Ana Sayfa > Manşet / Siyasət > Partiya sədrləri harda dincələcəklər? - “Məmurlar kimi xaricdə villamız yoxdur”
Partiya sədrləri harda dincələcəklər? - “Məmurlar kimi xaricdə villamız yoxdur”25-07-2018, 10:14. Yazar: sevinc1 |
Yay fəsli gələr-gəlməz hər kəs istirahət üçün məkan axtarır. Kimisi ölkə xaricinə üz tutur, kimisi də Azərbaycanın səfalı guşələrinə gedib ağır iş günlərinin yorğunluğunu çıxarır. Siyasi partiyaların liderləri harda dincələcəklər? Modern.az saytı bu sualla bir neçə siyasi təşkilat sədrinə müraciət edib. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu: “Ağdamın işğal günündə bir sıra partiya nümayəndələri, Qarabağ Azadlıq Təşkilatının iştirakı ilə Şəhidlər xiyabanını ziyarət etdik. Yəni burdayıq, fəaliyyətimizi istirahətsiz davam etdiririk. Bunda da hər hansı problem görmürük, iş başındayıq”. Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev: “Vallah, bizim nə imkanımız var, nə də xaricdə villamız, ya da başqa yerlərdə evlərimiz... Kirayədə qalan insanlarıq, ona görə dincəlməyə də şərait yoxdur. Yayın qaynar havasına baxmayaraq, biz siyasətlə məşğuluq. Payızda mitinqlərə hazırlıq işlərinə başlamışıq. Məmurlar, onların balaları kimi xarici dövlətlərdə ya da Azərbaycanın dilbər guşələrində villamız yoxdur. Yayın bu istisində yaşadığımız kirayə evdə çürüyürük. Biz bu dövlətin nökəriyik. Elə düşünürlər ki, ömür boyu onlara xidmət etməliyik. Bu da yanlışdır. Hər halda ciddi siyasi mübarizəyə hazırlaşırıq. Zamanında bütün Azərbaycan xalqı hər şeyi görəcək. İndi isə dincələ bilmirik. Mitinqləri sentyabr-oktyabr aylarına nəzərdə tutmuşuq. Ölkədəki müəyyən vəziyyətlə bağlı ciddi hazırlıq davam edir”. Azərbaycan Xalq Cəbhəsi Partiyasından ayrılan qrupun rəhbəri Razi Nurullayev: “Qohumlarımın dəvəti ilə qonşu ölkələrin birində müalicə məqsədi ilə 10 günlük tətildə oldum və dönmüşəm. Hazırda iş başındayam. Tam olaraq istirahət etmək alınmır. Amma açığı istərdim ki, 30 gün telefonsuz və ölkədən kənar bir istirahətim olsun. Nə zəng olsun, nə iş, nə də digər narahatlıq. Bunu edə bilərəm, əslində bəlkə də bunu özümə rəva görə bilmərəm. Ölkədə problemlər və narahatlıqlar çoxdur. İstərdim ki, ölkədə elə bir sığorta sistemi yaransın ki, hər bir Azərbaycan vətəndaşı istirahət edə bilsin, dövlət hesabına müalicə üçün sanatoriyalara gedə bilsin”. AĞ Partiyanın sədri Tural Abbaslı: “Ümumiyyətlə bu tibbi cəhətdən də artıq sübut olunmuş və öz təsdiqini tapmış məsələdir ki, insan ən azı ildə bir dəfə məzuniyyət götürüb istirahət etməlidir. Bu istirahətlər həm tibbi- psixoloji, həm də verimlilik baxımından faydalıdır. Təbii ki, mən də hər il ən azından yayda istirahət etməyə çalışıram. Ancaq bu nə dərəcədə alınır, onu deyə bilmırəm. Çünki normal istirahət üçün vaxt və maliyyə kimi amillər önəmlidir. Azərbaycan reallığında isə bunları bir araya gətirmək hər zamanda rahat olmur. Odur ki, mən demək olar, hər il yayda mütləq öz rayonumuz olan Ağstafaya getməyə və azı 1 həftə istirahət etməyə çalışıram. Hələlik bu yay gedə bilməmişəm. Üzümüzə gələn ayda bunu planlaşdırıram. Ancaq nəzərə alsaq ki, texnoloji inkişafın məhsulu olan smart telefonlar və s. də bizimlə birlikdə olurlar, o zaman buna da tam istirahət demək olmaz. Yəqin bu da 21-ci əsrin və inkişafın ödəməli olduğumuz bədəlidir”. Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev: “Hazırda istirahətdəyəm. Azərbaycan bölgəsinə, Qusar rayonuna üstünlük verdim”. aia.az Geri dön |