Ana Sayfa > Manşet / İqtisadiyyat > Azərbaycanın 9,6 milyard dollar dövlət borcu - Xüsusi strategiya hazırlanır

Azərbaycanın 9,6 milyard dollar dövlət borcu - Xüsusi strategiya hazırlanır


30-08-2018, 16:22. Yazar: sevinc1
Azərbaycanın 9,6 milyard dollar dövlət borcu - Xüsusi strategiya hazırlanır


Prezident İlham Əliyev tərəfindən təsdiq edilən Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya ölkəmizdə mühüm əhəmiyyət daşıyan strateji hədəflərə çatması üçün prioritet tədbirlərin həyata keçirilməsini və beləliklə də xarici borcun aşağı səviyyələrdə saxlanmasını təmin edəcək.

Bu barədə Modern.az-a Maliyyə Nazirliyinin (MN) mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib.

O qeyd edib ki, hazırda dövlət borcunun səviyyəsi beynəlxalq təcrübədə müəyyən olunan göstəricilərə əsasən sabit olsa da, borcun vəziyyətinə nəzarətin mütəmadi təmin edilməsi bu sahədə xüsusi strategiyanın işlənib hazırlanması zərurətini aktuallaşdırdı:


“Məlum olduğu kimi, 2014-cü ilin ikinci yarısından başlayaraq dünya bazarında neftin qiymətinin ucuzlaşması və əsas ticarət tərəfdaşlarında iqtisadi tənəzzül meyillərinin dərinləşməsi nəticəsində tədiyə balansının tarazlaşdırılması məqsədilə Mərkəzi Bank tərəfindən 2015-ci ildə manatın korreksiyası həyata keçirildi və milli valyuta ABŞ dollarına nisbətdə ucuzlaşdı. Bununla da, dövlət borcunun ümumi səviyyəsi sabit qalsa da, ÜDM-in xarici valyutada nominal dəyərinin azalması xarici dövlət borcunun ÜDM-ə nisbətinin artmasına təsir edən başlıca səbəb oldu.

Beləliklə, milli valyutanın ucuzlaşması fonunda dövlət borcunun ÜDM-ə nisbəti 9,8 faiz bəndi artdı. Qeyd olunanların müqabilində bu dövrdə ölkənin strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 55 faiz bəndi artdı”.


Nazirlik rəsmisinin sözlərinə görə, bank sisteminin sağlamlaşdırılması tədbirləri çərçivəsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xarici öhdəliklərinin dövlətin üzərinə keçməsi nəticəsində xarici dövlət borcu 31,6 faiz artıb:

“Şərti öhdəliklər də nəzərə alınmaqla 2018-ci ilin iyul tarixinə xarici dövlət borcunun məbləği 9,6 milyard ABŞ dolları (ÜDM-in 21,9 faizi) təşkil edib.
Hər iki ildə bir dəfə yenilənməsi nəzərdə tutulan Strategiyanın həyata keçirilməsində əsas əlaqələndirici qurum kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi müəyyən olunub”.

aia.az
Geri dön