Ana Sayfa > Manşet / Təhsil > Təhsildəki nailiyyətlərimiz işıqlı gələcəyimizin rəməlidir

Təhsildəki nailiyyətlərimiz işıqlı gələcəyimizin rəməlidir


29-10-2018, 10:37. Yazar: sevinc1





Ağstafa Rayon Təhsil Şöbəsinin uğurlu fəaliyyəti nəticəsində son iyirmi ilin ən yüksək göstəriciləri qeydə alınıb


Bu gün Azərbaycanda təhsil sisteminin ümumi inkişafını təmin etmək üçün bu sahədə müəyyən edilmiş dövlət strategiyası paytaxt Bakı ilə yanaşı dsigər rayon və bölgələrimizdə də uğurla həyata keçirilməkdədir. Təhsil sahəsində kifayət qədər yüksək göstəricilərin əldə olunduğu, dinamik inkişafın müşahidə edildiyi rayonlarımızdan biri də Ağstafa rayonudur. Ağstafa rayon Təhsil Şöbəsi bu rayonun Qazax rayonunun tərkibindən ayrılaraq müstəqil rayon kimi fəaliyyətə başlaması ilə əlaqədar 1990-cı ildə yaradılmışdır. Hazırda təhsil şöbəsinin tabeliyində 39 ümumi təhsil müəssisəsi və 4 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir. Şöbənin müdiri Kamran Abbasovdur.
Təhsildəki nailiyyətlərimiz işıqlı gələcəyimizin rəməlidir


Qısa arayış:


Abbasov Kamran Yahya oğlu 1963-cü ildə Ağstafa şəhərində anadan olmuşdur. 1981-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə olmuşdur. 1986-cı ildə həmin universiteti bitirmişdir. 1986-cı ilin avqust ayından 1988-ci ilin sentyabr ayına qədər Ağdaş şəhər Nizami adına 2 saylı orta məktəbdə, 1988-ci ilin sentyabr ayından 1989-cu ilin sentyabrına qədər Ağdaş şəhər M.Qorki adına 4 saylı rus orta məktəbində ixtisası üzrə müəllim işləmişdir. 1991-ci ilin dekabr ayından 2017-ci ilin fevral ayına qədər Ağstafa rayon İcra hakimiyyəti başçısı aparatında məsləhətçi, baş məsləhətçi, sektor müdiri və şöbə müdiri vəzifələrində çalışıb. 3 fevral 2017-ci il tarixdən Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

Ucqar kəndlərdə də yeni məktəblər tikilir




Son illər dövlətimizin və birbaşa Ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı nəticəsində respublikamızın orta məktəblərdə təhsilin səviyyəsi yüksəlmiş, müəllim və şagirdlər üçün maddi-texniki bazanın gücləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır. O cümlədən Ağstafa rayonunda da yeni məktəblərin tikintisi, əsaslı təmiri, inventar və avadanlıqlarla təmin olunması istiqamətində mühüm işlər görülmüşdür. Son illərdə rayonda 10 yeni məktəb binası, o cümlədən rayonun ən ucqar və Ermənistanla həmsərhəd kəndi olan Köhnəqışlaq kəndində yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Azərbaycan Respublikası prezidentinin müvafiq sərəncamı ilə Ağstafa şəhər 3 saylı tam orta məktəb əsaslı təmir olunmuşdur. Hazırda Böyük Kəsik kənd tam orta məktəbinin yeni binasının tikintisinə başlanılmış və Həzi Aslanov qəsəbəsində modul tipli məktəbin quraşdırılması başa çatmaq üzrədir.

Ali məktəblərə qəbulda rekord göstərici

Təbii ki, dövlət tərəfindən göstərilən bu diqqət və qayğının müqabilində Ağstafa rayonunun həm pedaqoji, həm də şagird kollektivləri öz növbələrində yüksək göstəricilərə nail olmaq üçün bütün potensiallarını səfərbər etmişlər. Bir tərəfdən reallaşdırılan dövlət proqramlarının uğurlu icrası, digər tərəfdən də yerli peşəkar pedaqoji kadrların ciddi səyləri nəticəsində ötən tədris ilində Ağstafa təhsili nəzərə carpacaq inkişafa nail olmuşdur.



2017-2018-ci tədris ilində Ağstafa rayon təhsil müəssisələrində təhsil alan məzunlardan 292 nəfəri ali təhsil müəssisələrinə qəbul edilib. Bu məzunlardan Aybəniz İsmayılova “qızıl medal”la təltif edilib. 17 məzun 600 baldan çox, 42 məzun isə 500 baldan çox nəticə göstərib, 3 məzun isə xarici dövlətlərdə təhsil almaq hüququ qazanıb. Qeyd edək ki, Ağstafa Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin XI siniflərini 742 nəfər şagird bitirib. Onların 292 nəfəri ali təhsil müəssisələrinə qəbul edilib. Ötən il isə bu rəqəm 225 nəfər idi. Başqa sözlə desək, ötən il qəbul olanlar 31,6% təşkil edirdisə, bu il bu göstərici 39,3% təşkil edir. Əldə etdiyimiz məlumata görə bu, son iyirmi ildə Ağstafa məktəblərində müşahidə olunan ən yüksək göstəricidir.




Gənclərin sağlam mənəviyyatda formalaşmaları işi diqqət mərkəzindədir

Bu gün Ağstafada tədrisin keyfiyyətinin yüksəldilməsi ilə paralel olaraq, gənc nəslin milli-vətənpərvər ruhda formalaşması işi də xüsusi diqqət mərkəzində saxlanılır. Məhz elə bu məqsədlə də oktyabr ayının 18-də rayon təhsil şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünə həsr olunan tədbirlər və “Dəyirmi masa”lar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib. Tədbirdə rayon təhsil şöbəsinin əməkdaşları, digər məktəblərdən dəvət olunan müəllimlər, şagirdlər, məktəb kollektivi və digər qonaqlar iştirak edib. Tədbirlərin keçirilməsində məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltməkdən ibarətdir.




Əminliklə demək olar ki, bu tədris ilində də Kamran Abbasovun rəhbərliyi altında Ağstafa RTŞ-nin fəaliyyətində məktəb idarəetməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, ümumilikdə tədrisin keyfiyyətinin yüksəldilməsi və əlbəttə ki, gənclərimizin milli-vətənpərvər ruhda yetişdirilməsi kimi məsələlər əsas prioritet istiqamətlərdən olacaq.

aia.az
Mehman Məmmədov
Geri dön