Ana Sayfa > Siyasət > Deputatdan İntizam Komissiyası ilə bağlı TƏKLİF: “Üzvlərin sayı 13-ə qaldırılsın”
Deputatdan İntizam Komissiyası ilə bağlı TƏKLİF: “Üzvlərin sayı 13-ə qaldırılsın”3-11-2018, 10:53. Yazar: sevinc1 |
Xəbər verdiyimiz kimi, Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci (Milli Məclisin İntizam komissiyası) maddəsinə dəyişiklik təklif olunur. Təklif edilən dəyişikliklə İntizam komissiyası üzvlərinin sayı 7-dən 9-a artırılır. Dəyişiklik parlamentin 30 oktyabrda keçirilən iclasında birinci oxunuşda qəbul edilib. Hazırki maddəyə əsasən, Milli Məclisin İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilir. Dəyişiklik layihəsində qeyd olunub ki, İntizam komissiyasının iclası onun azı 4 deyil, 7 üzvü iştirak etdikdə səlahiyyətlidir. İntizam komissiyasının bütün qərarları onun iclaslarında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Müvafiq rəy İntizam komissiyasının üzvlərinin 6 səs çoxluğu ilə verilir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Qüdrət Həsənquliyev Modern.az-a açıqlamasında qeyd edib ki, əvvəllər İntizam komissiyası yalnız deputat barəsində intizam-tənbeh tədbiri tətbiq edə bilərdi. “Ancaq dəyişiklikdən sonra isə komissiya deputatı mandatdan məhrum edə biləcək. Hesab edirəm ki, bu qərarın İntizam komissiyasında qəbul olunması zamanı daha çox deputat iştirak etməlidir. Mən təklif etmişəm ki, İntizam komissiyasının üzvləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan Hüquqları komitələrinin deputatlarından formalaşdırılsın. Çünki həmin komitələrdə daha peşəkar hüquqşünaslar təmsil olunurlar”. Deputat bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsinə edilən dəyişikliyə görə, İntizam komissiyasının üzvlərinin sayı 7-dən 9-a qaldırılır. “Ancaq mən komitə iclasında təklif etmişəm ki, İntizam Komissiyasının üzvlərinin sayı ən azı 13 olsun. Ancaq Daxili Nizamnamədə edilən dəyişiklikdə 9 nəfər nəzərdə tutulub”. Q.Həsənquliyev Milli Məclisin İntizam Komissiyasının fəaliyyəti barədə də danışıb: “İntizam komissiyasının toplaşması üçün parlamentin sədri tərəfindən müraciət olmalıdır. Son vaxtlar İntizam komissiyasının toplaşması üçün bir dəfə belə bir hal olub. O, da deputat həmkarım Zahid Orucla bağlı olub. Hesab edirəm ki, dəyişikliklər qəbul edildikdən sonra İntizam komissiyasının işi də artacaq. Həmçinin “Milli Məclisin deputatının statusu haqqında” da qanuna dəyişikliklər edilir. Orada göstərilib ki, deputatlar ümumi dəyəri 55 manatdan çox olan aldıqları hədiyyə ilə bağlı məlumat verməlidirlər. Hesab edirəm ki, bu amillər də komissiyanın işinin həcmini artıracaq”. aia.az Geri dön |