Ana Sayfa > Manşet / Ölkə / Seçilənlər-2 > Neftçala həqiqətləri – regional inkişafın müasir modeli
Neftçala həqiqətləri – regional inkişafın müasir modeli14-08-2018, 14:22. Yazar: sevinc1 |
Rayon İcra Hakimiyyətinin rəhbərliyi sakinlərin sosial problemlərinin həllini bilavasitə diqqət mərkəzində saxlayır Məlumdur ki, istənilən bir ölkənin, eləcə də bu ölkə daxilində yerləşən hər hansı inzibati ərazi vahidinin iqtisadi inkişaf səviyyəsinin əsas göstəricilərindən biri kimi ilk növbədə həmin ərazidə yaşayan sakinlərin rifah səviyyəsi, onların əhatə olunduqları sosial-məişət şəraiti çıxış edir. Əgər hansısa bir şəhər və ya rayonda inşaat işləri gedirsə, yollar, kommunikasiya xətləri çəkilirsə, su və kanalizasiya, elektrik enerjisi, təbii qaz təchizatı xətləri yenilənirsə, həm də bu istiqamətdə işlər davamlı olaraq həyata keçirilirsə, bu o deməkdir ki, həmin bölgədə iqtisadi inkişaf var. Bu baxımdan son illər Neftçala rayonu da öz simasını xeyli dəyişib. Birmənalı olaraq demək olar ki, Neftçala hazırda iqtisadiyyatının xüsusilə dinamik inkişafı ilə diqqəti cəlb edir. Bu gün regionların inkişaf etdirilməsinə dair Dövlət Proqramının tələblərindən irəli gələrək, təkcə Neftçala şəhərində deyil, həm də rayonun qəsəbə və kəndlərində sosial binaların tikintisi, yolların çəkilməsi, abadlıq işlərinin görülməsi böyük vüsətlə həyata keçirilir. Qeyd etmək lazımdır ki, bu gün məhz Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyevin səmərəli idarəetmə təcrübəsi, onun ölkə rəhbərliyi tərəfindən müəyyən edimiş iqtisadi islahatlar kursunu uğurla həyata keçirmək bacarığı rayonun bütün sahələrində dinamik inkişafın getdikcə sürətlənməsini təmin edən əsas amillərdən biri kimi çıxış edir.Təbii ki, iqtisadi inkişafdan danışarkən sadəcə ümumi ifadələrə deyil, konkret rəqəmlərə istinad etmək daha məqsədəuyğundur. Elə 13 iyul 2018-ci il tarixində Neftçala rayonunda keçirilmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və Neftçala Rayon İcra Hakimiyyətinin qarşısında duran məsələlərə həsr olunmuş hesabat-yığıncağında da bir çox ürəkaçan faktlar məhz rəqəmlərlə ifadə olunmuşdu. Rayondaxili istehsalın həcmi artır 2018-ci ilin birinci yarısında rayonun iqtisadiyyatında istehsal olunmuş ümumi məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 6,0 % artmışdır. Hesabat dövründə ümumi məhsul istehsalı 163 milyon 200 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 milyon 300 min manat çoxdur. Ümumi məhsulun tərkibində sənaye məhsulu 19 milyon manat və ya ümumi məhsulun 11,6 %-i qədər, kənd təsərrüfatı 72 milyon 880 min manat və ya 44,7 %, tikinti işlərinin həcmi 36 milyon 845 min manat və ya 22,6 %, nəqliyyat xidməti 1 milyon 139 min manat və ya 0,7 %, rabitə xidməti 379 min manat və ya 0,2 %, ticarət, iaşə və nəqliyyat vasitələrinin təmiri sahələrinin həcmi 33 milyon manat və ya 20,2 %, olmuşdur. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 2017-ci ilin birinci yarısına nisbətən 3,4 % artaraq 75,0%-ə çatmışdır. Adambaşına 1873,0 manatlıq məhsul istehsal edilmişdir ki, bu göstərici 2017-ci ilin müvafiq dövrünə nisbətən 6,0 % çoxdur. Aqrar sahənin dinamik inkişafı davam edir Məlum olduğu kimi, Azərbaycanın iqtisadiyyatında aqrar sahə xüsusi çəkiyə malikdir. Təbii ki, müasir dövrümüzdə ərzaq təhlükəsizliyinin dövlətlər üçün artıq strateji əhəmiyyət kəsb etdiyini nəzərə alsaq, ölkəmizdə məhz kənd təsərrüfatının da inkişafının bir zərurət olduğunu görərik. Neftçala rayonunda 2018-ci ilin altı ayında əvvəlki illərdə olduğu kimi aqrar sahə də öz dinamikliyini qoruyub saxlamışdır. 2018-ci ilin məhsulu üçün 51 min 132,0 hektar sahədən 120 min 725 ton taxıl istehsal edilmiş, hər hektardan orta hesabla 23,6 sentner məhsul toplanmışdır. Hesabat dövründə yazlıq bitkilərin kütləvi əkini əsasən başa çatmışdır. 8110,8 hektar sahədə yazlıq bitkilər əkilmişdir ki, bunun da 86,0%-i pambıq sahələrinin payına düşür. Dövlət başçısının tapşırığına əsasən rayonda 7000 hektar sahədə pambıq əkilmişdir. Ümumilikdə rayon üzrə 979 mülkiyyətçi “MKT İK” MMC ilə 2342,5 hektar, “Azərpambıq” MMC ilə 201,8 hektar, “Neftçala kənd təsərrüfatı” MMC ilə 1000 hektar və “Neftçala Taxıl” ASC ilə isə 3455,7 hektar sahədə müqavilə bağlanmışdır. Hal-hazırda pambıq sahələrində becərmə işləri davam etdirilir. Heyvandarlığın inkişafı sahəsində müsbət irəliləyişlərə nail olmaqla 2018-ci ilin altı ayında iri buynuzlu mal-qaranın baş sayı 44 min 129 baş, qoyun və keçilərin baş sayı 143 min 103 başa çatdırılmışdır. Göstərilən dövrdə diri çəkidə 6607,0 ton ət, o cümlədən 4610,0 ton quş əti, 10774,0 ton süd, 5 milyon 504 min ədəd yumurta, 283,0 ton yun istehsal olunmuşdur. Ənənəvi sənaye sahələrinin inkişafı xüsusi diqqət mərkəzindədir Neftçala rayonu Aran iqtisadi rayonuna daxil olan 18 rayondan biridir. Rayon ənənəvi olaraq neft, qaz və balıqçılıqla tanınmışdır. Burada neftçıxarma sənayesi, Bankə balıq kombinatı, yod-brom zavodu, konserv və balıqyetişdirmə zavodları və başqa müəssisələr fəaliyyət göstərir. Rayonun ən böyük sənaye müəssisələrindən biri olan “Neftçala Əməliyyat” şirkəti 2018-ci ilin 6 ayında 16,3 min ton neft, 0,7 milyon kub.metr qaz hasil etmişdir. Keçən ilin eyni dövrü ilə müqayisədə neft və qaz hasilatı 0,7 % artmışdır. Neftçala Sənaye Məhəlləsinin rezidentləri tərəfindən 96 ədəd avtomobil, 179 ton yem , 76 komplekt pivot sistemlərinin detalları, 7 ədəd kənd təsərrüfatı qoşquları, 40 min ədəd yod istehsalı üçün filtr gövdəsi, 111 min 23 ədəd plastik tara, 60 ton polietilen boru və digər məhsullar istehsal olunmuşdur. “Azər-Yod” MMC-də cari ilin hesabat rübündə 48,0 ton “T” markalı yod istehsal olunmuşdur. 2018-ci ilin birinci yarısında rayonda fəaliyyət göstərən nərəbalıqartırma zavodları tərəfindən 4 milyon 440,0 min ədəd nərə cinsli, 955 min ədəd uzunburun körpəsi yetişdirilərək ümumilikdə 5 milyon 395,0 min ədəd nərə cinsli balıq körpələri Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılmışdır. Yeni iş yerləri açılır Rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və işəgötürən fiziki şəxslərlə birlikdə Rayon Məşğulluq Mərkəzi 27 iyun 2018-ci il tarixdə qeyri-məşğul əhalinin sosial müdafiəsinin təmin edilməsində aktiv məşğulluq tədbirlərinin biri olan “Əmək Yarmarkası” keçirmişdir. Təşkil olunmuş “Əmək Yarmarkası”nda 38 müəssisə 284 boş iş yeri ilə iştirak etmişdir. Yarmarkada 31 nəfər işaxtaran vətəndaşa daimi iş yerlərinə göndəriş verilmişdir. Hesabat dövründə Rayon Məşğulluq Mərkəzi tərəfindən 159 nəfər iş axtaran vətəndaş daimi iş yerləri ilə təmin olunmuş, 3 nəfərə işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmişdir. 2018-ci ilin birinci yarısında rayonda 10 yeni müəssisə yaradılmış, 260 fiziki şəxs fəaliyyətə başlamışdır. Yeni yaradılmış müəssisələr üzrə 10, fiziki şəxslər üzrə 260, mövcud müəssisə və təşkilatlarda 118 olmaqla cəmi 388 daimi yeni iş yeri açılaraq işsiz və iş axtaran vətəndaşlar işlə təmin olunmuşdur. Rayonda aparılan tikinti-quruculuq və digər tədbirlər üzrə işlərə 318 nəfər, kənd təsərrüfatında mövsümü işlərə 6389 nəfər cəlb olunmuşdur. Yeni iş yerlərinin açılması istiqamətində müvafiq olaraq əlavə tədbirlər görülür. Yerli sakinlərin nominal gəlirlərində artım müşahidə olunur Hesabat dövründə Neftçala sakinlərinin nominal gəlirləri 146 milyon 323,0 min manat olmuş, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,7 % artmışdır. Adambaşına düşən nominal gəlirləri 5,5 % artaraq 1679,2 manat olmuşdur. Hazırda Neftçala rayonu üzrə bir işçinin orta aylıq əmək haqqı 291,3 manat təşkil edir. İlin əvvəlindən əhaliyə 114,9 milyon manatlıq istehlak malları satılmış və xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 5,7 % artaraq 98,9 milyon manata, pullu xidmətlərin həcmi 4,1 % çoxalaraq 13,9 milyon manata çatmışdır. Əhaliyə satılmış istehlak mallarının 49,6 % ərzaq, 50,4 % -isə qeyri-ərzaq malları olmuşdur. 2018-ci il üçün rayonun yerli gəlirləri və xərcləri 6 milyon 448,0 min manat təsdiq olunmuşdur. 2018-ci ilin 6 ayı ərzində büdcəyə 2 milyon 922,2 min manata qarşı 3 milyon 216,3 min manat vəsait daxil olmuş və ya 110 % icra olunmuş, yerli xərclər 2 milyon 9867,5 min manata qarşı 2 milyon 574,9 min manat və ya 90 % icra olunmuşdur. 01 iyul 2018-ci il tarixə pensiya, sosial müavinət və təqaüd alanların sayı 14368 nəfər olmuşdur. Ünvanlı dövlət sosial yardım alanların sayı 520 ailə olmuş, 137 kimsəsiz ahıl və əlillərə sosial məişət xidməti göstərilmişdir. Pensiya və müavinətlər əhaliyə vaxtında çatdırılmışdır. Rayon rəhbərliyi sakinlərin sosial problemlərinin həllini bilavasitə diqqət mərkəzində saxlayır Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev tərəfindən yerlərdə əhali ilə əlaqələri möhkəmləndirmək, onları narahat edən sosial problemlərin öyrənilməsi və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar müntəzəm səyyar görüş və qəbulların keçirilməsi daim diqqət mərkəzində olmuşdur. Bununla bağlı Rayon İcra Hakimiyyəti başçısının səyyar görüş və qəbulların keçirilməsi üçün illik qrafik tərtib olunmuşdur. 2018-ci ilin 6 ayında tərtib olunmuş qrafikə uyğun olaraq Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 20 səyyar görüş və qəbul keçirilmiş və bu görüşlərdə 2216 nəfər iştirak etmişdir. Vətəndaşlar tərəfindən qaldırılan tənqidi qeyd və təkliflər nəzarətə götürülmüş, həlli istiqamətində aidiyyəti üzrə müvafiq yuxarı orqan və təşkilatlar qarşısında məsələlər qaldırılmış və həlli yerlərdə mümkün olan problemlərin aradan qaldırılması ilə əlaqədar tədbirlər həyata keçirilmişdir 2018-ci ilin birinci yarısında Rayon İcra Hakimiyyətinə vətəndaşlar tərəfindən 334 müraciət daxil olmuşdur ki, bundan 266 müraciət ərizə, 68 müraciət şikayət xarakterli olmuşdur. Daxil olan müraciətlərdən 326 müraciət nəzarətə alınmadan, 8 müraciət nəzarət qaydasında araşdırılmışdır. Hesabat dövründə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 105 nəfər vətəndaş qəbul edilmişdir. O cümlədən, Rayon İcra Hakimiyyəti başçısı aparatında 41 nəfər, səyyarı qəbullarda 64 nəfər vətəndaş qəbul edilmişdir. Təbii ki, bütün bu tədbirlər son nəticədə ölkə rəhbərliyi tərəfindən qəbul olunmuş regionların inkişaf etdirilməsinə dair Dövlət Proqramının səmərəli icrasına xidmət edən amillər kimi çıxış edirlər. Məhz elə bu səbəbdən də cənab İsmayıl Vəliyevin fəaliyyəti Dövlət Proqramlarının icrası baxımından yerli ictimaiyyət tərəfindən də kifayət qədər yüksək qiymətləndirilir. Rayon sakinlərinin rəyinə görə, məhz İsmayıl Vəliyevin bu rayona başçı təyin olunduğu vaxtdan bəri, Neftçalanın əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır. aia.az Mahir Əsədov Geri dön |