Ana Sayfa > İqtisadiyyat > Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin perspektivləri müzakirə edilib
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin perspektivləri müzakirə edilib6-09-2018, 15:45. Yazar: sevinc1 |
İqtisadiyyat naziri, Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev “Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun birinci müavini Aleksandr Mişarin ilə görüşüb. İqtisadiyyat Nazirliyindən aia.az-a verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən iqtisadi-ticarət, nəqliyyat sahələrində uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan Prezidentinin sentyabrın 1-də Rusiyaya rəsmi səfəri, səfər çərçivəsində keçirilmiş görüşlər və imzalanmış 17 sənəd əməkdaşlığın genişləndirilməsində xüsusilə önəmlidir. Nəqliyyat sahəsinin Azərbaycan-Rusiya əməkdaşlığının əhəmiyyətli istiqamətlərindən olduğunu qeyd edən Ş.Mustafayev dövlət başçılarının görüşündə də bu məsələnin diqqət mərkəzində olduğu bildirilib. Nazir səfər zamanı özündə beş yol xəritəsini əhatə edən “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı”nın imzalandığını və sənədin nəqliyyat sahəsində əməkdaşlığın inkişafı üzrə Yol Xəritəsi bölməsində Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə tərəflərin qarşılıqlı əməkdaşlığının xüsusi qeyd edildiyini vurğulayıb. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin hər iki ölkə üçün əhəmiyyətini diqqətə çatdıran iqtisadiyyat naziri bu sahədə görülən işlər, o cümlədən nəqliyyat dəhlizi üzrə dəmir yolu xəttinin tikintisinə dair fikirlərini bölüşüb. Bildirilib ki, Rusiya ilə birgə həyata keçirilən Samur çayı üzərində körpünün tikintisi hazırda davam edir. Şimal-Cənub nəqliyyat dəhlizinin əlaqələrin genişləndirilməsi və tranzit daşımalarının artırılması sahəsində önəmini vurğulayan iqtisadiyyat naziri nəqliyyat dəhlizi vasitəsilə əvvəlki illə müqayisədə 100 dəfə çox yük daşındığını qeyd edərək, Şərq-Qərb nəqliyyat dəhlizi üzrə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. “Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun müavini A.Mişarin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli layihələrdən olduğunu vurğulayıb, bu istiqamətdə dəmir yolu xəttinin tikintisinə dair işçi qrupunun yaradılması və digər məsələlərə dair fikirlərini bidirib. aia.az Geri dön |