Ana Sayfa > Manşet / Ölkə / Seçilənlər-1 > Azərbaycanda meliorasiya işləri yüksək səviyyədə həyata keçirilir

Azərbaycanda meliorasiya işləri yüksək səviyyədə həyata keçirilir


10-10-2018, 12:02. Yazar: sevinc1
Azərbaycanda meliorasiya işləri yüksək səviyyədə həyata keçirilir



Bu gün ölkəmizdə su ehtiyatlarının idarə olunması, istifadəsi və mühafizəsi digər aidiyyatı dövlət orqanları ilə qarşılıqlı şəkildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Qeyd edək ki, Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatında istifadəyə yararlı olan 4.5 mln. hektar torpaq sahəsindən 3.2 mln. hektarı əkinçilik üçün suvarma tələb edən sahələr olduğundan və ölkəmizdə kifayət qədər su ehtiyatı olmadığından xalqımızın gərgin əməyi nəticəsində respublikamızda böyük meliorasiya və su təsərrüfatı kompleksi yaradılmışdır. Ötən illər ərzində iri su anbarları, hidroqovşaqlar, suvarma və kollektor-drenaj sistemləri, nasos stansiyaları və digər obyektlər tikilib istifadəyə verilmiş, suvarılan torpaqların ümumi sahəsi 2.6 dəfədən çox artmışdır. Bu sahənin inkişafı və təkmilləşdirilməsinə uyğun olaraq idarəetmə formaları da ildən-ilə dəyişmişdir.

Tarixi arayış:

Su təsərrüfatı sistemlərinin mərkəzləşmiş qaydada idarə edilməsinə Azərbaycanda Sovet Hakimiyyətinin bərqərar olduğu dövrdən başlanmışdır. Belə ki, 1920-ci ildə Azərbaycan SSR Xalq Torpaq Komissarlığı nəzdində su şöbəsi, 1921-ci ildə Azərbaycan Xalq Əkinçilik Komissarlığının Su İdarəsi, 1923-cü ildə mərkəzi Gürcüstan Respublikasının Tiflis şəhərində yerləşən Zaqafqaziya Su Təsərrüfatı idarəsinin Azərbaycan üzrə müvəkkilliyi, 1925-ci ildə isə Azərbaycan SSR Ali İqtisadi Şurası nəzdində Azərbaycan Su Təsərrüfatı idarəsi yaradılmışdır.

Həmin qurum 1941-ci ildən Azərbaycan Su Təsərrüfatı Xalq Komissarlığı, 1946-cı ildən Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyi, 1966-cı ildən isə Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyi adlandırılmışdır.



1993-cü ildə Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin adı dəyişdirilərək Respublika Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi adlandırılmışdır. 23 oktyabr 2004-cü il tarixdə Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi ilə əlaqədar göstərilən Komitə ləğv edilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi yaradılmışdır.

Meliorasiya və su təsərrüfatı sahəsində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından istifadənin səmərəliliyini artırmaq, torpaqların meliorasiyası və irriqasiyası ilə bağlı işlərin təşkilini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Meliorasiya və Su Təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 23 fevral 2006-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin əsasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. ASC-nin sədri Əhməd Cuna oğlu Əhmədzadədir.

Qısa arayış:

1945-ci ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olmuşdur. 1961-çi ildə 1 Nomrəli orta məktəbi və 1966-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirərək mühəndis-hidrotexnik ixtisasına yiyələnmişdir.

Əmək fəaliyyətinə 1961-ci ildə 11 saylı Bakı şəhər Tikinti İdarəsində fəhlə kimi başlamış, 1966- cı ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu nda böyük mühəndis, 1967- 1975-ci illərdə Qax Suvarma Sistemləri İdarəsində böyük mühəndis, idarənin rəisi vəzifələrində işləmişdir. 1975- 1976-cı illərdə Qax rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuş, 1976- 1978-ci illərdə keçmiş Sov.İKP yanında İctimai Elmlər Akademiyasında ali partiya- siyasi təhsili almış, 1978- 1980-ci illərdə Abşeron rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1980- 1987-ci illərdə Azərbaycan KP Füzuli rayonu RK- nın birinci katibi, 1987- 1991-ci illərdə Azərbaycan KP Şəmkir rayonuRK- nın birinci katibi, 1991- ci ildə Şəki şəhər Partiya Komitəsinin birinci katibi, Şəki rayonu Xalq Deputatları Sovetinin sədri, 1991-1992-ci illərdə Quba rayonu İcra Hakimiyyətinin başçısı vəzifələrində işləmişdir.




1981-1995-cı illərdə Azərbaycan Respublikası Ali Soveti nin deputatı seçilmişdir.1993-2004-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri,2004- 2006-cı illərdə Kənd Təsərrüfatı Nazirinin birinci müavini,Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru, 2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti nin Sədridir.Respublika Dövlət Aqrar İslahatı Komissiyasının üzvü, Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının sədr müavini olmuşdur. Azərbaycan Respublikasının orden və medalları, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuş, respublikanın meliorasiya və su təsərrüfatının inkişafı sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adına layiq görülmüşdür.

Min kilometrlərdə ifadə olunan fəaliyyət





“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin son 14 ildə göstərdiyi fəaliyyəti həqiqətən də iri miqyasları ilə diqqəti cəlb edir. Bu illər ərzində Azərbaycanda 4 min kilometr uzunluğunda suvarma kanallarının, 2400 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası, 360 min hektar sahədə torpaqların su təminatının və 256 min hektarda meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilib, 127 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilib, 2 minə yaxın subartezian quyusu qazılaraq istifadəyə verilib. Ümumi sututumu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilib istifadəyə verilib.


Pambıqçılıq xüsusi diqqət mərkəzindədir

Ötən il respublikanın 25 rayonunda 69 min hektar pay torpaqlarında və 67 min hektar dövlət fondu, qış otlaq sahələrində, bələdiyyə və meşə torpaqlarında əkilmiş 136 min hektar pambıq sahəsini suvarma suyu ilə təmin etmək üçün 6800 kilometr suvarma kanalları və 1500 kilometr kollektor-drenaj şəbəkələri lildən təmizlənib, 463 hidrotexniki qurğu, 22 nasos stansiyası təmir edilib. Su təminatı çətin olan fond torpaqlarında və qış otlaq sahələrində əkilmiş pambıq tarlalarının suvarılması üçün 1436 kilometr yeni suvarma kanalları, 180 hidrotexniki qurğu tikilib. Suvarmanın mütəşəkkil keçirilməsi üçün Cəmiyyət tərəfindən lazımi texnika, nasos, avadanlıq ayrılıb. Ümumilikdə, pambıq sahələri keçən il 3,1 dəfə suvarma suyu ilə təmin edilib. Yerli icra hakimiyyəti strukturları ilə dəqiqləşdirilmiş məlumatlara əsasən, cari ildə respublikanın 25 rayonu üzrə təxminən 140 min hektar sahədə pambıq əkini nəzərdə tutulur. Bu sahələrin 38 min hektarı dövlət fondu, 32 min hektarı bələdiyyə və 70 min hektarı pay torpaqlarıdır. Bu günədək pambıq sahələrinə xidmət edən suvarma kanallarının 2200 kilometr, kollektor-drenaj şəbəkələrinin 820 kilometr hissəsi təmir edilib. Suvarmanın mütəşəkkil keçirilməsi üçün Cəmiyyət tərəfindən yerlərə kifayət qədər nasos və avadanlıq ayrılıb.




Yeni kanallar tikilir, köhnələri bərpa olunur

Bu il Şəmkir-Samux-Goranboy magistral kanalının İpək yolu ilə kəsişmə qurğusunda və ondan sonra kanalın 5 kilometrə qədər hissəsində tamamlama işlərini başa çatdırmaqla Goranboy rayonunda 8 min hektar, ötən ildə torpaq məcrada inşa olunmuş 54 kilometr uzunluğunda Yeni Mil-Muğan kanalının cari ildə beton üzlüyə alınması ilə Saatlı, Biləsuvar və İmişli rayonlarında daha 13 min hektardan çox yeni torpaq sahələrinin suvarma mövsümündə su ilə təmin edilməsi mümkün olacaq. Neftçala və Yuxarı Mil kanallarının tikintisi davam etdirilərək Neftçala rayonunun 12 400 hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq, Ağcabədi rayonunda isə 1 900 hektar yeni torpaq sahələri suvarma suyu ilə təmin olunacaq. Kür çayında yeni tikilən nasos stansiyasında və “H” kanalında tikinti işləri davam etdirilərək Sabirabad rayonunun kəndlərinin layihə üzrə qalan 7500 hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq, eləcə də rayonun Kür çayı üzərindəki yeni nasos stansiyasında və magistral kanalda tikinti işlərini tamamlamaqla rayonun əlavə 9300 hektar qış otlaq sahələrinə suvarma suyu çatdırılacaq. Eyni zamanda, bu layihələr çərçivəsində Biləsuvar rayonunun 1600 hektar yeni torpaq sahələri suvarma suyu ilə təmin ediləcək. Hacıqabul rayonunda isə meliorativ tədbirlər davam etdirilməklə 2700 hektar yeni suvarılacaq torpaqlara suvarma suyu çatdırılacaq.





İxracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalı artacaq

Nəzərdə tutulub ki, cari ildə Respublikanın 38 şəhər və rayonunun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatı, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 300 subartezian quyusu cari ildə qazılaraq istifadəyə veriləcək. Bu quyuların 126-sının 5 min hektara yaxın əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün ölkənin 13 pambıqçılıq rayonunda qazılması nəzərdə tutulub. Həmin quyular əsasən vegetasiya suvarma dövründə istifadəyə veriləcək. Cari ildə kənd təsərrüfatının inkişafına bilavasitə təsir edən bu iri infrastruktur layihələrində nəzərdə tutulan meliorativ tədbirlərin həyata keçirilməsi nəticəsində pambıqçılıq rayonlarında 62 min hektar sahəyə, o cümlədən 30 min hektar yeni suvarılacaq torpaqlara suvarma suyu çatdırılacaq və 32 min hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq ki, bu da ölkədə pambıqçılığın və digər ixracyönümlü kənd təsərrüfatı məhsullarının inkişafına geniş imkanlar yaradacaq.



Qeyd etmək lazımdır ki, bu gün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətində müşahidə olunan uğurlar həm də quruma rəhbərlik edən Əhməd Əhmədzadənin dövlət tərəfindən irəli sürülən vəzifələri düzgün qiymətləndirmək, qarşıya qoyulan tapşırıqları vaxtında və effektiv şəkildə yerinə yetirmək, rəhbərlik etdiyi ASC-nin fəaliyyətini düzgün istiqamətləndirmək bacarığı ilə təmin olunur. Həmçinin xüsusi olaraq vurğulanmalıdır ki, ASC sədrinin öz fəaliyyətini Azərbayvan dövlətçiliyinə sədaqət prinsipləri əsasında qura bilməsi də, qurumun işinin effektivliyini təmin edən əsas amillərdən biri kimi çıxış edir. Əminliklə demək olar ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti bundan sonra da ölkəmizdə su ehtiyatlarının idarə olunması, istifadəsi və mühafizəsi sahəsində yüksək nailiyyətlərlə zəngin olacaq.

aia.az
Sərxan Musayev


Geri dön