Ana Sayfa > Siyasət > Xarici İşlər Nazirliyi bəyanat yaydı - Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında yeni səhifə açıldı

Xarici İşlər Nazirliyi bəyanat yaydı - Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında yeni səhifə açıldı


11-07-2018, 16:16. Yazar: sevinc1
Xarici İşlər Nazirliyi bəyanat yaydı - Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında yeni səhifə açıldı


Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Modern.az-a daxil olan bəyantda bildirilib:


"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10-12 iyul 2018-ci il tarixlərində Belçika Krallığının paytaxtı Brüssel şəhərində işgüzar səfərdədir.


Brüsselə səfər çərçivəsində Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının mənzil-qərargahında oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk görüşdülər və görüş əsnasında Azərbaycan və Avropa İttifaqı arasında hərtərəfli əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsi apardılar.


Prezident İlham Əliyev və Prezident Donald Tuskun müşayiəti altında Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Federika Moqerini tərəfindən Avropa İttifaqı və Azərbaycan arasında Tərəfdaşlıq Prioritetləri Sənədi paraflandı.


Tərəfdaşlıq Prioritetləri sənədinin 1-ci bəndində təsbit olunduğu kimi Avropa İttifaqı və Azərbaycan qarşılıqlı maraqlar və dəyərlər, həmçinin bir-birilərinin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, müstəqilliyi və suverenliyinə münasibətdə hörmət və dəstəyə öhdəliklər əsasında Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə birgə tərəfdaşlıq prioritetlərini razılaşdırdılar. Sənəddə qeyd olunduğu kimi, Tərəfdaşlıq Prioritetləri 2018-2020-ci illəri əhatə edir və tərəfdaşlığın bərabərhüquqlu və qarşılıqlı xarakter daşıdığını özündə əks etdirir.


Sənəddə həmçinin, Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi siyasəti və geniş iqtisadi islahatlar proqramı, Avropa İttifaqının həm neft, həm də qeyri-neft sektoru daxil olmaqla ölkəmizə qoyulan birbaşa xarici sərmayələrin yarısına pay sahibi olaraq əsas investisiya tərəfdaş olması qeyd olunur. Azərbaycan və Avropa İttifaqının birbaşa enerji və nəqliyyat uzlaşmaları yaratmaq kimi birgə strateji məqsədlərini nəzərə alaraq, Tərəfdaşlıq Prioritetləri sənədi Azərbaycanın strateji enerji tərəfdaşı rolunu, coğrafi mövqeyinə görə təbii nəqliyyat qovşağı olaraq bağlantıları genişləndirmək, ticarət və logistikanı inkişaf etdirmək və regionda Şərq-Qərb və Şimal-Cənub nəqliyyat layihələrini inkişaf etdirmək kimi imkanlar təqdim etdiyi vurğulanır. Cənub Qaz dəhlizinin yekunlaşması və vaxtında Azərbaycan qazının Avropa bazarlarına çatdırılması da sənəddə əsas prioritet istiqamətlər kimi təsbit olunub. Tərəfdaşlıq Prioritetləri yaxşı idarəçilik, mobillik və insanlararası əlaqələr, mədəniyyətlərarası dialoq, humanitar və təhsil və digər qarşılıqlı maraq doğuran əsas sahələrdə əməkdaşlığı ehtiva edir.


Prezident İlham Əliyevin 2017-ci ildə Avropa İttifaqına səfəri və onun ardınca Avropa İttifaqının yüksək səviyyəli nümayəndə heyətlərinin Azərbaycana səfərləri Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında yeni səhifə açıb. Tərəfdaşlıq Prioritetləri, “20 Deliverables for 2020” və tərəfdaşlıq sazişinin tezliklə yekunlaşdırılması ilə digər layihələr Avropa İttifaqı və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafı üçün mühüm zəmin və hərtərəfli çərçivə yaradır.


Tərəfdaşlıq Prioritetləri sənədində qeyd olunduğu kimi, Avropa İttifaqı tərəfindən növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, o cümlədən sərhədlərinin toxunulmazlığına hörmət və dəstəyin ifadə olunmasını təqdir edirik.

Beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı əsasında dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmət edilməsi və dəstək beynəlxalq münasibətlərin əsasını təşkil edir, davamlı sülh və təhlükəsizliyi şərtləndirən vacib amildir".

aia.az
Geri dön