Ana Sayfa > Manşet / Təhsil > Mingəçevir Turizm Kolleci beynəlxalq əlaqələri möhkəmləndirir
Mingəçevir Turizm Kolleci beynəlxalq əlaqələri möhkəmləndirir26-10-2018, 10:18. Yazar: sevinc1 |
Əyyub Əyyubov: “Turistlərin burada görmək istədiyi xidmət çeşidlərini bizim mütəxəssislər onlara bacarıqla verməlidirlər...” Məlum olduğu kimi, Azərbaycan iqtisadiyyatının inkişafı baxımından turizm sahəsi qeyri-neft sektorunda ən perspektivli sahələrdən biridir. Ölkəmizdə bu sahənin inkişafı üzrə geniş potensial imkanlar vardır. Eyni zamanda bu da bir həqiqətdir ki, turizm sahəsinin inkişafını təmin etmək üçün bacarıqlı mütəxəssislər tələb olunur. Mingəçevir Turizm Kolleci yarandığı gündən öz fəaliyyətini güclü maddi-texniki bazanın və kadr potensialının hazırlanmasına, tədris intizamının formalaşmasına və beynəlxalq əlaqələrin qurulmasına yönəldib. Turizmin inkişafı dövlət səviyyəsində prioritet istiqamətlərdən biri kimi müəyyən edilib Ümummilli lider, Ulu Öndər Heydər Əliyev turizmi Azərbaycan iqtisadiyyatının qeyri neft sektorunun ən perspektivli sahələrindən biri kimi dəyərləndirirdi. Ölkə Prezidenti cənab İlham Əliyev bu sahənin inkişafını təmin etmək üçün dövlət proqramında xüsusi yer verilməsini təmin etmişdir. Nəticədə ölkə başçısının göstərişi və Nazirlər kabinetinin qərarı ilə Azərbaycanda turizm üzrə iki yeni təhsil müəssisəsi yaradılmışdır. Mingəçevir Turizm Kolleci öz üzərinə düşən yüksək məsuliyyəti məhz bu kontekstdə, yəni ölkə rəhbərliyinin diqqət və qayğısının ifadəsi kimi dəyərləndirir. İxtisasının mahiyyətini, sosial mənasını dərindən dərk edən, Azərbaycan tarixinin əsas mərhələlərini, xronologiyasını bilən, dövlət dilində sərbəst danışan, standart və qeyri standart şəraitlərdə qərar qəbul edən, öz peşə fəaliyyətini təşkil edən, ixtisas səviyyəsini daim artıran, işin nəticəsinə görə məsuliyyəti öz üzərinə götürməyi bacaran, peşə vəzifəsini əxlaqi normalara və xidməti etikaya uyğun yerinə yetirən subbakalavr hazırlayan Mingəçevir Turizm Kolleci yarandığı gündən öz fəaliyyətini güclü maddi-texniki bazanın və kadr potensialının yaradılmasına, güclü tədris intizamının formalaşmasına və beynəlxalq əlaqələrin qurulmasına yönəltmişdir. Beynəlxalq əməkdaşlıq turizm sahəsində mütəxəssislərin hazırlanması işinə dəyərli tövhələr verir Mingəçevir Turizm kollecinin qarşısında duran başlıca vəzifə iqtisadiyyatımızın inkişafı üçün ən perspektivli sahə olan turizm sənayesi üçün hərtərəfli bacarıqlı mütəxəssislərin hazırlanmasıdır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində kollec qısa müddətdə xeyli uğurlar qazana bilmişdir. Artıq kollecin məzunları ölkə turizminin müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər. Kollecin fəaliyyətində ən uğurlu nailiyyətlər sırasında yüksək tədris intizamına nail olunmasını və beynəlxalq əməkdaşlıq sahəsində qazandığı uğurları göstərmək olar. Mingəçevir Turizm Kolleci Şotlandiyanın Stevenson, Rusiyanın Moskva Biznes və İqtisadiyyat, Moskva Humanitar, Rumıniyanın Andrei Barseanu, Qazaxıstanın “Almatı Dövlət Texnologiya və Menecment” Kollecləri ilə əməkdaşlıq edir. 2012-ci ildən isə, Avropa Komissiyasının TEMPUS proqramı çərçivəsində Almaniyanın Yade Universiteti ilə 2013-cü ildən isə, Fransanın Qrenobl Akademiyası ilə əməkdaşlığa başlamışdır. Belə əməkdaşlıqlar nəticəsində qazanılan təcrübə tədrisin müasir formalarının və yeniliklərin tətbiqinə imkan yaradır. Mütəxəssislərin hazırlığı peşəkarlara həvalə olunub Kollecin müəllim kontingenti 168 nəfər, o cümlədən tam ştat üzrə 111 nəfər, yarım ştat üzrə 46 nəfər, əvəzçiliklə və saat hesabı üzrə 47 nəfərdir. Müəllimlərdən 1 nəfər elmlər doktoru, 4 nəfər elmlər namizədi, 1 nəfər SSRİ idman ustası, 5 nəfər magistr, qalan 163 nəfər bakalavrdır. Hazırda Mingəçevir Turizm Kollecində təhsilin əyani və qiyabi formaları həyata keçirilir. Ümumi Kollec üzrə tələbə kontingenti 2306 nəfərdir. Tələbələr “İbtidai sinif müəllimliyi”, “Bədən tərbiyəsi və idman”, “Mühasibat uçotu və audit”, “Turist, mehmanxana təsərrüfatının təşkili və idarə olunması”, “Turizm və onun təşkili”, “Turist, sanatoriya və kurort komplekslərində tibbi xidmətin təşkili”, “Dekorativ tətbiqi incəsənət və xalq sənəti”, “Nəqliyyatda daşımaların təşkili”, “Məktəbəqədər təlim və tərbiyə”, “Bələdçilik işi”, “Muzey işi və abidələrin qorunması”, “Reklam işi” ixtisasları üzrə təhsil alırlar. Əyani şöbə üzrə tələbələrin sayı 1669, qiyabi təhsil üzrə 637 nəfərdir. Əyani təhsil üzrə qrupların sayı 73, qiyabi şöbə üzrə 31-dır. Əyani və qiyabi şöbədə təhsil alan tələbələrin 2 semestr ərzində tədris olunan fənlərin yoxlama forması müasir dövrdə ən mütərəqqi forma hesab edilən test imtahanları yolu ilə aparılır. Semestrin nəticələri tələbələrin test imtahanından göstərdiyi nəticələr hesab olunur. Əyyub Əyyubov – tanınmış alim, təcrübəli pedaqoq, istedadlı yazıçı, görkəmli ictimai xadim... Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Avdın oğlu Əyyubovu xarakterizə etmək üçün ifadə olunan bu siyahını hələ çox uzatmaq olar. Əslində elə də çox yaşı olmayan Əyyub müəllim çox maraqlı bir ömür sürərək, həyatının 62-ci ilində bir çoxlarının hətta 80-90 ilə belə çata bilməyəcəkləri zirvələri fəth edib. Əyyub Əyyubov 1956-cı ildə, hal-hazırda işğal altında olan Ağdam rayonunun İlxıcı kəndində anadan olub. Əmək fəaliyyətinə doğma İlxıcı kəndində, H.Hacıyev adına sovxozda fəhləlikdən başlayıb. Ukraynada Yol Avtomobil İnstitutunda “Nəqliyyatın İqtisadiyyatı və İdarəedilməsi “ ixtisası üzrə ali təhsil alıb. Aspirantura və Doktoranturanı Ukraynada bitirib. İqtisad elmlər doktoru elmi dərəcəsi və professor elmi adı alıb. 2006-cı ildə “Bakı Bədən Tərbiyəsi və Turizm Kolleci Nazirlər Kabinetinin qərarı ilə fəaliyyətini dayandıraraq ləğv edilmiş və müstəqil Mingəçevir Turizm Kolleci yardılmış və professor Əyyub Əyyubov kollecin direktoru vəzifəsinə təyin edilmişdir. 2008-ci ildən başlayaraq hal-hazıra kimi Brithi Council layihəsi əsasında Şotlandiyanın Edinburq şəhərində yerləşən Stevenson Kolleci ilə əməkdaşlıq edir. 2009-cu ildə Avropa Təbiəti Elmləri Akademiyasının həqiqi üzvü seçilib. Birləşmiş Millətlər Təşkilatının “Avropa” Şərəf ordeninə layiq görülüb. Türk Dünyası araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib, həmin Akademiyanın təsis etdiyi “qızıl ulduz” medalına layiq görülüb. 20 kitabın, 200-dən çox elmi məqalənin müəllifidir. Yeri gəlmişkən, bu ilin may ayında Əyyub Əyyubovun “Allaha doğru: Şeytanın zəlil olduğu gün” adlı növbəti kitabı geniş oxucu kütləsinə təqdim olunub. Müəllifin bundan öncəki elmiaxtarışları və yaradıcı təfəkkürünün məhsulu olan “Müqəddəs Məşhəd yollarnda” və “Məşhəddən Kərbəlaya” kitablarnın davamı olaraq qələmə alınan “Allaha doğru: Şeytanın zəlil olduğu gün” əsəri Əyyub müəllimin yeni yardıcılıq zirvəsi kimi dəyərləndirilib. Kitabda tarixi, dini məlumatların, mədəni dəyərlərə, turizm ənənələrinə dair diqqət çəkən qiymətli materialların yer aldığından, bu nəşr dəyərli elmi mənbə, dərslik və ziyarət turizmi həvəskarları üçün stolüstü kitab adlandırılıb. Kitab ədəbi-bədii, tarixi-publisistik bir əsər olmaqla həm ensiklopedik, həm də dini əxlaqi xarakter daşıyır. Bütün bunlarla yanaşı da, Əyyub Əyyubov öz zəngin təcrübəsini, elmi potensialını həyatının ən vacib işi olaraq, Azərbaycanda turizm sahəsinin inkişafına həsr edib. Elə bu kiçik yazını da Əyyub müəllimin öz sözləri ilə bitirmək istəyirik: “Çalışırıq ki, keyfiyyətli mütəxəssis hazırlığı ilə Azərbaycan turizm sənayesinin inkişafına kömək olaq. Ölkəmizdə keçirilən beynəlxalq yarışlar, festivallar, böyük tədbirlər – bunlar hamısı Azərbaycanımızı dünyada daha da tanıdır, ölkəmizə marağı artırır və gələn turistlərin sayı günbəgün artır. Onların burada görmək istədiyi xidmətlərin çeşidlərini bizim mütəxəssislər onlara bacarıqla verməlidirlər ki, onlar ölkələrinə dönərkən yeni-yeni dostlarını, tanışlarını Azərbaycana yönəldə bilsinlər. Biz də bu baxımdan üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırıq.” aia.az Həsən Mahmudov Geri dön |