Ana Sayfa > Manşet / Siyasət > Donald Tramp İlham Əliyevi Ağ Evə dəvət edəcək

Donald Tramp İlham Əliyevi Ağ Evə dəvət edəcək


18-10-2018, 13:32. Yazar: sevinc1
Donald Tramp İlham Əliyevi Ağ Evə dəvət edəcək


The Washington Times qəzeti ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonun Azərbaycana səfəri barədə yazı dərc edib.

BakuPost WorldMedia.Az-a istinadən həmin yazını Azərbaycan dilində təqdim edir:

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton "Twitter” hesabında oktyabrın 20-də Azərbaycana səfər edəcəyini yazıb. O, bu səfəri səbirziklə gözləyir.

9 milyon əhalisi olan Azərbaycan dünyəvi ölkədir. O, ABŞ-ın beynəlxalq səviyyədə ən etibarlı, amma indiyədək lazımi qədər qiymətləndirilməyən müttəfiqlərindəndir. Cənab Bolton təhlükəli ölkələrlə həmsərhəd olan, yəni Rusiya ilə İran arasında yerləşən, geosiyasi əhəmiyyətə malik bu ölkəyə səfəri zamanı Vaşinqtonun Bakıya güclü dəstək verdiyini, bu siyasətin dəyişmədiyini bir daha xatırlatmalıdır. Azərbaycan 26 ildən çoxdur ki, ABŞ-ın müttəfiqidir.

1992-ci ildə Robert Finlə (həmin dövrdə ABŞ-ın Azərbaycandakı ən yüksək rütbəli diplomatı) birlikdə ABŞ-ın Bakıda səfirliyinin açılış mərasimində iştirak etmişdim. Açığı, o zaman 26 il sonra Bakının ABŞ-ın ən güclü və etibarlı müttəfiqlərindən birinə çevriləcəyi ağlıma gəlməzdi.

Beləliklə, cənab Bolton bu ayın sonlarında Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. İlham Əliyev sadəcə Azərbaycanı müstəqil, sabit, çiçəklənən, tolerant, müasir ölkəyə çevirmiş şəxs deyil. O, həm də Vaşinqtonun xarici siyasətdəki bağlı bir çox hədəflərini, mədəni dəyərlərini bölüşən prezidentdir.

Fanatik müsəlmanların vətənimizdə törətdiyi 11 sentyabr terrorundan sonra Azərbaycanın eks-prezidenti Heydər Əliyev ölkəsinin bu qlobal təhlükə ilə mübarizədə ABŞ-a tam, qeyd-şərtsiz dəstəyini təklif etmişdi. Bu gün də beynəlxalq terrorçuluqla mübarizə aparan Vaşinqtonun İlham Əliyevdən etibarlı müttəfiqi yoxdur. Bu gün Azərbaycan hərbçiləri Əfqanıstan və İraqda amerikalı həmkarları ilə çiyin-çiyinə dayanıb. Cənab Bolton səfəri zamanı şübhəsiz ki, rəsmi Bakıya bu dəyişməz dəstəyinə görə də təşəkkürünü bildirəcək.

Rusiya və İranın (Tehran 2000-ci ildə dünyanın ən böyük neft yataqlarından olan "Alov”da Azərbaycanın qazma işlərini dayandırması üçün gücdən istifadə edib) birbaşa və dolayı təzyiqlərinə rəğmən, Bakı Vaşinqtonun Xəzər dənizindəki enerji mənbələrilə bağlı hədəflərini həyata keçirməsinə mane olmur. Azərbaycan cənab İlham Əliyevin rəhbərliyilə enerji resurlarının nəql olunduğu regionda ən etibarlı dəhlizə, neft-qaz ixracının şaxələndirilməsində əsas ölkəyə çevrilib. Bu gün Bakı Qərbin enerji təhlükəsizliyinə böyük töhfə verir. Cənab Bolton Azərbaycanın bu sahədəki fəaliyyətini də alqışlamalıdır.

Cənab Bolton Baltimor ştatında anadan olub. Azərbaycan onun doğma ştatında xeyriyyəçiliklə məşğul olur, oradakı çox sayda imkansız insana yardım göstərir. Bəlkə də cənab Boltonun bundan xəbəri yoxdur. Amma Azərbaycanın ABŞ-dakı səfirliyi hər il Mərilənd Qida Bankına ölkənin mərhum prezidenti Heydər Əliyevin xatirəsinə ianə də verir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva (bəziləri onu xeyixahlığın birinci xanımı adlandırır) ABŞ-ın xeyriyyəçilik ruhunu da bölüşürlər. Xanım Əliyeva ABŞ-da bir çox təşkilata yardım göstərir. Məsələn, "Uşaq ürəyini xilas et”, "Şəhər Alyansı” təşkilatları və qüsurlu uşaqların təhsil aldığı "Loqnvyu” məktəbi. Onun xeyriyyəçilik fəaliyyəti ölkəmizdə bəxti gətirməyən bir çox insanın həyatına müsbət təsir göstərib. Odur ki, cənab Bolton ümumi dəyərlərə töhfə vermək üçün ölkələrimiz arasındakı gözəl əlaqələri genişləndirməyə çalışmalıdır.

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə köməkçisi bir çox turistin "Xəzərin Parisi”adlandırdığı Bakıya səfəri zamanı şəhərin mərkəzində 2 sinaqoq və bir neçə gözəl kilsə görəcək. Bütün bunların sadə, lakin dərin səbəbi var: dini tolerantlıq bu şiə müsəlmanı ölkəsinin ruhundadır.

Azərbaycan ən qədim yəhudi icmalarından birinin vətənidir. Bu icmasının liderləri böyük qürurla deyir ki, dünyanın istənilən hissəsində yaşayan və özünü təhlükəsizlikdə hiss etməyən yəhudi tərəddüd etmədən Azərbaycana köçə bilər.

İranın təzyiqlərinə rəğmən, Azərbaycan İsraillə diplomatik əlaqələr qurub. Bu mənada cənab Boltonun səfəri Tehrana mesaj üçün də yaxşı imkan olacaq. O, Bakıda Vaşinqtonun Əliyevə və Azərbaycanın dini azlıqlarla bağlı tolerantlıq siyasətinə dəstək verdiyini nümayiş etdirə bilər.

Həm cənab Tramp, həm də cənab Əliyev eyni fundamental fəlsəfəni bölüşürlər: azad bazar iqtisadiyyatı yaxşı idarə olunarsa, ölkəyə misli görünməmiş fayda verə bilər. Cənab Əliyev Azərbaycanda mərkəzləşdirilmiş iqtisadiyyatının azad bazar iqtisadiyyatına keçidini planlı şəkildə həyata keçirməkdədir. Bununla Azərbaycan dövlət başçısı hər bir vətəndaşa ləyaqətlə yaşamaq imkanı verir. Cənab Bolton Bakıya səfəri zamanı hər bir vətəndaşın yaxşı maaş verilən işlərdə çalışdığını, sabit məvacibinin, evinin olduğunu görəcək. O, bilir ki, Azərbaycanda liberal demokratiya ola bilməz. Bununla yanaşı, Bolton ölkə rəhbərliyinin müsbət idarəçiliyini yüksək qiymətləndicək.

Cənab Bolton prezident Əliyevlə görüşündə ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə və ədalətli həllində maraqlı olduğunu da təsdiqləməlidir. Vaşinqton Azərbaycanın məsuliyyətli lideri və Ermənistanın yeni rəhbərliyilə birgə fəaliyyət göstərərək, 20-ci əsrin ən mürəkkəb münaqişələrindən birinin həllinə nail ola, bununla da qlobal səviyyədə liderliyini yenidən nümayiş etdirə bilər.

Bolton Azərbaycanı tərk etməzdən əvvəl İlham Əliyevə Donald Trampın Ağ Evə dəvətini də çatdırmalıdır. ABŞ-Azərbaycan sammiti Vaşinqtonun milli təhlükəsizlik maraqlarına uyğundur. Bu sammit ABŞ-ın ən etibarlı müttəfiqlərindən birinə təşəkkürünün göstəricisi olacaq.

aia.az
Geri dön