Ana Sayfa > Ölkə > Nazirlik Füzulidə müşavirə keçirib

Nazirlik Füzulidə müşavirə keçirib


19-07-2018, 11:29. Yazar: sevinc1
Nazirlik Füzulidə müşavirə keçirib




Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Füzuli rayonunda “Pambığın becərilməsi üçün aqrotexniki tədbirlərin təşkili” mövzusunda müşavirə keçirilib.
Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxsləri, rayon rəhbərliyi, pambıqçılıqla məşğul olan fermerlər və mütəxəssislər iştirak ediblər. Tədbirdə Prezident İlham Əliyevin iştirakı ilə martın 26-da Bərdədə keçirilən “Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi”ndə verilən tapşırıqların icrası məsələləri müzakirə olunub.

Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov ölkədə pambıqçılığın inkişafına dair Dövlət Proqramı çərçivəsində nazirliyin qarşısında duran vəzifələr barədə danışıb, proqramdan irəli gələn vəzifə və tapşırıqların icra vəziyyəti barədə məlumat verib. Nazir müavini bildirib ki, nazirliyin üzərinə düşən vəzifələrin icrası ilə əlaqədar tədbirlər mütəmadi olaraq davam etdirilir, belə tədbirlərdən biri pambıqçılıq rayonlarında keçirilən müşavirələrdir. Müşavirələrdə müasir becərmə üsulları, pambıq yığımında texnikadan istifadə, mövcud problemlər müzakirə olunur, fermerlərin təklifləri dinlənilir.



Tədbirdə çıxış edən şəxslər pambıqçılığın inkişaf etdirilməsi üçün təkliflərini səsləndiriblər. Müşavirədən sonra nazirlik rəsmiləri fermer təsərrüfatlarına baş çəkiblər, sahələrdə pambığa aqrotexniki qulluq qaydalarına necə riayət olunması ilə yerindəcə tanış olublar.

Ağdan rayonunda da analoji mövzuda müşavirə keçirilib. Müşavirədə çıxış edən nazir müavini Seyfəddin Talıbov regional aqrokimya laboratoriyalarının yaradılmasının vacibliyinə diqqət çəkib, son illər ərzində 11 belə laboratoriyanın qurulduğunu və ən müasir avadanlıqlarla təchiz olunduğunu xatırladıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov iştirakçılar qarşısında “Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsi” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda pambığın əhəmiyyəti, Azərbaycanda becərilən pambıq sortları, dondurma şumu, arat, toxumluq çiyidin səpinə hazırlanması, səpinin aparılması qaydaları, pambığın becərilmə texnologiyası, seyrəltmə, kətmənləmə, kultivasiya barədə məlumatlar yer alıb. İmran Cümşüdov fermerləri pambıq əkini zamanı toxum seçiminə diqqətlə yanaşmağa, əkin zamanı növbəlik prinsipinə mütləq əməl etməyə çağırıb.

Müşavirədə fermerlərin sualları cavablandırılıb, təkliflər dinlənilib.

aia.az
Geri dön