Ana Sayfa > Siyasət > Milli Məclisin komitələri ilə bağlı yeni dəyişiklik

Milli Məclisin komitələri ilə bağlı yeni dəyişiklik


29-10-2018, 11:57. Yazar: sevinc1
Milli Məclisin komitələri ilə bağlı yeni dəyişiklik

Milli Məclisin komitələrində qanun və qərar layihələrinin hazırlanması və baxılması qaydalarına dəyişiklik edilir.


Modern.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin Daxili Nizamnaməsinin 15-ci maddəsinə (Milli Məclisin komitələrində qanun və qərar layihələrinin hazırlanması və baxılması qaydası) dəyişiklik təklif olunur.


Dəyişikliyə görə, Milli Məclisin komitələrində qanun və qərar layihələrinin hazırlanması və baxılması qaydasını aparıcı komitə Azərbaycan Konstitusiyasına, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa və Daxili Nizamnaməyə əsasən müəyyənləşdirməlidir.


Aparıcı komitənin tapşırığı ilə Milli Məclisin Aparatı qanun və qərar layihələrinin dövri olaraq ictimai dinləmələrinin və ictimai müzakirələrinin keçirilməsini təşkil edəcək. İctimai dinləmə (müzakirə) komitə iclası ilə birlikdə keçirilə bilər. İctimai dinləmənin (müzakirənin) təşkili üçün Milli Məclisin Aparatı “İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq tədbirlər görməlidir. İctimai dinləməyə (müzakirəyə) dəvət olunan şəxslər ictimai dinləmənin (müzakirənin) keçirilməsi tarixi barədə ən azı 3 gün, Azərbaycan Konstitusiyasının 96-cı maddəsinin V hissəsinə əsasən təcili elan edilən qanun və ya qərar layihəsi ilə bağlı isə ən azı 1 gün qabaq xəbərdar olunacaqlar.



Milli Məclisin Aparatı aparıcı komitənin tapşırığı ilə qanun və qərar layihələrinin məcburi hüquqi və linqvistik ekspertizalarını keçirəcək, habelə qanun layihələrinin qəbul edilməsi ilə əlaqədar ləğv edilməli, dəyişikliklər edilməli, habelə hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısını tərtib edəcək. Qanunun qəbul edilməsi ilə əlaqədar hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı olmadan layihələrin hazırlanmasına yalnız bunun üçün 1 ildən artıq müddət tələb edildikdə yol veriləcək. Bu halda komitə tərəfindən siyahının təqdim edilməsi müddətini müəyyən edən tapşırıq hazırlanacaq.



Hazırki qanun layihəsi isə aşağıdakı kimidir:


Milli Məclisin komitələrində qanun və qərar layihələrinin hazırlanması və baxılması qaydasını aparıcı komitə Azərbaycan Respublikasının Konstitusiyasına və bu Daxili Nizamnaməyə əsasən müəyyənləşdirir.


Qanun və qərar layihələri üzərində iş aparmaq üçün komitə işçi qrupu yarada bilər. Qanun və qərar layihələri bir neçə komitə tərəfindən hazırlanırsa, onlar birgə işçi qrupları yarada bilərlər. Bir məsələyə aid iki və ya daha çox qanun və qərar layihəsi varsa, onlar birlikdə müzakirə edilir.


Milli Məclisin Aparatı komitənin tapşırığı ilə qanun və qərar layihələrinin hüquq və dil-üslub baxımından ekspertizasını keçirir, habelə qanun layihəsinin qəbul edilməsi ilə əlaqədar qəbul olunmalı, dəyişdirilməli və ya ləğv edilməli qanunların və başqa normativ hüquqi aktların siyahısını tərtib edir.


Milli Məclisin deputatlarının və başqa qanunvericilik təşəbbüsü hüququ subyektlərinin qanun və qərar layihələrinə aid qeyd və təkliflərinə aparıcı komitənin iclaslarında baxılır.


Milli Məclisin komitələri arasında baxılan layihələrə dair fikir ayrılığı əmələ gələrsə, aparıcı komitənin qərarı əsas götürülür. Bu qərarla razı olmayan komitənin rəyi Milli Məclisin bu məsələyə aid iclasında deputatlara yazılı şəkildə çatdırılır.


Hazırlanmış və ya baxılmış layihə Milli Məclisin iclasının gündəliyinə daxil edilmək üçün iclasa dəvət olunmalı şəxslərin siyahısı ilə birlikdə Milli Məclisin sədrinə təqdim edilir.



Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik parlamentin oktyabrın 30-da keçiriləcək iclasında müzakirə ediləcək.

aia.az
Geri dön