Ana Sayfa > İqtisadiyyat / Aia TV / Karusel > Vergilər Nazirliyindən əhaliyə MÜRACİƏT
Vergilər Nazirliyindən əhaliyə MÜRACİƏT12-12-2015, 13:56. Yazar: admin |
Qanuna edilmiş dəyişikliklər yanvarın 1-dən qüvvəyə minir Vergilər Nazirliyi Azərbaycan ərazisində aksiz markası ilə markalanmalı olan malların istehsalını, idxalını, satışını və alışını həyata keçirən vergi ödəyicilərinə müraciət edib. Nazirlikdən Lent.az-a daxil olan məlumatda bildirilir ki, “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları” 1 yanvar 2016-cı il tarixdən qüvvəyə minəcək. Qaydaların 3.2-ci bəndinə əsasən, markalanmalı malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 194.1-1-ci maddəsinə əsasən, aksiz markası ilə markalanmalı olan malların alışı və satışı “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi” Qaydalarının aşağıdakı tələblərinə uyğun həyata keçirilməlidir: - aksiz markası ilə markalanmalı olan malların istehsalı, idxalı və ya satışı üçün müvafiq lisenziya olduqda; - həmin malları təqdim edən şəxs tərəfindən malların dəyərinin nağdsız qaydada ödənilməklə əldə edilməsini təsdiq edən sənədlər mövcud olduqda; - həmin malın təqdim edilməsi (fiziki şəxslərin fərdi istehlakının ödənilməsi məqsədi ilə pərakəndə ticarət və iaşə obyektlərində təqdim edilmə halları istisna olmaqla) ciddi hesabat blankı ilə rəsmiləşdirildikdə. Yuxarıda sadalanan tələblərdən hər hansı birini pozan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 229.2-ci maddəsinə əsasən (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda (50 manatadək) satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması yüz manat miqdarında cərimənin tətbiq edilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-1.3-cü maddəsinə əsasən tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda (50 manatdan 1000 manatadək) satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 213-1.4-cü maddəsinə görə isə eyni əməllər külli miqdarda (1000 manatdan yuxarı) törədildikdə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Yuxarıda göstərilənləri nəzərə alaraq 1 yanvar 2016-ci il tarixdən etibarən istehsal və satış obyektlərinizdə aksiz markası ilə markalanmalı olan malların nağdsız satılması həyata keçirilməli və müvafiq lisenziya, habelə malların dəyərinin nağdsız qaydada ödənilməklə əldə edilməsini təsdiq edən sənədlər mövcud olmalıdır. Qanunun tələblərinə görə markalanmalı malları istehsal edən, idxal edən, satan və alan (fərdi istehlakının ödənilməsi məqsədi ilə alan fiziki şəxslər istisna olmaqla) şəxslər həmin malların əldə edilməsini təsdiq edən müvafiq sənədləri bu sahədə nəzarəti həyata keçirən Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər. "Qeyd olunanlarla əlaqədar, satış (iaşə) obyektlərinizdə hal-hazırda qalıqda olan və 1 yanvar 2016-cı il tarixədək alacağınız aksiz markası ilə markalanmalı olan malların inventarizasiyasının aparılması və həmin malların sənədləşməsinin 1 yanvar 2016-cı il tarixinədək yuxarıda göstərilən tələblərə uyğunlaşdırılması tövsiyə olunur. Əks təqdirdə inizibati və cinayət məsuliyyətinə səbəb ola biləcək cəzalara məruz qala bilərsiniz ki, bu halda da məsuliyyət Sizin üzərinizdə qalacaq". Vətəndaşlar yaranan suallarla əlaqədar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə müraciət edə bilərlər. Geri dön |