Ana Sayfa > İdman > İstanbul derbisində qalib müəyyənləşmədi
İstanbul derbisində qalib müəyyənləşmədi3-11-2018, 11:16. Yazar: sevinc1 |
Futbol üzrə Türkiyə Superliqasının XI turunda “Qalatasaray” komandası İstanbul derbisində əzəli rəqibi “Fənərbağça”nı qəbul edib. Modern.az xəbər verir ki, “Türk Telekom Arena”da keçirilən matçda hesabı 31-ci dəqiqədə “Qalatasaray”ın futbolçusu Rayan Donkun vurduğu qolla meydan sahibləri açıblar - 1:0. Fasilədən dərhal sonra - görüşün 49-cu dəqiqəsində Martin Linnes ikinci topu qonaqların qapısından keçirib. Lakin “Fənərbaxça” futbolçuları hesabı bərabərləşdirməyə nail olublar. Əvvəlcə 66-cı dəqiqədə Matyö Valbuenanın 11 metrlik cərimə zərbəsindən vurduğu qolla hesab arasındakı fərq azalıb. Bundan altı dəqiqə sonra isə M.Valbuenanın məhsuldar ötürməsini braziliyalı Jailson qola çevirib - 2:2. Oyunun sonlarında hər iki komandanın real qol vəziyyətləri yaratmasına baxmayaraq, hesab dəyişməyib. Beləliklə, gərgin idman mübarizəsi şəraitində keçən oyun heç-heçə yekunlaşıb. Oyunun baş hakimi Fırat Aydınus komandaların futbolçularına beş sarı kart göstərib. Bu oyundan sonra hesabındakı xalların sayını 20-yə çatdıran “Qalatasaray” turnir cədvəlində ikinci sıraya yüksəlib. On oyundan sonra cəmi 10 xal toplaya bilən “Sarı-lacivərdlilər” isə hazırda turnir cədvəlində 18 komanda arasında 15-ci pillədə yer alıblar. Xatırladaq ki, ötən mövsüm bu komandalar arasında “Türk Telekom Arena”da oynanılan görüşdə hesab açılmamışdı. “Qalatasaray” və “Fənərbağça” indiyədək Superliqada 122 dəfə qarşılaşıb. Bunlardan 50 oyunda "Qalatasaray", 33-də isə "Fənərbağça" üstün olub. 39 matçda qalib müəyyənləşməyib. Türkiyə çempionatında turnir cədvəlinə 21 xalla "Başakşəhər" komandası başçılıq edir. “Kasımpaşa” isə üçüncü pillədə qərarlaşıb. aia.az Geri dön |