Ana Sayfa > Siyasət > Politoloq: Almaniya Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllinə kömək edə bilər

Politoloq: Almaniya Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllinə kömək edə bilər


27-08-2018, 11:40. Yazar: sevinc1
Politoloq: Almaniya Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllinə kömək edə bilər


Almaniya Kansleri Angela Merkelin Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edir, çünki Avropanın aparıcı ölkələrindən birinin rəhbəri regiona səfər etdi. Bunu Trend-ə politoloq Fikrət Sadıqov deyib.

Politoloq qeyd edib ki, Almaniya Avropa İttifaqının lokomotivi hesab olunur və Azərbaycanın Avropanın bu aparıcı ölkəsi ilə əməkdaşlığı həmişə qarşılıqlı faydalar əsasında qurulub və tərəfdaşlıq xarakteri daşıyıb:

“Azərbaycanla Almaniyanı yalnız enerji sahəsində çoxillik tərəfdaşlıq deyil, eyni zamanda tarixi aspektlər, siyasi, humanitar və iqtisadi əlaqələr birləşdirir. Almaniya enerji layihələrinin, xüsusən “Cənub Qaz Dəhlizi”nin reallaşmasına maraq göstərməklə yanaşı, Cənubi Qafqaz ölkələri ilə əlaqələri inkişaf etdirməyə can atır. Şübhəsiz ki, Almaniya Kanslerinin regionun üç ölkəsinə səfər etməsi heç də təsadüfi deyildi”.

Onun sözlərinə görə, Almaniya Kanslerinin Bakıya səfəri ikitərəfli əlaqələrin inkişafına və genişlənməsinə təkan verəcək:

“Hesab edirəm ki, Azərbaycan və Almaniya rəhbərliyinin ikitərəfli danışıqları çərçivəsində iqtisadi və enerji məsələlərindən əlavə, təhlükəsizlik, terrorizmlə mübarizə kimi məsələlər də müzakirə olunub, çünki bu məsələlər həm Azərbaycan, həm də Almaniya və ümumilikdə Avropa üçün vacib əhəmiyyət kəsb edir. Əlbəttə, danışıqlarda Dağlıq Qarabağ problemi də müzakirə olunub və düşünürəm ki, bu münaqişənin beynəlxalq hüquq və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində Minsk qrupunun üzvü kimi Almaniyadan çox şey asılıdır. Azərbaycan rəhbərliyi bu strateji mühüm regionda sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədilə Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli edilməsinin vacibliyini və zəruriliyini Almaniya rəhbərliyinin diqqətinə çatdırdı. Və artıq qeyd etdiyim kimi, bu münaqişənin beynəlxalq qanun əsasında həll edilməsi yalnız Azərbaycan və region üçün deyil, həmçinin Avropa ölkələri üçün vacibdir. Ümumilikdə bu səfər çərçivəsində əldə olunan razılıqlar ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edəcək”.

Qeyd edək ki, A.Merkel Cənubi Qafqaz regionuna səfəri çərçivəsində avqustun 25-də Azərbaycanda olub.

aia.az
Geri dön