Ana Sayfa > Manşet / Ölkə > Qida Təhlükəsizliyi Dövlət Agentliyi – əhali getdikcə daha yüksək keyfiyyətli ərzaq məhsulları ilə təmin ediləcək

Qida Təhlükəsizliyi Dövlət Agentliyi – əhali getdikcə daha yüksək keyfiyyətli ərzaq məhsulları ilə təmin ediləcək


11-07-2018, 15:31. Yazar: sevinc1
Qida Təhlükəsizliyi Dövlət Agentliyi – əhali getdikcə daha yüksək keyfiyyətli ərzaq məhsulları ilə təmin ediləcək



Bu sahədə vahid idarəetmənin tətbiqi istehlakçı maraqlarının qorunmasına, ixrac və idxal proseslərində sənədləşmənin asanlaşmasına, idxal olunan qida məhsullarının təhlükəsizliyinə gətirib çıxaracaq

Məlum olduğu kimi, bu ilin yanvar ayının 1-dən etibarən ölkədə Qida Təhlükəsizliyi Dövlət Agentliyi fəaliyyətə başlayıb. Agentlik qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, risklərin təhlilini, qida məhsullarının və onları qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsini, baytarlıq, bitki mühafizəsi və karantini sahələri istisna olmaqla, məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi, ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi də daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirəcək. Maraqlıdır ki, ötən ilin sonlarınadək bu funksiyalar bir neçə qurum arasında bölünmüşdü. Bunlardan ən önəmliləri kimi də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi Yanında Fitosanitar Nəzarəti Xidməti, Baytarlıq Nəzarəti Xidməti, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Qorunması üzrə Dövlət Xidməti və Dövlət Gömrük Komitəsini qeyd etmək olar. Lakin etiraf olunmalıdır ki, bütün bu qurumların pərakəndə fəaliyyəti heç də hər zaman istənilən nəticəni vermirdi. Əksinə, hər hansı xoşagəlməz hal baş verdiyi zaman, həmin bu qurumlar məsuliyyəti biri-digərinin üzərinə atmaqla sadəcə öz yaxalarını kənara çəkməyə çalışırdılar.

Heç şübhəsiz Qida Təhlükəsizliyi Dövlət Agentliyi fəaliyyətə başlaması ilə bütün bu neqativ hallara son qoyulacağı gözlənilirdi və aradan keçən yarım il ərzində müşahidə olunan müsbət tendensiyalar da bu gözləntilərin əsaslı olduğunu göstərir. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 25 dekabr 2017-ci ildə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsinə Qoşqar Təhməzli təyin edilib.





Qısa arayış:

Qoşqar İlahi oğlu Təhməzli 29 may 1970-ci ildə Zəngilan rayonunda anadan olub. 1977-1987-ci illərdə Nəsimi rayonu 5 saylı orta məktəbdə təhsil alıb. 1988-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Sanitariya və gigiyena fakültəsinə daxil olub, 1994-cü ildə isə İnstitutu həkim-gigiyenist ixtisası üzrə bitirib. 1992-ci ildə Azərbaycan Respublikasının azadlığı və ərazi bütövlüyünün müdafiəsi uğrunda Qarabağda gedən döyüşlərdə fəal iştirak etmiş, “Müharibə veteranı” statusuna layiq görülmüşdür.

1994-1996-cı illərdə Qərb Universitetinin Ümumbəşər Siyasət və İqtisadiyyat fakültəsinə daxil olaraq, oranı “Siyasi Elmlər Bakalavrı” dərəcəsi ilə bitirib. 1994-cü ildən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Bakı Şəhər Gigiyena və Epidemiologiya Mərkəzində həkim-interna vəzifəsində əmək fəaliyyətinə başlayıb və 1995-1997-ci illərdə Gigiyena və Epidemiologiya Mərkəzində həkim, 1997-2004-cü illərdə qidalanma şöbəsinin müdiri, 2004-2005-ci illərdə “Nəbz” Tibb Mərkəzinin baş direktoru, 2008-2016-cı illərdə isə “Medeks” MMC-də baş direktor vəzifələrində çalışıb.



Müxtəlif tibbi layihələr həyata keçirən Q. Təhməzli ölkə hüdudlarından kənarda da geniş fəaliyyət göstərmişdir. 2012-ci ildə isə Avropa Biznes Assambleyasının Vyana şəhərində keçirilən təqdimat mərasimində tibb, kosmetologiya və laboratoriyalar nominasiyasında “Ən yaxşı top-menecer” adına layiq görülüb.

Tibb elmləri üzrə fəlsəfə doktorudur. Elmi iş: "Qida məhsulları üzərində sanitar-parazitoloji monitorinqin təşkilinin və həyata keçirilməsinin epidemioloji effektivliyi".

Q. Təhməzli Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə "Tərəqqi” medalı ilə təltif edilib.

Bir çox ekspertlərin rəyinə görə, bu sahədə vahid idarəetmənin tətbiqi istehlakçı maraqlarının qorunmasına, ixrac və idxal proseslərində sənədləşmənin asanlaşmasına, idxal olunan qida məhsullarının təhlükəsizliyinə, sahibkarlıq subyektlərində yoxlamaların azaldılmasına gətirib çıxaracaq.

Eyni zamanda da agentliyin vəzifələrinə təhlükəli və kütləvi zəhərlənməyə (xəstəliklərə) səbəb olan, ölkədə istehsal edilən və ya ölkəyə idxal edilmiş qida məhsullarını dövriyyədən çıxarmaq, qida təhlükəsizliyi baxımından yaranmış fövqəladə vəziyyətin aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər görmək daxildir. Bu isə o deməkdit ki, agentlik ixrac edilən qida məhsullarının istehsalı və emalı müəssisələrində infrastruktur və məhsulların təhlükəsizlik meyarları üzrə ekspertizaların keçirilməsini təşkil edəcək. Belə ekspertizaların nəticələrinə uyğun olaraq, müəssisələrə təsdiqedici kod nömrələri, ixracatçılara qida təhlükəsizliyi sertifikatları veriləcək. Öz növbəsində bu tədbirlər də əhalinin qida zəhərlənmələri ilə qarşılaşma riskini minimuma endirəcək.

aia.az
Geri dön