Ana Sayfa > Siyasət > Oqtay Əsədov koreyalı həmkarı ilə Dağlıq Qarabağ məsələsini müzakirə edib
Oqtay Əsədov koreyalı həmkarı ilə Dağlıq Qarabağ məsələsini müzakirə edib9-10-2018, 14:06. Yazar: sevinc1 |
Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin Antalya şəhərində Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi-sanq ilə görüşüb. Milli Məclisdən Trend-ə verilən məlumata görə, Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısı çərçivəsində keçirilən görüşdə nümayəndə heyətimizi salamlayan Koreya parlamentinin sədri Mun Hi-sanq Azərbaycan Xalq Cümhuriyyətinin, eləcə də Cümhuriyyət parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə təbriklərini çatdırıb. Azərbaycan-Koreya münasibətlərinin 25 illik inkişaf dinamikasını yüksək dəyərləndirən spiker qeyd edib ki, Azərbaycan tarixi İpək yolunun bərpasında və genişlənməsində aparıcı rola malikdir. Ölkələrimiz coğrafi baxımdan uzaq olsalar da, onları oxşar mədəniyyət və dəyərlər birləşdirir. Təbrikə və səmimi sözlərə görə Koreya Parlamentinin sədri Mun Hi-sanqa təşəkkürünü ifadə edən Milli Məclisin sədri Oqtay Əsədov ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluğunu bildirib. O qeyd edib ki, Azərbaycan və Koreya arasında müştərək komissiyaların fəaliyyəti, birgə biznes forumların təşkili əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün böyük imkanlar yaradır. Azərbaycanın qeyri-neft sektorundakı inkişaf istiqamətləri barədə məlumat verən Milli Məclisin sədri Oqtay Əsədov vurğulayıb ki, ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu və Şimal-Cənub nəqliyyat dəhlizi böyük perspektivə malikdir. Azərbaycan və Koreya şirkətləri birgə layihələr həyata keçirirlər. Azərbaycan xarici sərmayələr üçün açıqdır və bunun üçün ölkəmizdə münbit şərait yaradılıb. Görüşdə, həmçinin Azərbaycan-Koreya əlaqələrinin inkişafı istiqamətində qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında, o cümlədən Koreya yarımadasındakı mövcud siyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsinə dair fikir mübadiləsi aparılıb. aia.az Geri dön |