Ana Sayfa > Manşet / Ölkə > Şəki – gələcəyə aparan yollarımız
Şəki – gələcəyə aparan yollarımız25-09-2018, 13:54. Yazar: sevinc1 |
Son dövrlər Şəkidə görülən abadlıq-quruculuq işlərinin geniş vüsət alması, onun yollarının vəziyyətində də öz əksini tapır. Bu işlərin yüksək səviyyədə görülməsi üçün “15 saylı Yol İstismar İdarəsi” MMC-nin kollektivi də üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir Bu gün paytaxt Bakı ilə yanaşı ölkəmizin bütün regionlarında yol infrastrukturunun yenudən qurulması, yeni yol qovşaqlarının, körpülərin salınması istiqamətində görülən işlər özünün yüksək dinamikası ilə diqqəti cəlb edir. Bu məqsədlər üçün Ölkə Prezidentinin müvafiq sərəncamları ilə ayrılan vəsaitlər bu sahədə həqiqətən də böyük layihələrin reallaşdırılmasını təmin edir. Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri üzrə işlərin həcmi ildən-ilə artır. Artıq dəfələrlə qeyd etdiyimiz kimi, yol-nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramının uğurla həyata keçirilməsi baxımından, işlərin bilavasitə icraçıları olan yol-istismar idarələrinin səmərəli fəaliyyətləri də xüsusi əhəmiyyət kəsb edir. Bu gün gördüyü işlər haqqında bəzi məlumatları təqdim edəcəyimiz müəssisə Şəki rayonunda fəaliyyət göstərən “15 saylı Yol İstismar İdarəsi” MMC-dir. İşlərin yüksək keyfiyyəti təmin edilib Son dövrlər Şəkidə görülən abadlıq-quruculuq işlərinin geniş vüsət alması, onun yollarının vəziyyətindən də bəlli olur. Genişləndirilmiş prospekt və abad yollar, səliqə-sahmanlı küçələr göz oxşayır. Bu işlərin yüksək səviyyədə görülməsi üçün Şəki “15 saylı Yol İstismar İdarəsi” MMC-nin kollektivi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır. Qeyd etdiyimiz kimi, əsasən Şəki rayonu ərazisində fəaliyyət göstərən bu müəssisə Dövlət Proqramının icrasından irəli gələn tələblərə uyğun olaraq, kəndarası yolların təmiri, bərpası və tikintisi ilə məşğul olur. Diqqətəlayiq haldır ki, müəssisənin fəaliyyəti yerli ictimaiyyət tərəfindən də kifayət qədər yüksək qiymətləndirilir. Bu arada bir məqamı da xüsusi olaraq vurğulamaq lazımdır ki, “15 saylı Yol İstismar İdarəsi” MMC-nin fəaliyyətində yüksəlişə doğru kəskin dönüş bu müəssisəyə Yunis İsmayılovun rəhbərliyə təyin edilməsindən sonra baş vermişdir. Redaksiyamıza təqdim olunan açıqlamalarda da qeyd olunur ki, məhz Yunis İsmayılovun yüksək peşəkarlığı və effektiv idarəçilik qabiliyyəti bu MMC-nin analoji müəssisələr sırasında xüsusilə seçilməsini, eləcə də görülən işlərin yüksək keyfiyyətini təmin edir. Xüsusi əhəmiyyətə malik yol yenidən qurulub “15 saylı Yol İstismar İdarəsi” MMC-nin icrasına cəlb olunduğu son dövlət sifarişlərindən biri də Şəki rayonunda xüsusi əhəmiyyətə malik 50,9 km uzunluğunda olan Çayqaraqoyunlu - Turan - Cəyirli - Qozlubulaq - Sarıca - Qayabaşı - Bolludərə - Qaratorpaq avtomobil yolunun yenidən qurulmasıdır. İcarsı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sifariş olunmuş bu yolun yenidən qurulması işləri artıq yekunlaşmaq üzrədir. Qeyd olunmalıdır ki, sözügedən yolun 21 km-i respublika əhəmiyətli R56 Kərimli avtomobil yoluna düşür. Bu üzdən yolun bu hissəsi 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 7 metr, çiyinlərin eni 2.5 metr olmaqla ümumi eni 12 metr təşkil edir. Başlanğıcını M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 17-ci km-dən götürən Kərimli avtomobil yolu R9 Qaraməryəm-İsmayıllı-Şəki-Oğuz avtomobil yoluna birləşməklə, bölgələri birləşdirmək baxımından xüsusi əhəmiyyətə malikdir. İki körpü əsaslı təmir edilib Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun qalan 29.9 km-lik hissəsi isə, 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Burda yolun hərəkət hissəsi 6 metr, çiyinlər 2 metr olmaqla ümumi eni 10 metr təşkil edir. Layihə çərçivəsində yararsız qruntun qazılaraq çıxarılması, yeni yol yatağının inşası işləri aparılıb. Daha sonra yol əsasının tikintisi işləri görülüb. Yol əsası optimal-qırmadaş və qum-çınqıl qarışığından inşa edilib. Hazırda yol boyu asfaltlanma işləri tamamlanmaq üzrədir. Ümumilikdə yolun 300 min kv.m-dən çox hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənir. Tikinti layihəsinə uyğun olaraq yol boyu mövcud olan suötürücü borular yeniləri ilə əvəzlənib, zəruri olan yerlərdə yeniləri inşa edilib. Belə ki, yola müxtəlif diametrli 290 metr uzunluğunda beton, 450 metr uzunluğunda isə dəmir borular quraşdırılıb. Bundan başqa mövcud 2 körpünün isə, əsaslı şəkildə təmiri işləri də aparılıb. 8 məntəqədə 11 min sakinin rifah səviyyəsi daha da yüksələcək Yenidənqurma işləri yol boyu yaşayan vətəndaşların xüsusən payız-qış aylarında gediş-gəlişlə bağlı yaşadıqları çətinlikləri aradan qaldıracaq, yük və sərnişin daşımasının asanlaşmasına səbəb olacaq. Bundan başqa respublikanın iki əsas avtomobil yoluna çıxış əldə olunmaqla rayonlar arası məsafə dəfələrlə qısaldılmış olacaq. Yetişdirilən kənd təsərrüfatı məhsullarının qonşu rayon mərkəzlərinə və paytaxt Bakıya tez və rahat şəkildə daşınmasına şərait yaradılmaqla kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq. Qeyd edək ki, Şəki rayonunun Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolu 11 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir aia.az Samir Vəliyev Geri dön |