Ana Sayfa > Ölkə > Yol polisi qayda pozmuş sürücü kimi qayda pozur - Dayanma, durma qaydalarını pozanları kim cərimələməlidir?..
Yol polisi qayda pozmuş sürücü kimi qayda pozur - Dayanma, durma qaydalarını pozanları kim cərimələməlidir?..27-07-2018, 16:39. Yazar: sevinc1 |
Prezident İlham Əliyevin iyulun 6-da imzaladığı Fərmanla Dövlət Yol Polisinin (DYP) bir sıra səlahiyyətləri Bakı Nəqliyyat Agentliyinə (BNA) verilib. Fərmanla Bakı şəhərinin inzibati ərazisində, parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması BNA-ya həvalə edilib. Qeyd olunub ki, Daxili İşlər Nazirliyilə birlikdə həmin xüsusi texniki vasitələrin Nazirliyin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə inteqrasiya olunması təmin edilməlidir. Həmçinin, Agentlik dayanma, durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitələrinin İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada mühafizə edilən duracağa aparılması xidmətini təşkil və təxliyə xidmətinin həyata keçirilməsinə nəzarət etməlidir. Bu Fərmanda nəzərdə tutulmuş tapşırıqların icrası, həmçinin nəqliyyat axınının tənzimlənməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin Füzuli və Mirzağa Əliyev küçələri arasında və Neftçilər prospektində - Hökumət Evinin qarşısında yerləşən yeraltı avtomobil qarajları bir ay müddətində Bakı Nəqliyyat Agentliyinin balansına verilib. Fərmanda qeyd olunur ki, BNA parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir. Fərman qanuni qüvvəyə minsə də, onun icrası üçün mexanizm yoxdur. Eyni zamanda, qanunun tətbiqi üçün İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişiklik edilməlidir. Fərman iyulun 11-dən etibarən qüvvədədir. Amma müşahidələr göstərir ki, yol polisləri hələ də dayanma, durma və parklama qaydalarını pozan sürücülərə protokol tərtib etməyə, cərimə yazmağa davam edirlər... Məntiqlə dayanma, durmaya görə qayda pozan sürücünün ona protokol tərtib edən yol polisi əməkdaşına etiraz etmək hüququ var. Çünki bu səlahiyyət yol polisindən alındığından, polis də sürücü kimi qayda pozmuş sayılır. Modern.az saytı diqqətdən yayınan və sürücülər üçün böyük əhəmiyyət kəsb edən məsələyə aydınlıq gətirməyə çalşıb. Agentlik sürücüləri cərimələmək üçün hazırlıq görür Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Modern.az-a məsələdən xəbərdar olduqlarını deyib: O qeyd edib ki, hazırda dövlət başçısının məlum fərmanından irəli gələn müəyyən hüquqi prosedurlar icra edilir: “Eyni zamanda bildiyiniz kimi, parklanma yerlərinin idarə edilməsi ilə bağlı müvafiq qurumlarla BNA arasında təhvil-təslim işləri aparılır. Bütün bu qeyd edilən tədbirlər yekunlaşdıqdan sonra konkret addımların atılmasına başlanılacaq. Məqsədimiz maarifləndirmə yolu ilə insanlarımızı dayanma, durma, parklanma qaydalarına əməl etməyə sövq etməkdir. Ən əsası, şəhərdə bütün hərəkət iştirakçıları üçün rahat şəraitin yaradılmasıdır”. “Mexanizm hazırlanır” Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Modern.az-a deyib ki, hazırda mexanizmin hazırlanması istiqamətində işlər gedir: “Bakı Nəqliyyat Agentliyi dayanma, durma, parklanma qaydalarını pozanları hansı şəkildə müəyyən edəcək - protokol yazacaq, fotosunu, yoxsa videosunu çəkəcək, onu hara ötürəcək və s. Əvvəlcə bunlar müəyyən olunmalıdır. Bütün bunlar üçün konkret texniki vasitələr quraşdırılmalıdır. Xarici təcrübədən bilirik ki, bu qurğular pozuntunu avtomatik olaraq çəkir və ümumi mərkəzə ötürür. Yəqin ki, bizdə də belə olacaq, məlumatlar bizim bazaya ötürüləcək. Bunlar mənim ehtimallarımdır”. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək V.Əsədov həmçinin deyib ki, yeniliklərin tətbiqi üçün İnzibati Xətalar Məcəlləsinə (İXM) də dəyişiklik edilməlidir: “İnanıram ki, bu qərar müsbət nəticələr əldə etməyə imkan verəcək. Fərq etməz bu işi Dövlət Yol Polisi həyata keçirir, yaxud Bakı Nəqliyyat Aganetliyi. Hansı qurum həyata keçirəcəksə belə, nəticələrin müsbət olacağına inanıram. Bundan başqa, ərazidə polis əməkdaşının xidmət aparıb-aparmamasından asılı olmayaraq, hər bir sürücü dayanma, durma qaydalarına riayət etməlidir. Hər hansı sürücü qaydalara riayət etmədən digər nəqliyyat avsitəsinin hərəkətinə mane olursa, nə zamansa, özü kimi bir sürücü də onun yoluna çıxacaq”. V.Əsədov eyni zamanda deyib ki, dayanma, durma qaydalarını pozan sürücünün protokol tərtib edən polis əməkdaşına (6 iyul fərmanı ilə bu səlahiyyəti itirmiş sayılır) etiraz etmək hüququ var. “BNA ilə DYP birgə işləməlidir” Hüquqşünas-ekspert Ərşad Hüseynov Modern.az-a deyib ki, iyulun 11-dən qüvvədə olan qanuna görə, Bakının inzibati ərazisində dayanma, durma və parklama qaydalarının pozulmasına görə məsuliyyətə cəlb etmək səlahiyyəti Bakı Nəqliyyat Agentliyinə verilib: “Dövlət yol polisi həmin tarixdən etibarən Bakı şəhərinin inzibati ərazisində sürücüləri dayanma, durma və parklama qaydalarına görə məsuliyyətə cəlb edə bilməz. Amma məsələ burasındadır ki, hazırda Bakı Nəqliyyat Agentliyinə bu məsələləri tənzimləməsi üçün müəyyən vaxt lazımdır. Yaxşı olar ki, mexanizm hazırlanana qədər BNA ilə yol DYP qarşılıqlı əməkdaşlıq şəraitində çalışsınlar. Çünki qayda pozan sürücüyə göz yummaq da doğru deyil. Əslində yaxşı olardı ki, qanun bütün mexanizm hazırlandıqdan sonra qüvvəyə minərdi. Ən azından sentyabr ayından. Amma indiki keçid döründə iki qurumun bigə çalışması ən optimal çıxış yoludur”. aia.az Geri dön |