Ana Sayfa > İdman > "Millidə formada olmayan futbolçular var” – Vaqif Cavadov

"Millidə formada olmayan futbolçular var” – Vaqif Cavadov


12-09-2018, 16:57. Yazar: sevinc1
"Millidə formada olmayan futbolçular var” – Vaqif Cavadov



“Keşlə”nin hücumçusu Vaqif Cavadov Qol.az-a müsahibə verib. Komandasının çempionata uğursuz başlamasından və bu turda “Neftçi” ilə keçirəcəkləri oyundan danışan futbolçu millimizin UEFA Millətlər Liqasındakı çıxışına toxunub.

-“Keşlə” mövsümə yaxşı başlamadı. İlk 3 turdan sonra cəmi 1 xalınız var. Sizcə, uğursuz startın səbəbi nədir?

- Müxtəlif səbəb ola bilər. Bu, hər bir futbolçunun özündən asılı olan bir şeydir. Məncə, baş məşqçi dəyişikliyinin də təsiri var. Yeni məşqçi gəldi, uyğunlaşma prosesi getdi. Avroliqada mübarizəni erkən dayındırmağımız da komandanın çıxışına təsir etdi. Amma burada elə də böyük problem yoxdur. Futboldur, alınmadı. Ona görə də hansısa problem axtarmaq lazım deyil.

- Milli komandaların oyunları ilə bağlı hardasa 3 həftəlik fasilə yarandı. Bundan yaxşı istifadə edə bildiniz?

- Düzdür, fasilə çox uzun oldu. Amma bu, çempionata pis başlayan komandalar üçün yaxşı imkandır. Məşqçilər korpusu çatışmayan cəhətləri görüb, bunun üzərində işlədilər. Komandada fiziki baxımdan da artım gedir. Gündə 2 məşq keçirik. Hər şey qaydasındadır. Növbəti oyuna hazırlaşırıq.

- Yeni baş məşqçiniz Mladen Milinkoviç komandaya nə kimi yeniliklər gətirib?

- Yeni məşqçidir, öz sistemi, taktikası var. Taktiki məşqlərə çox üstünlük verir. Özünüz də görmüsünüz, artıq 4-4-2 taktiki sxeminə keçmişik. Artıq yeni taktika ilə oynayırıq.

- Serbiyalı mütəxəssis istər oyun üslubu, istərsə də futbolçulara münasibət baxımından əvvəlki baş məşqçiniz Yuri Maksimovdan çox fərqlənir?

- Məşqçiləri müqayisə etmək mənim tərəfimdən düzgün olmaz. Bir futbolçu olaraq, bu, etik deyil.

- Həftəsonu “Neftçi” ilə paytaxt derbisinə çıxacaqsınız. Həmin oyun barədə nə deyə bilərsiniz?

- Çətin oyun olacaq. “Neftçi” favoritdir. Çempionata yaxşı başlamaq və formada olmaq baxımından belə deyirəm. Yaranmış fasilə kiməsə yaxşı, kiməsə pis gələ bilər. Bu, formada olan komandanın əleyhinə ola bilər. Biz isə çempionata pis başladıq. Ola bilər ki, fasilə bizim üçün düşərli olsun. Bunu dəfələrlə demişəm və üstündə də dururam: çox şey futbolçunun oyuna necə hazırlaşmasından asılıdır. Bütün oyunçularımız 100 faiz hazır olsa, “Keşlə”nin qələbə qazanmaq üçünm heç bir problemi olmaz.

- İştirakçıların mövqeyindən asılı olmayaraq, “Neftçi” – “Keşlə” oyunları hər zaman gərgin və maraqlı alınıb. Budəfəki qarşılaşma nə vəd edir?

- Özünüz də bilirsiniz ki, əvvəl çempionat daha güclü, daha səviyyəli idi. Həm komandaların, həm də futbolçuların səviyyəsi baxımından o vaxtlar tam fərqli yarış keçirdi. 6-7 klub çempionluq uğrunda mübarizə aparırdı. İndi belə şey yoxdur. Amma onu deyə bilərəm ki, istənilən komandanın “Neftçi” ilə oyunları hər zaman gərgin keçib. “Neftçi” 4 və ya 5-ci olanda da belə olub, çempionluğa oynayanda da. “Keşlə”yə gəlincə, biz hər bir oyuna ciddi hazırlaşırıq və qalib gəlmək istəyirik. İnanmıram ki, hansısa futbolçu qələbə haqda düşünməsin. Əgər elə bir oyunçu varsa, deməli, mən yanılıram. Hamımız bu oyuna köklənmişik. Bütün fikrimiz “Neftçi” ilə matçdadır.

- Bir az da milli komanda barədə danışaq. Yəqin ki, yığmamızın Millətlər Liqasında Kosovo və Malta ilə keçirdiyi oyunları izlədiniz. Hər iki oyunda itirilən xallara görə milli komanda tənqid olunur. Bu barədə sizin fikirlərinizi bilmək maraqlı olardı...

- Bu oyunlardan çoxları çox şey yazır. Məncə, heç kim istəməzdi belə olsun. Əlbəttə, nəticələr ürəkaçan deyil. Kosovonun artıq 4 xalı, bizim isə 2 xalımız var. Çətin vəziyyətə düşmüşük. Amma burada baş məşqçilik böyük bir şey yoxdur. Çünki futbolçular milliyə klublardan gəlirlər. Yığmada yaxşı formada olmayan oyunçular var. Buna baxmayaraq, ruhdan düşməmək lazımdır. Bu gün çoxları millini tənqid edir. Düzdür, tənqid olmalıdır. Ancaq digər tərəfdən, artıq bu vəziyyətə düşmüşük və buradan birlikdə çıxmalıyıq. Komandaya motivasiya vermək lazımdır ki, uşaqlar özlərinə gəlsinlər. Çünki futbolçular özləri yazılan tənqidləri oxumasalar da, onlara çatıdırırlar. Millidə olmasam da, bu, mənə də təsir edir. Çünki hamımız futbolçuyuq və milli komandanın şərəfini qorumuşuq. Harasa gedəndə soruşurlar ki, niyə Maltanı, Kosovonu uda bilmirsiniz. Amma indiki məqamda əl-ələ verib, vəziyyəti düzəltməliyik. Hə, ondan sonra da düzəlməsə, ikiqat tənqid etmək olar.

aia.az
Geri dön