Ana Sayfa > Ölkə > Kənd təsərrüfatı “bataqlıq”dan niyə çıxmır? - İnamlı nazirin işinə mütəxəssis baxışları
Kənd təsərrüfatı “bataqlıq”dan niyə çıxmır? - İnamlı nazirin işinə mütəxəssis baxışları31-08-2018, 17:16. Yazar: sevinc1 |
Kənd təsərrüfatı hər bir ölkənin həyatında ciddi əhəmiyyətə malik olsa da, Azərbaycanda problemli sahələrin başında gəlir. Ölkə rəhbərliyinin qeyri-neft sektorunun inkişafı, xüsusən də kənd təsərrüfatının dirçəldilməsi üçün verdiyi sərəncamlar, bununla bağlı hazırlanan dövlət proqramları hələ ki, gözlənilən nəticəni vermir. "ASAN Xidmət”dəki işi ilə ölkədə hər kəsin rəğbətini qazanmış İnam Kərimovun təyinatı, aparılan struktur və kadr islahatı da kəndlinin və fermerin həyatına müsbət nəticə demək olar ki, gətirməyib. Məsələn, bu il də ənənəvi problemlərin şahidi olduq; texnika çatışmazlığı, məhsulun düzgün yetişdirilməsi üçün lazım olan dərman vasitələrinin azlığı, mütəxəssis qıtlığı və məhsulun satılması üçün bazarın olmaması... Təyinatından dərhal sonra qollarını çırmayıb əkin sahələrinə gedən, fermerlərlə, kəndlilərlə görüşən, xeyli dəyişikliklərə imza atan İnam Kərimov ilk növbədə hansı addımları atmalıdır ki, kənd təsərrüfatı sahəsində dirçəliş hiss olunsun? Mütəxəssislər yeni nazirdən nələr gözləyir? Gözlənilən nəticə niyə yoxdur? Kənd təsərrüfatının post-neft dövrünə keçmək istəyən ölkə üçün nə qədər əhəmiyyətli olduğunu nəzərə alaraq, BakuPost-un əməkdaşı bu sahənin mütəxəssislərinin fikirlərini öyrənib: Mütəxəssislər həm İnam Kərimovun və nazirliyin yeni rəhbər şəxslərinin işini qiymətləndirib, həm də bu sahədəki mövcud problemləri sadalayıb. Fermerlərə müjdə - Vacib qanun layihəsi hazırlanır Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, kənd təsərrüfatı sahəsi üzrə qocaman mütəxəssislərdən olan Eldar İbrahimov BakuPost-a açıqlamasında bildirib ki, dövlət bu sahənin inkişafı üçün daim çalışır, bu sahədəki əsas problemlərdən biri – sığorta ilə bağlı yeni qanun layihəsi hazırlanır. Deputatın sözlərinə görə, Kənd təsərrüfatının sığortası haqqında qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılıcaq: "Kənd Təsərrüfatı Nazirliyi ilə müzakirələr aparmışıq. Hazırda kənd təsərrüfatının sığortası haqqında qanun layihəsi hazırlanır. Payız sessiyasında müzakirəyə çıxaracağıq. Qəbul olunsa, kənd təsərrüfatında xeyli canlanmanın şahidi olacağıq. Bu qanunun fermerlərə, torpaq sahiblərinə çox böyük təsiri olacaq. Biz uzun müddət əvvəl belə bir qanun qəbul etmişdik, amma o qanun işləmir. Yenilənmiş qanun layihəsi hazırlayırıq. Bu qanun qəbul edildikdən sonra, kənd təsərrüfatı sahəsində işləyən şəxslər öz məhsullarını sığorta etdirə biləcəklər. Bizdə heç kim öz məhsulunu sığorta etdirmir. Tutaq ki, fermer taxıl əkir, yağış yağanda, quraqlıq olanda, yaxud hansısa fəlakət olub məhsulu aparanda, o, həm maliyyəsini itirmiş olur, həm də qazancsız qalır. Sığorta etdirdikdə isə, onun pulunu ala biləcək. Bu, dövlətlə fermer arasında olan çox böyük inamdır, fermerə dövlətin dəstəyidir. Bu təkcə bizim ərzaq təhlükəsizliyimizi təmin etmir, həm də xarici bazarlara çıxıb valyuta gətirməyə kömək edir”. Qarşıya qoyulmuş əsas məqsədlər E. İbrahimov Azərbaycanda kənd təsərrüfatı sahəsində qarşıya qoyulmuş məqsədləri də açıqlayıb: "İlk növbədə Ərzaq təhülkəsizliyi təmin olunmalıdır. Əgər insanların ərzağı yoxdursa, burada hansı təhlükəsizlikdən danışmaq olar? İkinci məsələ: artıq kənd təsərrüfatı qeyri-neft sektorunun ən prioritet sahəsi olaraq, qazanc verməlidir. Neftsiz ölkələr necə yaşayır? Biz də elə yaşamalıyıq. Ötən il Azərbaycan təkcə pomidordan 150 milyon dollar həcmində valyuta qazanıb. Fındıq və pambıqdan da xeyli gəlir əldə edilib. İxrac məhsulları içərisində kənd təsərrüfatı məhsullarının payı olmalıdır. Biz çalışırıq ki, bu payı 40 faizə çatdıraq”. Xaricə şərab satacağıq Millət vəkili Azərbaycanın gələcəkdə xaricə şərab ixrac edə biləcəyini əlavə edib: "Prezident bu günlərdə Şamaxıda oldu. Orada üzüm plantasiyları salınıb. Fransadan ekspert gəlib, nümayəndə gəlib, o da iş görür. Yeni şərab növləri hazırlanır. Bu şərablar xaricə çıxarılıb satılanda, büdcəmizə pul gələcək. Onda da biz varlı yaşayacağıq”. Peşəkarlıq problemi Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov isə hesab edir ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində inkişafın ləng getməsi bir başa nazir və nazirlikdəki rəhbər şəxslərlə bağlıdır: "Bu sahənin problemi kənd təsərrüfatı nazirlərinin qeyri-peşəkarlığı ilə bağlıdır. Sahənin mürəkkəb problemi var. Gərək kənd təsərrüfatı naziri torpağı əlinə götürüb, onu oxuyub, tərkibində hansı elementlərin çatışmadığını müəyyən edə bilsin. O qədər peşəkar olmalıdır ki, bu sahədə mövcud olan problemlərin həlli istiqamətində siyasəti müəyyən edə bilməlidir. Bizdəki kənd təsərrüfatını digər ölkələrlə müqayisə etməyin. Digər ölkələrdə, xüsusən inkişaf etmiş ölkələrdə artıq kənd təsərrüfatı inkişaf edib. Oturuşub. Azərbaycanın hətta xalq artistini də aparıb Almaniyada kənd təsərrüfatı naziri qoysalar, orada kənd təsərrüfatı məhsulu yenə azalmayacaq, əksinə artacaq. Orada problem nazirlə bağlı deyil, bizdə isə məhz nazirlə bağlıdır. Onlar uzun müddət peşəkarları cəlb etdilər bu işə və sahəni əməlli başlı inkişaf etdirdilər. Peşəkar olmalısan ki, sahədə mövcud problemləri görüb, həlli istiqamətində müəyyən addımlar ata biləsən. Siyasəti müəyyən edə biləsən”. Xaricdən gətirilmiş mütəxəssislər bizə nə verəcək? V. Məhərrəmov nazirliyin cəlb etdiyi xarici mütəxəssislə bağlı da nikbin fikirdə deyil: "Xarici mütəxəssis gətiriblər. Amma bilmirlər ki, xaricdən gələn mütəxəssis bizim mentaliteti bilmir. O bilmir burada hansı siyasəti yürütmək lazımdır ki, fermer, kəndli istehsalın artımında, aqrotexniki qaydalara riayət etməkdə maraqlı olsun. Azərbaycana cəlb olunan mütəxəssislə bağlı bir az axtarış elədim, gördüm ki, digər ölkələrdə də işləyib. Ölkədən-ölkəyə gedir, amma o ölkələrdə yaxşı mənada nəsə təklif verə bilməyib, nəyəsə nail ola bilməyib. Çünki harasa cəlb olunan mütəxəssisə oradakı problemləri öyrənmək üçün heç olmazsa 3-4 il vaxt lazımdır. Azərbaycanda bu sahə üzrə kifayət qədər peşəkar kadrlar var ki, onlar bu sahəni idarə etməlidir. Onlar mövcud problemlərin həlli istiqamətində öz töhfələrini verməlidir”. 20 milyonluq yumurta İqtisadçı-fermer, kənd təsərrüfatı sahəsində geniş təcrübəyə sahib iş adamı Mürvət Həsənli İnam Kərimovun fəaliyyəti ilə bağlı optimist düşüncədədir. O, yeni nazirin innovasiyalar ustası olduğunu nəzərə alaraq, böyük yeniliklər gətirəcəyinə əmindir. İş adamının sözlərinə görə, Azərbaycan bu ildən etibarən İrana süfrə yumurtası ixracına başlayıb: "Biz artıq 6 aya yaxındır ki, İrana süfrə yumurtası satırıq. Ordan da 20 milyon dollara yaxın vəsaitin daxil olması gözlənilir. Biz illər uzunu İrandan yumurta almışıq, amma indi özümüz ora ixrac edirik. Bu il pambıq istehsalında haradasa 20-30 faiz artım var. Süd istehsalında və yumurta sahəsində tam təminat var. Bu gedişlə biz böyük uğurlar əldə edə biləcəyik. Bu elə bir sahədir ki, görülən işlər dərhal nəzərə çarpır. Müəyyən müddətdən sonra öz nəticəsini göstərir. Mənə elə gəlirik ki, kənd təsərrüfatı sahəsində ilk uğurlar yaxın 5 illikdə bilinəcək”. Koordinasiya yoxdur: ötən il 8 manata satılan sarımsaq bu il niyə 56 qəpiyə düşdü? M. Həsənli kənd təsərrüfatı sahəsində mövcud olan bir problemi də qabardıb. O, koordinasiyanın olmaması ucbatından fermerlərin məhsullarının əllərində qaldığını deyib: "Ötən il sarımsağın kilosu 8 manata idi. Bu il isə sahibkar sarımsağın kilosunu 56 qəpiyə sata bilmirdi. Bunun isə bir səbəbi var. Fermer görür ki, sarımsaq ötən il kifayət qədər baha olub, bu il hamısı sarımsaq əkir. Nəticədə bazarda təklif tələbi üstələyir. Ona görə Kənd Təsərrüfatı Nazirliyinin aqrar sahəyə baxan sektoru nədən nə qədər istehsal edilməli olduğunu tənzimləməlidir. Mülki əhalinin tələbatı hesablanmalı və ona görə qərar verilməlidir. Nazirliyin tərkibində Aqrar ticarət deyə bir şöbə açılıb. O şöbə həmin işlərlə məşğul olur. İnanıram ki, koordinasiyalı görülmüş iş bu problem aradan qaldıracaq”. "Nazir monopoliyanı dağıtmalıdır” İqtisadçı-ekspert, jurnalist Qadir İbrahimli sözügedən sahədəki mövcud problemlərin yaxın vaxtlarda həllini tapacağına ümid etmədiyini dilə gətirib: "Bu sistemdə işlər 1 aya, 5 aya, 1 ilə həll oluna bilməz. Problemlərin həlli üçün uzun müddət lazımdır. Ən böyük problemlərdən biri kənd təsərrüfatı məhsullarının satış bazarının olmamasıdır. Hazırda satış bazarı bir neçə holdinq tərəfindən monopoliyaya alınıb. Əsas məsələ monopoliyanın dağıdılması, bazara yeni oyunçular, investorların cəlb edilməsidir. Fermerlərə dövlət dəstəyini müəyyən qədər artırmaq lazımdır. Aqrar sektor bütün dünyada az rentabelli olan sahədir. Orada dövlətin dəstəyi vacibdir. Böyük iradə lazımdır ki, monopoliyalar dağıdılsın. Əgər bu həllini tapmayacaqsa, vəziyyət daha da gərginləşə bilər”. Ekspert İnam Kərimovun bu sahənin mütəxəssisi olmaması və buna görə də hansısa irəliləyişə nail ola bilməyəcəyi ilə bağlı fikirlərə də münasibət bildirib: "Nazirin mütəxəssis olması vacib deyil, onun yüksək menecerlik qabiliyyəti olmalıdır. Yeni nazirdə də bu var. Vacib olan odur ki, nazir özünə peşəkar mobil komanda yarada bilsin, o komandanın hesabına problemləri həll edə bilsin. Buna görə indidən nazir və komandası ilə bağlı konkret söz demək düzgün deyil. İslahatlar aparılır. Bu proses yəqin, bir neçə ay çəkəcək. İlin sonuna kimi gözləmək lazımdır”. aia.az Geri dön |