Ana Sayfa > Manşet / Ölkə > Şəhər və rayonlarda paylayıcı şəbəkələr yenidən qurulacaq

Şəhər və rayonlarda paylayıcı şəbəkələr yenidən qurulacaq


23-07-2018, 15:11. Yazar: sevinc1
Şəhər və rayonlarda paylayıcı şəbəkələr yenidən qurulacaq


Respublikanın şəhər və rayonlarında paylayıcı elektrik şəbəkələri yenidən qurulacaq.

Bu barədə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyətinə dair 2017-ci il üzrə monitorinq və qiymətləndirmə hesabatında deyilir.

Bildirilir ki, “Azərbaycan Respublikasının şəhər və rayonlarında paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması və inkişaf etdirilməsi üçün 2016-2025-ci illər üzrə Tədbirlər Planı (Master Plan)” hazırlanaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Ölkə üzrə elektrik enerjisinin ötürülmə və paylanma sistemi ilə bağlı təhlillər aparılıb. Bakı şəhərində 110 kilovoltluq dairəvi elektrik təchizatı sisteminin yaradılması istiqamətində təkmilləşdirmə işlərinin davamı olaraq “Ağ Şəhər” layihəsinin 1-ci hissəsi üzrə “Həzi Aslanov” və “Ağ şəhər-1” yarımstansiyaları arasında 2 dövrəli 110 kilovoltluq kabel xətləri quraşdırılıb. Bakı şəhərini elektrik enerjisi ilə təmin edən 220 kilovoltluq “Səngəçal”, “Müşfiq”, “Xırdalan”, “Nizami”, “Hövsan” qovşaq yarımstansiyaları və Şimal Elektrik Stansiyası öz aralarında əlaqələndirilərək “Azərişıq” ASC tərəfindən 110 kilovoltluq 6-cı yeni dairəvi təchizat sxemi yaradılıb. 110 kilovoltluq yarımstansiyalarda yüklərin bir mənbədən digər mənbəyə ötürülməsi üçün 35 kilovoltluq dairəvi elektrik təchizatı sisteminə yeni yaradılan 67 ədəd elektrik təchizat sxemi daxildir. Bununla yanaşı, “Azərişıq” ASC-nin yarandığı dövrdən respublikanın 28 rayonu 110 və 35 kilovoltluq yeni yaradılan dairəvi elektrik təchizat sxemləri vasitəsilə əlaqələndirilib. Üç ədəd 110 kilovoltluq yarımstansiya SCADA sisteminə qoşulub. Paylayıcı şəbəkənin idarə olunması imkanlarının daha da genişləndirilməsi və təkmilləşdirilməsi üçün mövcud SCADA sistemi bazasının imkanlarının artırılması işləri həyata keçirilib.

Bundan başqa, tarif dəyişikliklərinin elektrik sərfiyyatına təsirini qiymətləndirmək məqsədilə 2016-cı ilin ilk 9 ayı ilə 2017-ci ilin eyni dövrü üzrə elektrik enerjisi istehlakının səviyyəsi müqayisəli şəkildə təhlil edilib. Müqayisə edilən dövrdə əhali istehlakçı qrupu üzrə elektrik enerjisi istehlakının ümumi səviyyəsi 7,3 faiz (415 milyon kilovat-saat) enib, qeyri-əhali istehlakçı qrupu üzrə isə 4,8 faiz (335 milyon kilovat-saat) yüksəlib. Diferensial tariflərin tətbiqi əhali istehlakçı qrupunu elektrik enerjisindən daha səmərəli və qənaətli istifadəyə təşviq edib. Nəticədə, müqayisə edilən dövrdə əhali abonentlərinin orta aylıq istehlakı 249 kilovat-saata enib. Ümumilikdə, qiymətqoyma mexanizmlərindəki dəyişikliklər daxili tələbatda əhali üzrə istehlak həcminin azalmasına səbəb olsa da, ölkə iqtisadiyyatının inkişafı baxımından qeyri-əhali üzrə artım müşahidə olunur.


Ölkədəki elektrik stansiyalarının potensialından səmərəli istifadənin təmin edilməsi məqsədilə tədbirlər planı da hazırlanıb.

Bildirilir ki, elektrik enerjisi ixracının əsaslandırılması məqsədilə elektrik enerjisinin istehsalı üçün yanacaq və digər xərclər, gömrük xərcləri, tranzit xərcləri və bazarda iştirak etmək üçün xərclər təhlil edilib. Eyni zamanda, təbii qazın həmin qonşu ölkələrin topdansatış bazarına çıxarılması xərcləri də qiymətləndirilib.

Region ölkələrinin elektrik enerjisinə tələbatının proqnoz qiymətləri, generasiya güclərinin inkişafı, elektrik enerjisinin mümkün qiymətləri üzrə araşdırmalar aparılıb. Müəyyən edilib ki, həmin ölkələrdə elektrik enerjisi idxal-ixrac proqramları və adıçəkilən ölkələrdə elektrik enerjisinin topdansatış proqnoz qiymətləri yaxın gələcəkdə qeyd olunan ölkələrə elektrik enerjisinin ixracını aktual edə bilər.

Həmçinin elektrik stansiyalarının potensialından səmərəli istifadənin təmin edilməsi məqsədilə tədbirlər planı hazırlanıb və müvafiq təkliflər Nazirlər Kabinetinə təqdim edilib.

aia.az
Geri dön