Ana Sayfa > Ölkə > Leyla Əliyeva Nəsimi–şeir, sənət və mənəviyyat Festivalı çərçivəsində keçirilən sərgidə
Leyla Əliyeva Nəsimi–şeir, sənət və mənəviyyat Festivalı çərçivəsində keçirilən sərgidə29-09-2018, 12:06. Yazar: sevinc1 |
Bu gün Heydər Əliyev Mərkəzində Nəsimi – şeir, sənət və mənəviyyat Festivalı çərçivəsində üç sərgi - “Live Life”, “Hürufilik: incəsənət və identiklik” və Brayn İnonun “77 milyon rəsm əsəri” sərgiləri açılıb. Modern.az xəbər verir ki, sərgilərin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Festivalın açılışı münasibətilə təbriklərini çatdıran Leyla Əliyeva bu festivalın dünyada incəsənətin, mədəniyyətin inkişafına mühüm töhfə olacağına əminliyini ifadə etdi. Nəsiminin Azərbaycan poeziyasının inkişafında əhəmiyyətli rol oynadığını və poeziyanın şah əsərlərini yaratdığını deyən Heydər Əliyev Fondunun vitse-prezidenti Nəsimi poeziyasının bu gün də yaşadığını və aktual olduğunu vurğuladı. Diqqətə çatdırdı ki, biz bu festivalda Nəsimi poeziyasının ruhunu musiqi, rəqs, incəsənət, videoinstalyasiyalar, yoqo meditasiyası vasitəsilə kəşf edəcəyik və şüurun dərinliyinə səyahət edəcəyik. Nəsimi festivalı çərçivəsində Heydər Əliyev Mərkəzində üç sərginin açıldığını da qeyd edən Leyla Əliyeva müəllifi olduğu “Live Life” sərgisinin London, Berlin, Moskva, Paris və Tbilisidə nümayiş etdirildiyini, bu sərginin ekoloji problemlərə diqqəti yönəltdiyini bildirdi. Qeyd etdi ki, eyni zamanda, sərgi bizim planetin gözəlliyini və bütün insanların birliyini vurğulayır. Leyla Əliyeva Birləşmiş Ərəb Əmirliklərinin Barcil İncəsənət Fondu tərəfindən təqdim olunan “Hürufilik: incəsənət və identiklik” sərgisindən də danışdı, burada bir sıra ərəb ölkələrində yaşayan müasir rəssamların işlərinin təqdim edildiyini söylədi. Brayn İnonun “77 milyon rəsm əsəri” sərgisində isə musiqinin və video-art instalyasiyanın nümayiş olunduğunu vurğuladı. Heydər Əliyev Fondunun vitse-prezidenti festivala gələn qonaqlara minnətdarlığını bildirərək, Nəsiminin poemalarının daimi olduğunu vurğuladı. “Bu əsərləri oxuyanda siz insanın ruhunu hiss edirsiniz. Ümidvaram ki, bu festival nəticəsində Nəsimi poeziyasının bir çox yeni oxucuları üzə çıxacaq və planetimizə daha müsbət ideyalar yayacaqlar”, - deyən Leyla Əliyeva festivalın işinə uğurlar arzuladı. Tədbirdə çıxış edən Barcil Fondunun nümayəndəsi Çarlz Pokok, Nəsiminin qohumu Məhəmməd Nəsimi festivalın, eləcə də sərgilərin təşkilinə görə təşəkkür ediblər. Sonra tədbir iştirakçıları sərgilərlə tanış olublar. “Live Life” sərgisi “Live Life” (“Canlı həyat”) sərgisi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunub. Ekspozisiya London, Paris, Berlin, Moskva və Tbilisidə nümayişdən sonra Bakıya gətirilib. Sərgi ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır. Ekspozisiyaya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan rəssamları Məryəm Ələkbərli, Ayləl Heydərova, Nailə Sultan, Rəhim Çopurov, Timur Özdəmirovun əsərləri daxildir və onlar sərginin təqdim olunduğu bütün şəhərlərdə nümayiş etdirilib. Bundan əlavə, hər bir ölkədə keçirilmiş sərgidə iştirak etmək üçün yerli rəssamlar da dəvət olunub. Heydər Əliyev Mərkəzindəki sərgidə, həmçinin yerli rəssamlar Vasif Nəcəfzadə və Xəzər Nəbiyevin əsərləri təqdim edilir. Suriyada anadan olmuş rəssam Andreas Əl Çreiki, Devid Mçedlişvili (Gürcüstan), Viktor Semyonov (Rusiya), Cennifer Uestcon (Fransa) və Sabina Burmester (Almaniya) də Bakı sərgisinə qoşulublar. Ekspozisiyada 200-dən artıq əsər təqdim olunur. “Live Life” sərgisinə baxan tamaşaçı bu qənaətə gəlir ki, həyat yaradıcılıqdır. Bu baxımdan həyatı mənalı yaşamağı bacarmaq isə yaradıcılıq hesab oluna bilər. Biz real hərəkətlər vasitəsilə canlı təbiəti, incəsənət vasitəsilə isə insan ruhunu xilas edirik. Çünki gözəlliyə həqiqətən can atmaq bizə kainatı idarə edən qanunları anlamaqda kömək edəcək. “Hürufilik: incəsənət və identiklik” sərgisi Heydər Əliyev Mərkəzində açılan “Hürufilik: incəsənət və identiklik” sərgisi Birləşmiş Ərəb Əmirliklərinin Barcil İncəsənət Fondunun kolleksiyası əsasında təqdim edilir. Burada 30-dan çox rəngkarlıq, heykəltəraşlıq və qrafika nümunələri nümayiş olunur. Bu sərgi hürufilik və onun hazırkı dövrümüzə qədərki inkişaf yolu ilə bağlı yaradıcılıq nümunələrini nümayiş etdirir. Ekspozisiya ayrı-ayrı vaxtlara, yanaşmalara və rəssamlara, eləcə də həmin rəssamları XX və XXI əsrlərdə narahat edən məsələlərə aid yığcam təsvirləri təcəssüm etdirir. Brayn İno. “77 milyon rəsm əsəri” sərgisi Festival çərçivəsində Heydər Əliyev Mərkəzində, həmçinin ambient musiqi janrının yaradıcısı, görkəmli britaniyalı bəstəkar Brayn İnonun “77 milyon rəsm” musiqi və video-art instalyasiyası təqdim edilib. “77 milyon rəsm əsəri” İnonun yaratdığı vizual və səs elementlərinin saysız-hesabsız kombinasiyalarını özündə birləşdirir. Onun özündə cəmləşdirdiyi çoxsaylı videoyazı kataloqunu dərk etmək demək olar ki, mümkün deyil. “Rəsm əsərləri” tamaşaçının bilavasitə gözləri qarşısında alqoritmik şəkildə yaradılmaqla daim inkişaf etməkdə olan audio-vizual kaleydoskop tipli videoeffektləri formalaşdırır. Bu əsər indiyədək Tokio, London, Nyu-York, Buenos-Ayres, Barselona, Sidney, Mexiko, Keyptaun, Roma və digər şəhərlərdə nümayiş olunub. Brayn İno britaniyalı musiqiçi, müğənni, musiqi nəzəriyyəçisi, səsyazma prodüseri və multimedia rəssamıdir. O, müasir ambient musiqisinin banisi hesab olunur. Brayn İno beynəlxalq aləmdə ilk dəfə 1970-ci illərin əvvəllərində “Roxy Music” qrupunun üzvlərindən biri kimi tanınıb. Qısa müddətdən sonra onun birinci solo albomu işıq üzü görüb. O, prodüser kimi təxəyyül və bacarıqlarını “Talking Heads”, “Devo”, “Laurie Anderson”, “U2” və “Coldplay” qrupları vasitəsilə albomlarda reallaşdırıb. Onun çoxsaylı müştərək yaradıcılıq işlərinə Devid Boui, Con Keyl, Devid Birn, Qreys Cons, Ceyms Bleyk və bir çox digərləri ilə səs yazıları daxildir. İno, eyni zamanda, işıq və video ilə vizual eksperimentlər aparıb. Bunlar yaxın onilliklər ərzində onun musiqi yaradıcılığı ilə paralel baş verib. O, öz işlərini Venesiya Biennalesindən tutmuş, Sankt-Peterburq, Pekin və Sidneyədək dünyanın müxtəlif nöqtələrində nümayiş etdirib. aia.az Geri dön |