Ana Sayfa > Siyasət > Deputat dövlət universitetlərindəki təhsil haqqına ETİRAZ ETDİ - “Çox yüksəkdir...”
Deputat dövlət universitetlərindəki təhsil haqqına ETİRAZ ETDİ - “Çox yüksəkdir...”27-09-2018, 11:02. Yazar: sevinc1 |
"Dövlət universitetlərində təhsil haqqı yüksəkdir...”. Millət vəkili, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Sona Əliyeva azadinform.az-a müsahibə verib. aia.az həmin müsahibəni təqdim edir: - Sona xanım, gəlin bu dəfə sizinlə Azərbaycan təhsili haqqında danışaq. Yeni dərs ilində təhsil sistemində nələr dəyişib, ya da dəyişəcək? Ümumiyyətlə, sizi qane edən və etməyən məqamlar hansılardır? - Mən ümumiyyətlə, 2018-ci ildə ümumilikdə təhsil sistemində, eyni zamanda təhsil qanunvericiliyində edilən dəyişikliklərə diqqətinizi cəlb etmək istərdim. Təhsil dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və ölkə başçısı cənab İlham Əliyev tərəfindən daim diqqət və qayğı ilə yanaşılan sahədir. Prezident tərəfindən bu ilin mart ayının 1-dən dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil ocaqları istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları orta və ilk peşə ixtisas təhsil müəssisələrində çalışan diaqnostik qiymətləndirməsi aparılmış müəllimlərin əmək haqları və ümumilikdə təhsil təqaüdləri artırılıb, təhsil infrastrukturunun inkişafı ilə bağlı tədbirlər haqqında sərəncamlar imzalanıb, Azərbaycan İlahiyyat İnstitutu yaradılıb, Peşə təhsili haqqında qanun qəbul edilib və "Təhsil haqqında” Qanuna vətəndaş məmnunluğunu özündə ifadə edən önəmli dəyişikliklər edilib. Məsələn, 6 yaşlıların məktəbə qəbulu ilə bağlı prosedurların sadələşdirilməsi, fənn olimpiadasının qaliblərinin müsabiqədənkənar ali məktəblərə qəbul olunması, ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkili, müəllimlərin sertifikasiyadan keçməsi və s. ilə bağlı mühüm dəyişiklik və əlavələr qəbul olunub. Görülən tədbirlər islahat xarakteri daşıyır və əlbəttə bütün bunlar məni indiki zaman və reallıqda qane edir, lakin nəzərə alsaq ki, bütün dünyada elmi və texnoloji inkişaf çox sürətlidir və bu həyatımıza elə bu sürətlə də daxil olur, bu baxımdan cəmiyyəti və həyatımızı bu kimi inkişafa, dəyişikliklərə hazırlamaq, adaptasiya olmaq üçün davamlı islahatlara ehtiyac olacaq. Bu qaçılmazdır. Qane edən əsas məqam isə odur ki, Azərbaycan cəmiyyəti, dövləti və siyasi iradəsi innovasiyalara və inkişafa açıqdır, dünyanın bir parçası olaraq dünya nizamıyla hərəkət etmək üçün kifayət qədər səy göstərir. - Dərsliklərdə tutulan səhvlərə tez-tez rast gəlirik. Xüsusilə də, ibtidai sinif dərs kitablarında ciddi nöqsanlar var. Sizcə, bu məsələdə nəzarətmi zəifdir, mütəxəssismi çatışmır? - Dərslik hazırlanması çox mürəkkəb prosesdir və bu prosesdə ötürülən informasiyanın mütləq tədris, tərbiyə və digər psixoloji aspektləri düzgün müəyyən olunmalıdır. Bu informasiyanı istehlak edən bizim uşaqlarımızdır. Onların sağlam nəsil olaraq, eyni zamanda şəxsiyyət kimi formalaşmasında kitabların rolu böyükdür. Həmçinin, nəzərə alsaq ki, dərsliklər baza təhsilinin özəyini təşkil edir, çalışmaq lazımdır, səhvlər olmasın. Bu məqamlar bəzən diqqətsizlik, çap zamanı da yarana bilir. Xeyr, mütəxəssis çatışmır demək olmaz, çünki Azərbaycanda kifayət qədər savadlı müəllim ordusu var, sadəcə diqqətli olsaq və bu sahəyə nəzarəti artırsaq yəqin ki, dərsliklərdə gələcəkdə səhvlərə rast gəlmərik. - Rus dili bölmələrinə tələbat niyə həddindən çoxdur? - Məktəblərdə rus dili bölmələri azdır. Nəzərə alsaq ki, Azərbaycanın təhsil müəssisələrində tədris dili dövlət dili olan - Azərbaycan dilidir, rus bölmələrinin az olması normaldır. Tələbat vətəndaşların könüllü seçiminə bağlıdır, vaxt vardı insanlar ingilis dilinə üstünlük verirdilər. Bu tələbatı formalaşdıran adətən, zamanın tələbi olur, yəni dünyada və regionda mövcud siyasi - iqtisadi durum və cəmiyyətin buna adekvat reaksiyası demək olar. - Savadsızlıq insanı uçuruma aparır. Siz də bunu dəfələrlə vurğulamısınız. Xüsusilə məktəbə getməyib valideynləri tərəfindən ərə verilən qızlar, intihara sürüklənən məktəblilər cəmiyyəti narahat etməyə bilməz. Bu istiqamətdə hansı işlər görülür? Nəticə etibarilə itirən də bizik, itirilən də. Elə deyilmi? - Azərbaycanda icbari təhsil 9 ildir və valideyn bu müddət ərzində övladını təhsildən yayındırırsa o, buna məsuliyyət daşıyır, İnzibati Xətalar Məcəlləsində bununla bağlı maddələr yer alıb. Bundan başqa yerli icra hakimiyyət orqanlarında yetkinlik yaşına çatmayanlarla iş üzrə, polis şöbələrində uşaq inspektoru fəaliyyət göstərir, müvafiq olaraq aidiyyatı qurumlar davamlı maarifləndirmə tədbirləri aparır. Təəssüf, bu kifayət etmir, bəzi yerlərdə mövcud streotipləri sındırmaqda hələ də dirənişlə, cahil fikirlərlə üzləşirik. Məktəblərdə isə psixoloq, uşaq birliyi rəhbəri, təlim-tərbiyə işləri üzrə müavin bu kimi hallarla qarşılaşanda qanuna müvafiq tədbirlər görməlidir. Amma düşünürəm ki, bu məsələdə ayrı-ayrı adamlar və vəzifə sahibləri deyil, bütünlükdə cəmiyyət mübarizə aparmalıdır. İnsanlar bilməlidir ki, sağlam və keyfiyyətli həyata, sosial rifaha, sağlam cəmiyyətə nail olmağın yolu təhsildən keçir. - Rayonlarımızda müəllimlərin işə qəbulu ilə bağlı vakant yerlər boş qalıb, paytaxtda isə sıxlıq var. - Əhalinin sıxlığı ilə tələbat düz mütənasibdir, üstəlik indiki gənclər urbanizasiya meyllidirlər. Sovet dönəmində də bu problemlər var idi, indi də var. Güman edirəm, stimullaşdırıcı tədbirlərin gücləndirilməsi bu istiqamətdə problemlərin həllinə öz töhfəsini verəcək. - Sona xanım, yeri gəlmişkən, bir yaralı məsələyə də toxunaq. Ali təhsil müəssisələrində təhsil haqqı yüksəkdir. Sıravi vətəndaş, lap elə müəllim olan valideyn, Tibb Universitetinin illik 4500 AZN təhsil haqqını necə ödəyəcək? Bu natarazlıq sizə də qəribə gəlmirmi? - Dövlət universitetlərində təhsil haqqı yüksəkdir, bu il dövlət sifarişli yerlərə qəbulda da ballar çox yüksək olub. Bu bir tərəfdən daha savadlı gənclərin yetişməsidir, deməli, bu yerlərə rəqabət yüksək olub, lakin təhsilin əlçatanlığı baxımından təhsil haqqı ilə bağlı universitetlər heç olmasa müəyyən güzəştlər tətbiq etsəydilər, düşünürəm, daha yaxşı olardı. - Diaqnostik qiymətləndirmədən az bal toplayan müəllimlər var, onlar hələ işləyirlər. Bu necə olur? Belə çıxır ki, bu qiymətləndirmənin rolu azdır… - Ümumilikdə diaqnostik qiymətləndirmənin aparılması yaxşı haldır, müəllimlər öz üzərində işləyir və məsuliyyət hiss edir. Bəziləri buna qarşı çıxır, öyrədənləri yoxlamağı doğru saymır. Müəyyən müddət ümumtəhsil məktəbində və Təhsil Şöbəsində işləmək imkanım olub, bu reallıqdır ki, bütün müəllimlərin bilik və bacarıq səviyyəsi eyni deyil. O ki, qaldı az bal toplayan müəllimlərə, Təhsil Nazirliyi tərəfindən bununla bağlı qaydalar müəyyən edilib və mən deyərdim ki, kifayət qədər güzəştli şərtlərə malikdir. Bu şərtlər imkan verir ki, az bal yığan müəllimlər öz üzərlərində işləsinlər və işlərini itirməsinlər. Nəticədə bizim hamımızın məqsədi savadlı və sağlam gənclik yetişdirməkdir. - Bu gün həm də Türk dili bayramıdır. Necə düşünürsünüz bunu ortaq türkcəyə gedən bir yol kimi qiymətləndirmək olarmı? - Hər bir dövlətdə qəbul edilmiş dövlət dili ilə bağlı qeyd olunan günlər var. Əlbəttə ki, Türk xalqları və dövlətləri təqvimdə ümumi bir gün təyin edərək ortaq Türk dili bayramı təsis etsəydilər, bu gələcəkdə Türk dövlətlərinin daha da yaxınlaşması və birliyinə ortaq bir səbəb olardı. Türk dili bayramı ilə bağlı qardaş Türkiyə dövlətinin prezidenti Rəcəb Tayyip Ərdoğan dünən çox gözəl bir fikir söylədi: "Dünyanın ən qədim, ən çox danışılan və ən zəngin dillərindən olan türkçəmiz, bizi millət edən dəyərlərin önündə gəlməkdədir. Çox geniş coğrafiyaya yayılmış və ortaq tarixə malik olduğumuz digər xalqlarla da ümumi bağımız olan Türk dilimiz, bizi bir-birini anlayan, bir-birini qucaqlayan, bir-birinə dəstək olan böyük bir ailənin bir parçası halına gətirməkdədir.” Məncə bu ifadəylə o, dünyaya və regiona lazım olan mesajı ötürüb. aia.az Geri dön |