Ana Sayfa > Siyasət > “Merkelin səfəri ikitərəfli əlaqələrin dərinləşməsinə səbəb olacaq” - Deputat

“Merkelin səfəri ikitərəfli əlaqələrin dərinləşməsinə səbəb olacaq” - Deputat


27-08-2018, 14:45. Yazar: sevinc1
“Merkelin səfəri ikitərəfli əlaqələrin dərinləşməsinə səbəb olacaq” - Deputat


Almaniya Kansleri Angela Merkelin Azərbaycana səfəri ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsinə səbəb olacaq.

aia.az xəbər verir ki, bunu BakuPost-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, Almaniya Avropa qitəsinin ən güclü ölkələrindən biridir: "Xüsusilə də, son dövr ərzində dünyada baş verən geosiyasi və geoiqtisadi proseslər Almaniya kimi dövlətlər üçün müxtəlif regionlar üzrə əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini genişləndirmək, dərinləşdirmək istəklərini reallaşdırma imkanları formalaşdırır. Əlbəttə ki, xanım Merkelin Azərbaycana səfəri də bu baxımdan istisna təşkil etmir”.

Deputat qeyd edib ki, son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb, ölkəmizə 250 milyard dollar sərmayə qoyulub:

"Azərbaycan Dünya İqtisadi Forumunun rəqabətqabiliyyətlilik reytinqində 35-ci yerə yüksəlib. Artıq bu gün Azərbaycan Cənubi Qafqaz regionunun maliyyə və iqtisadi kütləsinin 75 faizini özündə cəmləşdirir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfələr verməkdə davam edir. Hətta Azərbaycanın malik olduğu tranzit-kommunikasiya infrastrukturu perspektiv enerji layihələrinin reallaşdırılması üçün də əlverişli şərait yaradır. Eyni zamanda Azərbaycanın Avropa İttifaqına daxil olan dövlətlərin bir çoxu ilə ikitərəfli tərəfdaşlıq və strateji əməkdaşlıq münasibətləri mövcuddur. Aİ ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payı 50 faizdir. Bu baxımdan Azərbaycan iqtisadiyyatına investisiya yatıran xarici ölkələr arasında Aİ ölkələri üstünlük təşkil edir”.

Millət vəkili vurğulayıb ki, 2017-ci ildə Aİ-nin Azərbaycanın xarici ticarətindəki payı 42 faiz olub və 9,4 mlrd. dollar təşkil edib:

"2018-ci ilin ilk 4 ayında isə bu göstərici 15 faiz təşkil edib və 3,7 mlrd. dollar olub. Müstəqillik dövründə Aİ-dən Azərbaycan iqtisadiyyatına 25 milyard dollara yaxın investisiya yatırılıb. Azərbaycanda Aİ ölkələrinin 1500-dən çox şirkəti fəaliyyət göstərir. Elə Azərbaycanın Almaniyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşı olması faktı da bu göstəricilərə əlavə edilir. Məhz bu və digər səbəblər Almaniyanın Azərbaycanla əlaqələrini daha da inkişaf etdirmək, dərinləşdirmək planlarının reallaşdırılmasına şərait yaradır. Prezident İlham Əliyevin və Angela Merkelin iş adamları ilə görüşü zamanı Almaniya Kanslerinin Azərbaycanın geostrateji ərazidə yerləşməsi, İran və Rusiya ilə sərhədlərə malik olması, Türkiyə ilə sıx münasibətlərinin mövcudluğu barədə danışması, eyni zamanda ölkəmizin Avropanın enerji təminatının şaxələndirilməsində Aİ üçün mühüm bir ölkə olmasını, Azərbaycanın çox sürətli inkişafa nail olduğunu və bunun Almaniya ilə yaxşı partnyorluq üçün əsas yaratdığını qeyd etməsi bir daha rəsmi Berlinin Bakı ilə sıx əməkdaşlığa verdiyi önəmi üzə çıxarır”.

S.Vəliyeva əlavə edib ki, Azərbaycan-Almaniya əlaqələrinin dərinləşməsi Cənubi Qafqaz və Avropa regionu üçün xüsusi əhəmiyyət kəsb edir.


aia.az
Geri dön