Ana Sayfa > Təhsil > 600-dən çox bal toplayan 5 abituriyent ali məktəblərə qəbul olunmayıb - RƏSMİ
600-dən çox bal toplayan 5 abituriyent ali məktəblərə qəbul olunmayıb - RƏSMİ24-08-2018, 13:13. Yazar: sevinc1 |
Boş qalan plan yerləri üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul olunmayan abituriyentlərin sayı, imtahan ballarının paylanması və s. haqqında bəzi statistik göstəricilər açıqlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzindən aia.az-a məlumat verilib. Bildirilib ki, bu statistika xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla ali təhsil müəssisələrinə qəbul olunmayan abituriyentlərin sayı, imtahan ballarının paylanması və s. haqqındadır. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə əlavə yerləşdirmənin nəticələrinə əsasən, I ixtisas qrupu üzrə 420-dən yuxarı bal toplayanların hamısı ali məktəblərə qəbul olunublar. İlk yerləşdirmədən sonra isə bu göstərici 540 bal idi. Əlavə yerləşdirmədən sonra bu ixtisas qrupu üzrə 410-419 bal intervalında olan yalnız 1 abituriyent ali təhsil müəssisəsinə qəbul ola bilməyib. 300 və daha yuxarı bal toplayan abituriyentlərdən 2-si tələbə adını qazana bilməyib. Ümumiyyətlə isə 200 və daha artıq bal toplayaraq müsabiqədə iştirak etmək hüququ olanlardan (13169 nəfər) cəmi 8 abituriyent ali təhsil müəssisələrinə qəbul ola bilməyib. Qeyd edək ki, ilk yerləşdirmədən sonra belə abituriyentlərin sayı 93 idi. II ixtisas qrupu üzrə ilk yerləşdirmədən sonra 490 və daha yuxarı bal toplayanların, əlavə yerləşdirmədən sonra isə 420 və daha yuxarı bal toplayanların hamısı ali təhsil müəssisələrinə qəbul olublar. 400 bal və daha yuxarı toplayanlardan 2 abituriyent tələbə adını qazana bilməyib. Bu ixtisas qrupu üzrə 200 və daha yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 13 nəfərdir. İlk yerləşdirmədən sonra isə bu say 106 nəfər idi. III ixtisas qrupu üzrə 550 və daha yuxarı bal toplayanların hamısı tələbə adını qazanıb. Bu ixtisas qrupu üzrə ilk yerləşdirmədən sonra 500 və daha yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmayanların sayı 21 nəfər idisə, ikinci yerləşdirmədən sonra bu göstərici 6 nəfərə bərabərdir. 200 və daha yuxarı bal toplayaraq uğur əldə edə bilməyənlərin sayı 410 nəfərdir. İlk yerləşdirmədən sonra isə bu say 796 nəfər idi. IV ixtisas qrupu üzrə yalnız 610 və daha yuxarı bal toplayanların hamısı ali təhsil müəssisələrinə qəbul olublar. 600-609 bal intervalında olan abituriyentlərdən 5 nəfər ali təhsil müəssisələrinə qəbul ola bilməyib. İlkin yerləşdirmədən sonra isə belə abituiyentlərin sayı 6 nəfər idi. 200 və daha yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı isə 253 nəfərdir. I mərhələdə bu göstərici 386 nəfər idi. Ümumiyyətlə, ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə boş qalan plan yerlərinə qəbul olmaq üçün aparılan əlavə yerləşdirmədən sonra 200 və daha yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin sayı 684 nəfər olmuşdur. 200 və daha yuxarı bal toplayaraq müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin sayı isə 38201 nəfər idi. Qeyd edək ki, hazırda ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı aparılır. İlk mərhələdən qəbul olanlar avqustun 28-dək (şənbə və bazar günləri daxil olmaqla) , boş qalan plan yerlərinə qəbul olanlar isə sentybarın 3-dək qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək. aia.az Geri dön |