Ana Sayfa > Manşet / Gündəm / Seçilənlər-1 > Alternativ enerji mənbələri – gələcəyə hesablanmış layihələr

Alternativ enerji mənbələri – gələcəyə hesablanmış layihələr


28-09-2018, 10:50. Yazar: sevinc1
Alternativ enerji mənbələri – gələcəyə hesablanmış layihələr




Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin bu sahədə fəaliyyəti yüksək səmərəliliyi ilə seçilir

Alternativ enerji dedikdə, təbiətin çirklənməsinin qarşısını almaq məqsədi ilə işlənən qeyri-ənənəvi enerji çeşidləri başa düşülür. Qəbul olunmuşdur ki, alternativ energetika daha çox gələcəyə yönələn perspektiv sahədir. Lakin bu gələcəyin artıq kifayət qədər çox illər bundan əvvəldən gözlənildiyini nəzərə alsaq, o zaman məhz bugünün özündə də alternativ energetika sahəsində qarşıya qoyulan problem-məsələlərin son dərəcə aktuallığını anlamaq və bu sahədə bir çox layihələrin reallaşdırılması istiqamətində əhəmiyyətli addımların atıldığını görmək olar.

Azərbaycan alternativ enerji mənbələrinin istifadəsində maraqlıdır




Enerji resurslarına olan tələbatın daim artması, ənənəvi enerji resurslarının məhdudluğu və bu hesaba enerji istehsalı prosesi ilə bağlı yaranan texnogen problemlər və qlobal iqlim rejiminə təsirlər dünyada dayanıqlı enerji təminatının əsas mənbələrindən biri hesab olunan alternativ və bərpa olunan enerji mənbələrindən (ABOEM) istifadəni zəruri etmişdir. Artıq bir neçə müddətdir ki, dünyanın ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Rusiya və digər bu kimi inkişaf etmiş ölkələri alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə ətraf mühiti çirklənmədən qorumağa cəhd göstərirlər. Son illər Azərbaycan da müstəqil dövlət kimi xarici ölkələrin təcrübəsindən istifadə edərək alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə, həm neft və qaz kimi qiymətli yanacağa qənaət etməyə, həm də ətraf mühitin qorunmasına nail olmağa çağırır. Ölkəmizdə ABOEM-in iqtisadiyyatın bütün sahələrinə tətbiqini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2004-cü il tarixli 462 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” qəbul edilmişdir. ABOEM-dən istifadənin inkişafının sürətləndirilməsi və bütün ölkələrdə sistemli tətbiqi, regional və milli səviyyələrdə informasiya və təcrübə mübadiləsinin aparılması, investisiyaların təşviqi, texnologiya və innovasiyalar üzrə əməkdaşlıq siyasətinin formalaşdırılması məqsədi ilə 2009-cu ildə 146 ölkəni birləşdirən Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (İRENA) yaradılmışdır ki, 2014-cü ildən Azərbaycan Respublikası bu təşkilatın tamhüquqlu üzvüdür.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ABOEM üzrə fəaliyyətin səmərəli təşkilini təmin edir




Ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin 01 fevral 2013-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Alternativ və Bərpa OlunanEnerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır. Agentlik – Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə olunması sahəsində dövlət siyasətini və tənzimlənməsini, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətin səmərəli təşkilini, bu sahədə fəaliyyətin əlaqələndirilməsini və dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.



Yaradıldığı gündən Agentliyin sədri vəzifəsinə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Akim Bədəlov təyin edilmişdr.

Qısa arayış:

Bədəlov Akim Bədəl oğlu 1956-cı ildə anadan olub. 1980-ci ildə Leninqrad Hidrometeorologiya İnstitutunu okeanologiya ixtisası üzrə bitirmişdir. 1980-ci ildən Təbii Sərvətlərin Kosmik Tədqiqatları İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 1988-ci ildən Kirov (Binəqədi) rayon Komsomol Komitəsinin nəzdində “Kаspi” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsində işləmişdir. 1996-cı ildən “Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzinin Müşahidə şurasının sədri vəzifəsində çalışmışdır. 2010-cu ildən Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru vəzifəsində işləmişdir. 2013-cü ilin 1 fevral tarixindən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri təyin edilmişdir. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur.

Agentlik müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini, həmçinin alternativ və bərpa olunan enerji sahəsinin inkişafını və infrastrukturun yaradılmasını, iqtisadiyyatda və sosial sahələrdə alternativ və bərpa olunan energetikanın tətbiqini, ABOEM üzrə enerji istehsalı, enerji istehlakı və enerji effektivliyi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin edir, sahə üzrə dövlət uçotunu və dövlət kadastrını aparır. Agentliyin əsas missiyası ölkəmizdə ABOEM sahəsinin inkişafını və infrastrukturunun yaradılmasını, iqtisadiyyatda və sosial sahələrdə alternativ və bərpa olunan energetikanın tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməkdir.

Məqsədlərə nail olmaq üçün innovativ siyasət tətbiq olunmalıdır




Agentliyin əsas məqsədi ABOEM-in geniş tətbiqi hesabına elektrik və istilik enerjisinin istehsalına, enerjidən səmərəli istifadəyə, enerji təchizatının effektivliyinin artırılması və istehlakçıların dayanıqlı enerji təminatına nail olmaqdır. Bunun üçün ABOEM-dən istifadə sayəsində generasiya güclərinin paylanılmış strukturunun inkişafı, enerji mənbələrinin diversifikasiyası, istilik effekti yaradan qaz tullantılarının azaldılması, ABOEM-in iqtisadiyyat və sosial sahələrinə tətbiqi və enerji istehlakı balansında yeni yaradılacaq generasiya gücləri hesabına ABOEM-in istehlak payının artırılması ilə bağlı zəruri tədbirlər həyata keçirilməlidir. Öz növbəsində bu tədbirlərin yüksək səmərəliliklə həyata keçirilməsi üçün bu sahədə innovasiya siyasətini formalaşdırmaq zəruri şərt kimi ortaya çıxır. Bu məqsədlə də Agentlik ABOEM sahəsində enerji potensialının öyrənilməsi və enerji istehsalının məlumat bazasının yaradılması, mütəmadi yenilənməsi və monitorinqin təşkili; “bir ev-bir elektrik stansiyası” layihəsi çərçivəsində binaların, müəssisələrin, fərdi yaşayış evlərin kiçik elektrik və istilik stansiyaları ilə təmin olunması; HEİS (hibrid elektrik/istilik stansiyaları – iki və daha artıq ABOEM-in istifadəsi) hesabına respublikamızın rayonlarının mikroşəbəkələr vasitəsi ilə balanslaşdırılmış enerji təminatının formalaşdırılması; ABOEM-dən istifadə etməklə yaşayış və sosial binaların, kənd təsərrüfatı obyektlərinin, sənaye komplekslərinin enerji tələbatının müasir informasiya kommunikasiya texnologiyalarının tətbiqi ilə “ağıllı” şəbəkə hesabına təminatı və bir çox digər analoji istiqamətlərdə təhqiqatlar aparır.

Perspektiv layihələr bu günümüzdən gələcəyə atılan körpülərdir



Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən bu günə qədər uğurla həyata keçirdiyi layihələrdən “Külək, günəş, biokütlə və geotermal enerji mənbələrinin yaradılması, o cümlədən, Qobustan Hibrid Elektrik Stansiyası (HES) tikintisi”; “Bakı şəhərində 5 məktəb və 2 tibb məntəqəsinin alternativ və bərpa olunan enerji mənbələri hesabına elektrik və istilik enerjisi ilə təmin edilməsi”; “Bakı şəhəri Türkan qəsəbəsində internat məktəbinin alternativ enerji mənbələri hesabına enerji ilə təmin olunması”; “Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün “6 məktəb - 6 bağça” layihəsi”; “Şəki Kiçik Su Elektrik Stansiyasının tikintisi” layihələrini göstərmək olar. Perspektiv planlarda isə, “Pirallahı dəniz külək parkı”; “Şəki Bioqaz stansiyasının quraşdırılması”; “Siyəzən rayonunda Hibrid tipli elektrik stansiyasının quraşdırılması”; “Siyəzən Günəş Elektrik Stansiyasının tikintisi” və digər layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

P.S. Təəssüflər olsun ki, son vaxtlar bəzi mətbu orqanlarının səhifələrində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin fəaliyyəti və rəhbərliyi barədə böhtan xarakterli, əsassız iddialar dərc ounur. Kimlərinsə şəxsi ambisiyalarını təmin etmək məqsədilə hazırlanan belə materiallar isə, birmənalı olaraq həm konkret qurumun, həm də ümumilikdə ölkəmizdə bu sahənin inkişafına qrşı yönəldilmiş cəhd kimi qiymətləndirilməlidir. Yaxşı olardı ki, bu kimi yazıları dərc edən həmkarlarımız ilk növbədə Agentliyin fəaliyyəti ilə bir qədər daha yaxından tanış olsunlar və bu qurumun gördüyü işləri obyektiv qiymətləndirməyə çalışsınlar.

aia.az

Həsən Məmmədov
Geri dön