkələrinin coğrafi mövqelərinin əlverişli-əlverişsiz olması şərh edilir və o cümlədən, misal kimi, qeyd edilir ki, “Adətən, həmsərhəd ölkələr arasındakı sərhədlər razılaşma əsasında müəyyən edilir. Qonşu ölkələrdəki sərhədlər razılaşdırılmadıqda, onlar arasında mübahisə və münaqişələr də baş verə bilər. Məsələn, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan Respublikasına Ermənistanın ərazi iddiası nəticəsində yaranmışdır”.



Düzü, bu fikirdə kimi nəyin qane etmədiyini müəyyən etmək çox çətindir. Özünü təhsil eksperti adlandıran şəxslər Ermənistanın Azərbaycan Respublikasına qarşı ərazi iddiasının olduğunu şübhə altına alırlar və ya bu ifadənin səhv olduğunu düşünürlər?



Belə ki, ölkə Prezidenti cənab İlham Əliyevin 26 aprel 2011-ci il tarixində Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında qeyd etdiyi kimi: “Bu gün Ermənistan dövləti bizə qarşı ərazi iddiası ilə çıxış edir. Torpaqlarımız işğal altındadır. Dağlıq Qarabağ işğal altındadır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır”.



Aydındır ki, əgər bir ölkə digər ölkəyə qarşı ərazi iddiası qaldırırsa, deməli, iddia qaldıran dövlətin mövcud dövlət sərhədləri ilə razılaşmaması deməkdir. Azərbaycan dövləti və xalqı Ermənistanın beynəlxalq hüquqa zidd olan ərazi iddialarını heç vaxt qəbul etməyib və öz əzəli torpaqları uğrunda sona qədər vuruşacağını dəfələrlə bəyan edib. Eyni zamanda, “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasının həmsərhəd dövlətlərlə rəsmiləşdirilməyən sərhədləri dövlətlərarası müqavilə ilə təsbit edilir”.

aia.az
Geri dön