Ana Sayfa > Manşet / Ölkə / Seçilənlər-1 > Sumqayıtda və ətraf bölgələrdə ana və uşaq ölümü hallarının statistikasında kəskin azalma müşahidə olunur

Sumqayıtda və ətraf bölgələrdə ana və uşaq ölümü hallarının statistikasında kəskin azalma müşahidə olunur


20-09-2018, 09:53. Yazar: sevinc1
Sumqayıtda və ətraf bölgələrdə ana və uşaq ölümü hallarının statistikasında kəskin azalma müşahidə olunur



Mütəxəssislərin və yerli sakinlərin yekdil rəyinə görə, bu sevindirici tendensiya Sumqayıt şəhər 1 saylı doğum evinin baş həkimi vəzifəsinə Təranə xanım Rəcəblinin təyinatından sonra formalaşmağa başlayıb...

Təbii ki, dövrümüzdə möcüzələrin baş vermədiyini və sadəcə bir təyinatın böyük bir bölgədə hər hansı istənilən sahədə mövcud göstəricilərin kəskin dəyişməsinə dərhal səbəb ola bilməyəcəyini biz də gözəl anlayırıq. Amma məsələ bundadır ki, düzgün yönləndirilən, peşəkarcasına idarə olunan bir toplumun və ya qrup halında insanların həqiqətən möcüzələr yarada biləcəyi də bir həqiqətdir. Əslində, Azərbaycan səhiyyəsində bu gün gözümüzün önündəcə həyata keçən köklü islahatlar və bu zəmində müşahidə olunan sürətli inkişafın özü də bu dediklərimizə ən bariz nümunə, ən danılmaz dəlildir. Ölkə rəhbərliyinin təşəbbüsü ilə və birbaşa nəzarəti altında səhiyyə sahəsində həyata keçirilən bu islahatlar Azərbaycanda tibbi xidmətlərin artıq beynəlxalq standartlar səviyyəsində təşkilini təmin edib. Artıq respublikamızın bütün bölgələrində səhiyyə müəssisələri müasir səviyyədə təmir olunur, onların maddi-texniki bazası ən son texnologiyalara əsaslanan avadanlıqlarla zənginləşdirilir. Bu isə, əlbəttə ki, ilk növbədə dövlətimizin öz vətəndaşlarına göstərdiyi yüksək diqqət və qayğının daha bir təzahürüdür.




Ötən saylarımızda mövzuya dair dərc etdiyimiz yazılardan birində Sumqayıt şəhər 1 saylı doğum evinin fəaliyyətindən bəhs edən bəzi məqamlara toxunmuş, son vaxtlar bu səhiyyə ocağının öz sahəsində bölgənin aparıcı tibb müəssisəsinə çevrilə bildiyindən söz açmışdıq. Qeyd etməliyik ki, həmin yazının dərcindən sonra redaksiyamıza daxil olan çoxsaylı məktub və müraciətlərdə təqdim olunan faktlar Sumqayıt şəhər 1 saylı doğum evinin uğurlarının əslində daha çox olduğunu təsdiq edir. Həmçinin vurğulamaq istərdik ki, bizə müraciət edən bütün respondentlər əldə olunan bu uğurlarda məhz müəssisənin baş həkimi Təranə xanım Rəcəblinin böyük əməyi olduğunu xüsusi qeyd edirlər.

Yeni yaradılmış şöbənin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir




Sumqayıt şəhər 1 saylı doğum evinin 2016-cı ildə əsaslı şəkildə yenidən təmir olunmasından sonra bu müəssisədə xeyli yeniliklər tətbiq olunub. Bu gün müəssisədə yenidoğulmuş proqrami ilə işləyən Almaniya istehsalı Dregeer 8000+ İntelektual panelli, İsvecrə istehsalı Hamilton C3 markalı 2 suni tənəffüs aparatı vardır. Bu aparatlarda yenidoğulmuşlara invaziv və qeyri-invaziv ventilyasiya tətbiq etmək mümkündür. Təmirdən sonra yaradılmış Yenidoğulanların reanimasiya və intensiv terapiya şöbəsinin fəaliyyəti isə, 1 saylı doğum evinin ən əhəmiyyətli funksialarına aiddir. Neonatal reanimasiyada vacib analizləri həyata keçirən laboratoriya ilə yanaşı xəstə başında 3 dəqiqə müddətində Qanın qaz tərkibi, turşu qələvi müvazinatı, elektrolitlər yoxlanılır. Şöbə küvez və servokontrol rejimli isidici reanimasion masaları təmin olunub. Xəstə yerindəcə rentgen neyrosanoqrafiya, daxili orqanların ultrasəs müayinəsi, EXO-kardioqrafiya olunur. Neonatal reanimasiya Kurasurf preparatı ilə tam həcmdə fasiləsiz təmin edilir. Yenidoğulmuşlara sübutlu təbabətə əsaslanaraq klinik protokollar üzrə müayinə və müalicə tətbiq edilir.

Yenidoğulmuşlara istilik qoruyucu rejim təmin edilməklə çoxfunksiyalı monitorlarda distansion daimi nəzarət həyata keçirir. Burada quraşdırılmış cihazlar 48 saat ərzində avtonom surətdə işləmək qabiliyyətinə malikdirlər. Şöbə həmçinin lazım olan hallarda generatorla işıqlandırıla bilir. Neonatal reanimasiyada sanitar-gigyenik təlimata uyğun izolyasiya rejimi mövcuddur.

Təbii ki, bütün bu müasir texnologiyaların tətbiqi ilk növbədə həmin cihaz və avadanlıqlarla işləməyi bacaran, əldə olunmuş diaqnostik nəticələrə görə düzgün müalicə kursu təyin edə bilən həkimlərin iştirakını tələb edir. Əks halda texnika da insan həyatını qurtarmaqda acizdir.

İnsan faktoru insan həyatını qurtarır




Əminliklə demək olar ki, Sumqayıt şəhər 1 saylı doğum evində bu məsələ də ən optimal şəkildə öz həllini tapıb. Belə ki, hazırda müəssisədə baş həkim Təranə xanım Rəcəblinin rəhbərliyi altında yalnız yüksək ixtisaslı peşəkarlar, öz işini bilən və sevən təcrübəli həkimlər çalışırlar. Elə aşağıda təqdim etdiyimiz bəzi statistik məlumatlar da ilk növbədə məhz bu həkimlərin fədakar fəaliyyətlərindən xəbər verir.

2018-ci ilin 1 sentyabr tarixinədək keçən dövrü ərzində Sumqayıt şəhər 1 saylı doğum evi özünə kənar müəssisələrdən, yəni ətraf bölgələrdə yerləşən digər tibb müəssisələrindən 101 yenidoğulmuş qəbul etmişdir ki, bunlardan 68-i vaxtından əvvəl doğulmuşlardır. Onlardan 75 yenidoğulmuş 2 saylı doğum evindən, 2 yenidoğulmuş Saray qəsəbəsindən, 10 yenidoğulmuş Xırdalan şəhərindən, 4 yenidoğulmuş H.Z.Tağıyev qəsəbəsindən, 8 yenidoğulmuş evdən, 1 yenidoğulmuş “Vital” klinikasından, 1 yenidoğulmuş “Real” klinikasından daxil olmuşdur. Bunlardan 62 uşaq respirator terapiya almış, 4 uşağa mübadilə qan köçürmə əməliyyatı icra edilmişdir. 4 uşaqda anadangəlmə ürək qüsuru, 1 uşaqda diafraqmal yırtıq və 1uşaqda törəmə aşkarlanmışdır. Bütün hallarda uşaqlara yüksək ixtisaslı yardım göstərilmişdir. Məhz Sumqayıt şəhər 1 saylı doğum evinin bu gərgin və effektiv fəaliyyətinin nəticəsi olaraq, həmin tibb müəssisələrində uşaq ölümü hallarının say göstəricisi xeyli aşağı olmuşdur.

Bundan başqa isə, qeyd olunan müddət ərzində 1 saylı doğum evinin özündə 181 doğum olmuşdur. Dünyaya gələn uşaqların 92-də müxtəlif dərəcəli qüsurlar aşkar edilmişdir ki, onlara da vaxtında müvafiq müalicə üsulları tətbiq edilmişdir.

Bölgədə III səviyyəyə aid edilən yeganə klinik doğum evi



Heç təsadüfi deyil ki, Sumqayıt şəhər 1 saylı doğum evi bu gün artıq doğuşayardım xidməti göstərən III səviyyəli dövlət tibb müəssisəsi kimi təsdiq olunub. Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Doğum evlərində (şöbələrində) doğuşayardım işinin təşkili haqqında təlimat”ında bildirilir ki, Azərbaycanda doğuşayardım xidməti dövlət tibb müəssisələrində üç səviyyədə göstərilir. I səviyyəyə kənd sahə xəsatəxanaları və rayon mərkəzi xəstəxanalarının mamalıq şöbələri aid edilir. II səviyyə müəssisələri dedikdə, şəhər və rayon klinik doğum evləri, çoxprofilli şəhər xəstəxanalarının doğum şöbələri nəzərdə tutulur. Nəhayət III (ən yüksək)səviyyəyə Respublika Perinatal Mərkəzi və regional perinatal mərkəzlər, Elmi-Ttədqiqat Mamalıq və Ginekologiya İnstitutu və K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu aid olunurlar. Təlimata görə, hamilə, zahı qadınlara və yenidogulmuşlara yüksək ixtisaslı, müalicəvi yardım göstərən tibb müəssisələri və eyni zamanda koordinasiyaedici təşkilati metodik mərkəzlər də bu yüksək səviyyəyə aid edilə bilərlər. Başqa sözlə desək, III səviyyəli doğum müəssisəsi adlanmaq haqqını qazanmaq üçün, doğum evi bir tərəfdən ən müasir texniki təchizata, digər tərəfdən də bilkli və təcrübəli personala malik olmalıdır. Heç şübhəsiz Sumqayıt şəhər 1 saylı doğum evi də bütün bu qabaqcıl keyfiyyətləri özündə uğurla cəmləşdirir.

Əli Mahmudov
aia.az









Geri dön