Ana Sayfa > Manşet / Ölkə / Seçilənlər > Salyanda iqtisadi inkişafın yüksək dinamikası müşahidə olunur
Salyanda iqtisadi inkişafın yüksək dinamikası müşahidə olunur10-07-2018, 11:30. Yazar: sevinc1 |
Sevindik Hətəmov icra orqanlarının fəaliyyətini dövlət başçısının tövsiyə və tapşırıqlarının səmərəli icrasına düzgün istiqamətləndirib Bu gün iqtisadi inkişafın sürəti və dinamikası ilə diqqəti cəlb edən bölgələrimizdən biri də Salyan rayonudur. Təsadüfi deyildir ki, bu bölgədə indiyədək görülmüş və hal-hazırda da böyük ruh yüksəkliyi ilə həyata keçirilməkdə davam edən quruculuq işləri həm yerli ictimaiyyət, həm də ölkə rəhbərliyi tərəfindən kifayət qədər yüksək qiymətləndirilir. Əlbəttə ki, Salyanın iqtisadi inkişafı, sakinlərin rifah səviyyələrinin getdikcə artması ilk növbədə Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası yönümündə həm özünə, həm də digərlərinə qarşı son dərəcə yüksək tələbkarlıq nümayiş etdirməsi, işə məsuliyyətlə yanaşması və ən əsası da həmin vəzifələrin icrasını bilavasitə rayon sakinləri ilə sıx əməkdaşlıqda, vəhdətdə həyata keçirə bilməsi ilə təmin olunur. Qısa arayış: Hətəmov Sevindik Hacıağa oğlu 1963-cü il aprelin 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1980-ci ildə Güləbird kənd orta məktəbini bitirib. 1980-1981-ci illərdə Laçın rayonu Güləbird kənd orta məktəbində çilingər-montyor işləyib. 1981-1986-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Mühəndis- mexanik fakültəsində təhsil almışdır. 1987-ci ildə Laçın rayon Texniki Təhcizat Bazasında mühəndis, 1987-1989-cu illərdə Laçın rayon Texniki Təhcizat Bazasında böyük mühəndis, 1989-1990-cı illərdə Laçın rayon Maddi-Texniki Təhcizat və Mexanikləşdirmə İstehsalat Birliyində mühəndis, 1990-1997-ci illərdə Laçın rayon Təsərrüfathesablı Tikinti Quraşdırma Sahəsində rəis, 1997-1999-cu illərdə "Güzdək" daş karxanasında direktor, 1999-2005-ci illərdə "Güzdək-Günay" firmasında direktor vəzifəsində işləyib. 2005-2010-cu illərdə Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Bir müddət Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri olub. 2012-ci ilin mart, aprel aylarında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi, 2012-2016-cı illərdə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır . Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli Sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. Salyanda müşahidə olunan iqtisadi inkişafdan danışarkən ilk növbədə qeyd olunmalıdır ki, rayon rəhbərliyi bu inkişafı daha da sürətləndirmək, rayonun iqtisadiyyatını, sənaye və kənd təsərrüfatı potensialını gücləndirmək, tikinti-abadlıq, quruculuq işlərini davam etdirmək, yeni layihələrin icrasını təmin etmək, işsizliyi minumuma endirmək, yeni iş yerlərinin açılmasında, əhalinin məşğulluğunun təmin edilməsində təşəbbüsləri reallaşdırmaq kimi məsələləri prioritet istiqamətlər olaraq müəyyənləşdirməklə yanaşı, icra orqanlarının fəaliyyətini dövlət başçısının tövsiyə və tapşırıqlarının, Fərman və Sərəncamlarının icrasına yönəltmiş və bu istiqamətdə müsbət nəticələr əldə edə bilmişdir. Emal sənayesinin inkişafına xüsusi dəstək verilir Hazırda Salyanda kənd təsərrüfatının inkişaf etdirilməsi, yeni istehsal sahələrinin yaradılması istiqamətində davamlı olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir. Rayonda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun kreditləri və sahibkarların vəsaiti hesabına yeni istehsal və emal sənayesi sahələrinin yaradılması istiqamətində işlər aparılır. Belə ki, ölkə başçısı tərəfindən sahibkarlığın inkişafına yaradılmış münbit şəraitin nəticəsi olaraq rayonda “BRM üzüm” MMC, “Gilə” MMC, “Qaraçala” MMC, “Balacans” MMC, Qarabağlı kooperasiya və sair kimi iri təsərrüfatlar yaradılmışdır. Eyni zamanda Kürsəngi kəndində “NNEM Fermer təsərrüfatı” MMC tərəfindən illik istehsal gücü 100 min dekalitr olan şərab zavodunun və “Ələddin Fermer” MMC-nin illik istehsal gücü 600 ton olan meyvə qurutma müəssisəsinin, Qaraçala qəsəbəsində 2400 başlıq heyvandarlıq kompleksinin, Kür Qaraqaşlı kəndində “Nurgün Aqro” MMC-də 400 başlıq heyvandarlıq kompleksinin və 40 başlıq müasir tələblərə cavab verən kompüterləşmiş sağım sexinin tikintisi başa çatdırılmışdır. Əhalinin içməli su təminatı məsələsi diqqət mərkəzindədir Son iki il ərzində Salyan rayonunda əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatı baxımından da mühüm işlər görülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 20 iyun 2007-ci il tarixli “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Sərəncamına uyğun olaraq rayonun 43 yaşayış məntəqəsində (Salyan şəhəri Babazanlı yaşayış massivi, Şorsulu, Boranıkənd, Sarvan, Dayıkənd, Seyidlər, Bəydili, Marışlı, Seyidsadıqlı, Arbatan, Aşağı Kürkəndi, Xurşud, Kür Qaraqaşlı, Ərəbqardaşbəyli, Xocalı, Beştalı, Cəngan, Aşağı Noxudlu, Yuxarı Noxudlu, Çuxanlı, Parça Xələc, Seyidan, Xələc, Abadkənd, Yenikənd, Şəkərli, Həsənli, Qardili, Qarabağlı, Təzəkənd, Gomuşlu, Kolanı, Kərimbəyli, Qaraçala, Pambıqkənd, Bəşirbəyli, Yolüstü, Yeni Uluxanlı, Düzənlik, Birinci Varlı, İkinci Varlı, Peyk, Kürsəngi) modul tipli sutəmizləyici qurğular qurulub əhalinin istifadəsinə verilmişdir. Görülmüş işlər nəticəsində rayon ərazisində quraşdırılmış sutəmizləyici qurğular ümumilikdə 89612 nəfər kənd əhalisini ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmişdir. Bu da rayonun qəsəbə və kəndlərinin 89,5 % əhalisinin içməli su ilə təmin olunması deməkdir. Rabitə xidmətlərinin keyfiyyəti yüksəkdir Yenə də son iki il ərzində Salyan rayonunda əhalinin genişzolaqlı İnternet xidmətinə olan tələbatı nəzərə alınaraq şəhərin Mərkəzi EATS-də 1408 portluq, Plasmass yaşayış massivində əlavə 256 portluq «DESLAM» avadanlığı artırılmış, Qarabağlı kəndində 128 portluq, Çuxanlı kəndində 96 portluq, Noxudlu kəndində 48 portluq, Sarvan kəndində 48 portluq, Qaraçala qəsəbəsində 48 portluq, Yenikənd kəndində 48 portluq, Marışlı kəndində 48 portluq, Qalalı yaşayış massivində 96 portluq, Şorsulu kəndində 48 portluq, Qızılağac kəndində 24 portluq, İnşaatçılar yaşayış massivində 72 portluq, Babazanlı yaşayış massivində 80 portluq, Xalac kəndində 24 portluq, Xurşud kəndində 24 portluq, Dəmiryolçular qəsəbəsində 96 portluq yeni «DESLAM» avadanlığı quraşdırılmışdır. Qovşağın telefon şəbəkəsində 428 ədəd yeni telefon çəkilmiş, 1560 metr məsafədə iri tutumlu magistral kabellərdə, 8620 metr məsafədə kiçik tutumlu kabellərdə əsaslı təmir, 12890 metr məsafədə paylayıcı kabellərdə və hava rabitə xətlərində əsaslı və cari təmir işləri aparılmışdır. Bütün bu deyilənlərdən belə qənaətə gəlmək olur ki, Salyanda son iki il həqiqətən də müxtəlifliyi, rəngarəngliyi və ən əsası da sosial-iqtisadi baxımdan yüksək səmərəliliyi ilə seçilib. Yayımlanan xəbərlərdən isə məlum olur ki, Salyan RİH-nin və rayonun digər dövlət qurumlarının fəaliyyətlərində eyni intensivlik və dinamika cari ildə də davam etməkdədir. Heç şübhə etmirik ki, Salyan RİH-nin başçısı Sevindik Hətəmovun və bütün salyanlıların səyləri nəticəsində ən yaxın zamanlarda Azərbaycanımızın bu əsrarəngiz guşəsindən daha böyük, daha möhtəşəm uğur və nailiyyətlərin sorağını alacağıq! aia.az Sənan Vəliyev Geri dön |